Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / «Məqalə biznesi»nin beynəlxalq şəbəkəsi: qazananlar və itirənlər-SOS

«Məqalə biznesi»nin beynəlxalq şəbəkəsi: qazananlar və itirənlər-SOS

AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşı Hüseynov Əli Ömər oğlu həyəcan təbili çalır…
Əli Hüseynovun «Təzadlar»a göndərdiyi yazısını təqdim edirik:
AMEA-nın Rəyasət Heyətinə!
Surəti: aidiyyəti üzrə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına!
Surəti: Azərbaycan Dövlət İqtisad Universitetinə!
AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Hüseynov Əli Ömər oğlu tərəfindən müraciət:
Çox hörmətli alimlər, dəyərli vaxtınızı alıb müraciət etməkdə məqsədimiz, «Məqalə biznesi»nin beynəlxalq şəbəkəsi: qazananlar və itirənlər” mövzusunda ictimailəşdirməyə hazırlaşdığımız məqalədə qeyd etdiyimiz problemləri, bilavasitə və birinci olaraq Sizlərin də diqqətinizə çatdırmaqdır. Çünki son dövrlər çox böyük sürətlə “çiçəklənməkdə” olan «Məqalə biznesi»nin artıq çoxdan “beynəlxalq”laşmış şəbəkəsi, həqiqətən də, bizim kimi sıravi tədqiqatçılar üçün məqalə çap etdirməkdə bir çox ciddi problemlər yaradır.
Bildiyiniz kimi, o qədər də “uzaq” olmayan sovet dönəmində məqaləyə görə “qonorar” da verirdilər. Şəxsi fikrimizcə, elmə belə yanaşmanın nəticəsi idi ki, birinci olaraq kosmosa “yol açan”da sovet elmi oldu. Sonralar nəinki qonorarların verilməsini dayandırdılar, əksinə, müəlliflərdən “tipoqrafiya xərcləri (və s.) üçün” müxtəlif ödənişlər tələb etməyə başladılar. Hazırda isə ödənişsiz elmi məqalə çap etdirmək asan deyil. Bir çox xarici (“impakt faktor”lu) jurnallarda isə bunun 1000-1500 dollardan başlayan ümumi xərcləri, AMEA tədqiqatçılarının “orta maaş”larından dəfələrlə çoxdur.
Şübhəsiz ki, bu qədər yüksək mənfəət qarşılığında, K.Marksın sözləri ilə desək, “elə bir cinayət yoxdur ki, hətta, asılmaq təhlükəsi qarşısında kapital ona getməsin”. Məhz bunun sayəsində müxtəlif “beynəlxalq” reytinq agentlikləri (institutları, təşkilatları və s.), sadə tədqiqatçıların hesabına milyardlarla gəlir əldə edirlər. Məsələn, İGİ indeksi ilə jurnalların reytinqini təyin edən “Tomsan Reyters” şirkətinin 2016-cı ildə gəlirləri 11,17 milyard (!) dollardan çox olub. Müqayisə üçün qeyd edə bilərik ki, 2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14, 566 milyard AZN olub. Bu da 2015-cı ildə keçirilən 2 devalvasiyadan sonrakı məzənnələrlə təqribən 9 milyard dollar edib. Göründüyü kimi, həmin jurnal redaksiyalarının, resenzentlərin, tərcüməçilərin, tipoqrafiyaların (və s.) gəlirləri nəzərə alınmadan belə, sadəcə belə jurnalların reytinqini təyin edən bir şirkətin gəlirləri bundan xeyli çox olub. Onu daha da çoxaltmaq üçün, məlum olduğu kimi, “Tomsan Reyters”in 60 mindən yuxarı əməkdaşı dünyanın 100-dən yuxarı ölkəsində daima fəaliyyətdədirlər və “hər şeyi” edirlər!
Azərbaycan Prezidenti yanında AAK-ın tələbləri ilə, belə yüksək ödənişlə məqalələri çap etdirmək məcburiyyətində olan sadə tədqiqatçıların yeganə ümidi isə bank kreditlərinə qalır (yəni, banklar da “məqalə biznesindən” qazanan tərəfə çevrilir). Amma sonra AMEA maaşları ilə qaytara bilməyəndə, ya evləri əllərindən gedib “kirayə” yaşayası, ya da belə yaşamaqdan əl çəkib “Koroğlu” metrosunun yaxınlığındakı, camaat arasında “intihar körpüsü” kimi məşhurlaşmış körpüyə üz tutmalı olurlar. Buna görə də, indi bu körpünü gecə-gündüz, “BMV” maşınında oturub bekarçılıqdan ya mürgüləyən, ya da telefon oyunlarını oynayan iki polis qoruyur. Beləliklə, «Məqalə biznesi»nin beynəlxalq şəbəkəsinin gəlirlərindən polislərə və hətta, “BMV” şirkətinə də müəyyən “pay” çatır. İtirənlər isə yalnız sıravi tədqiqatçılar və nəticə etibarı ilə ELM-dir! Çünki, məlum olduğu kimi, cavanlar artıq elmə bir o qədər də meylli deyillər. Ona görə də AMEA əməkdaşlarının təqribən 60-70 faizi qadınlar və qızlardır.
Yeri gəlmişkən, bu çox ciddi problem barəsində də “AMEA-nın QADIN KRALLIQLARI: yaranması səbəbləri, HİMAYƏDARLARI və fəsadları” mövzusunda da geniş məqalə hazırlanılır. Çünki bütün bu problemlərin hamısı, nəticə etibarı ilə bizim kimi sıravi tədqiqatçıların “belində qırılır” və tədricən dözülməz vəziyyətə çatır. Heç kim də nəzərə almaq istəmir ki, bizim də elə onlarınkı kimi, bircə ömrümüz var. Bu bircə ömrümüzü, onlarınkı qədər də olmasa, nisbətən normal yaşamaq istəyirik! Bu isə, bizim maddi və mənəvi haqqımızdan hər dəfə az-az da olsa, çox tez-tez kəsdiklərindən heç cürə alınmır! Ömrümüz isə tədricən sona yaxınlaşır! Odur ki, daha dözə bilmirik!

(«Təzadlar»)

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …