Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Mədət Quliyevin “xarici təhlükə” açıqlamasına REAKSİYA

Mədət Quliyevin “xarici təhlükə” açıqlamasına REAKSİYA

Arzu Nağıyev: “Radikalizmlə bağlı təhdid nömrə birdir”

Milli Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Mədət Quliyev aprel 11-də prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bir sıra diqqətçəkən fikirlər səsləndirib. O, Azərbaycandan kənarda ölkəmizə qarşı siyasətin aparıldığının anonslarını verib.
Sitat: “Azərbaycanın daxilində heç bir təhlükə yoxdur. Yalnız ölkədən kənarda Azərbaycana qarşı siyasət aparanlar var. Bunun da qarşısı ölkə rəhbərliyi tərəfindən alınır”.
M.Quliyevin bu açıqlamalarından sonra xaricdən Azərbaycan əleyhinə hansı istiqamətlərdə siyasətin aparıldığı barədə müxtəlif mövqelər meydana çıxıb. Azərbaycana bir sıra ölkələr, eləcə də terror təşkilatları tərəfindən təhdid hallarının daha yüksək olduğu qənaətləri çoxluq təşkil edir.
Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev hər bir dövlət və onun milli təhlükəsizliyi üçün  təhdidlərin daim olduğunu söylədi: “Bu təhdidləri bir neçə kateqoriyaya bölə bilərik. Bu, iqtisadi, siyasi təhdidlər ola bilər. Dini qruplaşmalar tərəfindən təhdidlər olur. Bu gün məlum məsələdir ki, daxildə əməliyyat şəraitinə tam nəzarət olunduğu üçün Azərbaycan təhdidlərin çoxundan sığortalanıb. Təbii fəlakətlərlə bağlı təhdidlər istisna olur. Buna da hazırlıqlı olan xüsusi xidmət və bunu həyata keçirən icra orqanları var. Azərbaycan üçün erməni terroru məsələsi daim gündəmdədir. Çünki biz müharibə vəziyyətindəyik. Ermənistanın ərazisində, Dağlıq Qarabağda olan müəyyən qruplaşmalar var ki, öz maliyyə mənbələri vasitəsilə terror aktı və digər təhlükələr törədə bilərlər. Xaricdən maliyyələşən belə qüvvələr də az deyil. Əsas məqamlardan biri də ondan ibarətdir ki, bu gün Xəzər dənizində o qədər də sakitlik hökm sürmür. Bildiyiniz kimi, Rusiya donanmasını Həştərxandan köçürür və burada da müəyyən təhlükəsizlik məsələsi var. Rusiyanın cənub sərhədində anti-terror əməliyyatları aparılır. Rusiyanın subyektlərində sakitlik bərqərar olmur. Bu da Azərbaycana müəyyən qədər təhlükə ixrac edə bilər. Cənub sərhədlərimizdə, yəni çox da uzaq olmayan yerlərdə müharibələr gedir. İstənilən an hər hansı bir qruplaşma üzvlərinin  sərhəd tərəfindən keçmə ehtimalları var. Bu məsələləri daxildə tənzimləmək demək olar mümkün olub. Hüquq-mühafizə orqanları həm əməliyyat şəraitinə nəzarət edə bilir, həm də öz funksiyalarını yerinə yetirirlər. Düşünürəm ki, xaricdən bu gün Azərbaycanla bağlı ən böyük təhdid terrorla bağlı ola bilər. Qərbin, müəyyən qurumların, eləcə də ”dini qurumların” inhisarında olan qüvvələr hər hansı təhlükəsizliklə bağlı təhdidlər edə bilərlər. Buna görə də belə bəyanatlar səslənir ki, əsas problem xarici sərhədlərimizdən ola bilər. Bu gün Azərbaycan balanslı siyasət yeritdiyi üçün hər hansı bir sanksiyaların tətbiq olunacağı ilə bağlı təhdidlər mövcud deyil. Çünki Azərbaycanın hər bir dövlətlə ikili münasibətləri var və heç bir hərbi blokda birləşməyib. Hərbi bir blokun marağında olan ikitərəfli əlaqələrimiz var, həm Azərbaycan, həm də o biri dövlət üçün. NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını götürsək, bu gün elə də qlobal bir problemimiz yoxdur. Ola bilər ki, müəyyən regional problemimiz var. Çünki Ermənistan ərazisində hərbi bazalar var, NATO ilə Rusiyanın sərhədi Türkiyədən keçir. Türkiyə isə bizim tərəfdaşdır. Yalnız belə məsələlər ola bilər. Ümumi götürəndə radikalizmlə bağlı təhdid nömrə birdir. Son vaxtlar Azərbaycanın apardığı daxili və xarici siyasətdə mühüm bir amil var, biz NATO standartlarına uyğun şəkildə qüvvələrimizi səfərbər etməyə çalışırıq. Bu istiqamətdə də mühüm addımlar atılır. Eyni zamanda heç bloklara qoşulmayan dövlətlərlə, yəni Qoşulmama Hərəkatı ilə 120-yə yaxın dövlətlə münasibətimiz var. Düşünürəm ki, bu istiqamətdə aparılan siyasət çox mühüm əhəmiyyət kəsb edir, həm Qoşulmama Hərəkatı ilə, həm də supergüclərlə müəyyən problemlərin həllində. Məlum məsələsidir ki, hər hansı bir təhdidin qarşısını almaq, yaxud hər hansı bir müharibədə qalib gəlmək üçün tək səngərlərdə deyil, diplomatik, dövlət səviyyəsində mübarizə aparılır”.(musavat.com)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …