Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Məşhur iqtisadçı qoyun korrupsiyasından yazdı

Məşhur iqtisadçı qoyun korrupsiyasından yazdı

Qubad İbadoğlu: “Sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa başlayıblar”

“Özünüməşğulluq proqramının iştirakçılarına yaşlı, dişləri tökülmüş, qısır və qotur heyvanlar verilir. Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar” – məşhur iqtisadçı ekspert Qubad İbadoğlu özünün facebook divarında belə yazıb.

Q.İbadoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara ailəsini maddi baxımdan təmin edəcək təsərrüfata sahib olmaq üçün verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olmasını bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricisi olmasını vurğulayır.

“Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa başlayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər. Hesab edirəm ki, xüsusilə də aztəminatlı təbəqənin müstəqil qazanc mənbəyinin formalaşmasına yönələn bu proqramın icrası mətbuatın və vətəndaş cəmiyyətinin ictimai nəzarətindən kənarda qala bilməz. Səhv etmirəmsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində ictimai şura yaradılıb. Şura bu faktlara münasibətini bildirməli, mövqe ifadə etməlidir. Eyni zamanda nazirlik açıqlanan faktlara aydınlıq gətirməli və bu proqramın icrasına məsul olan şəxsləri məsuliyyətə cəlb etməlidir”.

Qeyd edək ki, “Yeni Müsavat” məsələ ilə bağlı silsilə yazılar dərc edib. 2018-ci ildə dövlət büdcəsindən özünüməşğulluq proqramının icrasına 35 milyon manat ayrlııb. Həmin məbləğin 20 milyon manata yaxını işsizlərə mal-heyvan verilməsi üçün nəzərdə tutulub. ƏƏSMN proyektin gerçəkləşdirilməsi üçün “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumunu seçib. Maraqlıdı ki, 2018-ci ilin iyulunda yaradılan MMC-lər həmin ilin avqustunda podratçı olaraq qəbul ediliblər. Bu isə ortada sövdələşmə olmasına dair əsaslı şübhələr yaradır. Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də bilinmir. Ümumiyyətlə isə işsizlərə verilməli olan qoyunların, inəklərin, quzuların, dana və erkəklərin çəkiləri, qiymətləri haqda da rəsmi sənədlər ictimiyyətdən gizlin saxlanılır. Qeyri-şəffaf mühitin varlığı isə proqramın gerçəkləşdirilməsində korrupsiya hallarının olmasına yol açır.

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …