Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Mədəniyyət Nazirliyinin balansındakı tarixi teatr binası talan edilib, çilçıraqlar yoxa çıxıb – FOTO

Mədəniyyət Nazirliyinin balansındakı tarixi teatr binası talan edilib, çilçıraqlar yoxa çıxıb – FOTO

Kürdəmir rayonunda Nizami Gəncəvinin adını daşıyan kinoteatrın binası qəzalı vəziyyətə düşüb. 

Bir vaxtlar rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirdiyi yeganə məkan olmuş bu bina hazırda dağılmış və bərbad vəziyyətdədir. İllər əvvəl şəhər sakinlərinin sevdiyi film və tamaşaların nümayiş olunduğu, onların bilet üçün uzun-uzadı növbələrə durduğu bu bina hazırda tərk edilmiş və talan edilmiş bir xarabalığı xatırladır. Klassik memarlıq üslubunda birtipli layihə əsasında inşa edilmiş və 250 tamaşaçı yeri olan bu kino müəssisəsi vaxtilə şəhərin görünüşünə də xüsusi gözəllik bəxş edib. “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, indi baxımsız qalan kinoteatr nə az, nə çox – düz 32 il tamaşaçılara xidmət edib. Amma 1992-ci ildə müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb. Teatrda çəkiliş aparan zaman məlum olub ki, binanın qapı-pəncərələri sökülüb, teatrın zalındakı oturacaqlar və tamaşaların işıqlandırılması üçün istifadə olunan böyük çilçıraqlar isə artıq yoxdur. Sakinlər deyirlər ki, teatrın illər öncə fəaliyyətini dayandırmasından sui-istifadə edən işbazlar bura aid olan əşyaları və inventarları oğurlayaraq mədəniyyət ocağını talan ediblər. Vaxtilə kinoteatrın daimi tamaşaçılarından olan yaşlı nəslin nümayəndələri bildiriblər ki, teatrın bərpası, əvvəlki görkəmə qaytarılması və istifadəyə verilməsi olduqca vacibdir. Onların sözlərinə görə, teatr gənc nəslin yetişməsində, mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev bildirib ki, Nizami kinoteatrının binası istismar müddətindən artıq işlənib və onun yenidən qurulmasına ehtiyac var. Onun sözlərinə görə, Nizami kinoteatrı təmsil etdiyi qurumun balansındadır: “Bu gün binadan istifadə etmək mümkün deyil. Teatr sovet dövründə əhaliyə kino xidməti göstərməsi üçün tikilmiş yeganə kino müəssisəsidir və uzun illər istismar olunub. 1991-1992-ci illərdə AXC-Müsavat hakimiyyəti dövründə həmin binada görülmüş işlər dayandırılıb və bina əslində tar-mar olunaraq sıradan çıxarılıb. Sonralar binanın bərpası istiqamətində heç bir addım atılmayıb. Amma bu gün binanın əsaslı təmirinə və yenidən qurulmasına ehtiyac var”. İdarə rəisi vurğulayıb ki, bu yaxınlarda binanın yenidən qurulması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunub və məsələyə müsbət cavab verilib: “Nazirlikdən dəvət olunmuş rəsmi şəxslər tərəfindən binaya baxış keçirilib. Çox güman yaxın vaxtlarda binanın əsaslı şəkildə yenidən qurulması məsələsi gündəmə gətiriləcək və müəssisə öz təyinatı üzrə istifadə üçün əhalinin istifadəsinə veriləcək”. Qeyd edək ki, Kürdəmir rayonunda Nizami Gəncəvi adına kinoteatr 1960-cı ildə istifadəyə verilib. O vaxtdan bu kino müəssisəsi rayon sakinlərinin, kiçikdən böyüyə hamının ən sevimli məkanına çevrilib. Kinoteatr fəaliyyətə başlayan vaxtdan hər gün burada dörd seans olmaqla yerli və xarici filmlər nümayiş olunub, eləcə də müxtəlif tamaşalar göstərilib. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …