Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Mənə “Dənizlər allahı” Neptun diplom verib – Akademikin cavabı

Mənə “Dənizlər allahı” Neptun diplom verib – Akademikin cavabı

Azərbaycan jurnalistlərinin ünvanına təhqiredici ifadələr işlədən AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov saytımıza müraciət ünvanlayıb.

Akademik müraciətində Axar.az-a dəyər verdiyini və daim izlədiyini diqqətə çatdıraraq, son olaylara görə bu media qurumunda da onun haqqında yayılan yazılar və yaradılan yanlış təsəvvürlərə aydınlıq gətirmək istədiyini vurğulayıb.

Akademikin müraciətini, üslubuna toxunmamaqla, təqdim edirik:

Bildiyiniz kimi, martın 30-dan başlayaraq, müxtəlif saytlarda mənim ünvanıma hədə və təhqiredici yazılar verilir. Vaxtım və həvəsim olmadığından bunların heç birinə cavab vermirəm, fikirləşirəm ki, səviyyələr və ranqlar müxtəlifdir, nə ehtiyac var. Hücumun səbəbi həmin gün məni, bütün gecəni yatmamış adamı (bütün gecəni işləmişdim), səhər yuxudan qaldırıb – məndən heç soruşmadan ki, sən açıqlama vermək istəyirsənmi – sual atəşinə tuturlar. Üstəlik, bir neçə gün əvvəl verdiyim intervünü təhrif edib yazırlar ki, mən deyirəm, bundan sonra Bakıda qar yağmayacaq. Bu azmış kimi, həm ekologiyadan, həm də ginekologiyadan həmişə ağız dolusu açıqlama verən bir qeyri-dövlət təşkilatının məni təhqir edən – “allah belə akademiklərə ölüm versin, bizi biabır edirlər” deyən çıxışını verirlər. Mən isə həmişə öz çıxışlarımda BMT-nin İqlim dəyişmələri üzrə dövlətlərarası işçi qrupunun illik hesabatına istinad edərək hətta yayda da Azərbaycanda qar yağa biləcəyi ehtimalını deyirəm və bu nəticənin inandırıcı olduğunu sübut etmək üçün 2016-cı ilin yayında Quba rayonunda qar yağdığını misal göstərirəm. Ancaq mən bu təhqirlərin heç birinə cavab verməyib, hamısını yaddan çıxarmışdım, bilirəm necə müxbirlərimiz var, onlar həmişə sensasiya yazmaq istəyirlər.

Martın 30-da müxbirin səhər məni yuxudan oyadıb “pardonsuz” açıqlama istəməsi məni əsəbiləşdirdi və şüuraltı olaraq köhnə inciklər də yada düşdü. Əsəbi və yuxulu olduğum halda mən onu acıladım, sizlərin dəfələrlə tirajladığı sözləri dedim. O isə məni “siz bilirsiniz mən bunu yazsam sizi neylərlər” ifadəsi ilə hədə-qorxuya keçdi. Məni qorxutmaq cəhdi məni bir az da qızışdırdı və emosional sıçrayışda bu sözləri dedim. Artıq mən bu sözləri dediyimə heyfsləndiyimi açıqlamışam, adi vaxtda yəqin ki, belə ifadələr olmazdı.

Eyni zamanda qeyd etmək istəyirəm ki, mən həmişə KİV ilə xoş münasibətdə olmuşam, nə qədər işim çox olsa da, onları qəbul edib suallarını cavablamışam. Bunu onların özləri də dəfələrlə qeyd ediblər ki, heç bir akademiklə bu qədər məhsuldar işləməyiblər. Mən direktor olmamışdan əvvəl bu instituta gələn KİV nümayəndələrini ancaq direktor qəbul edib cavablayırdı. İndi isə institutun alim və mütəxəssisləri müxtəlif KİV-də sərbəst çıxış edirlər. Bu şəraiti mən yaratmışam, institutumuza gələn müxbirləri müvafiq şöbə rəhbərlərinin yanına göndərmişəm, demişəm cəsarətli olun, siz mütəxəssisiniz, bundan sonra heç məndən soruşmayın, qəbul edin KİV nümayəndələrini. Bu demokratik şəraiti mən yaratmışam institutda.

İndi isə Sizin xülasədən bəzi məqamlara, birinci növbədə mənim alimlik şərəfimə böhtan yazan tanınmış jurnalist Rauf Ağayevə cavab, hansı ki, dörd dəqiqəlik araşdırması ilə sensasion faktlar tapıb məni, psevdofizik və yaxud psevdocoğrafiyaçı adlandırır.

“Tanınmış jurnalist” qoy bilsin ki:

1. SSRİ dövründə, müasir şəraitdən fərqli olaraq, universitet məzunlarına təyinat verirdilər. Elə məni də fizika fakültəsinin 4 nəfər məzunu ilə birlikdə Coğrafiya İnstitutuna təyin etdilər. İzah edim niyə. Həmin ildə, yəni bizim məzun olduğumuz 1972-də Coğrafiya İnstitutu Moskvanın atmosferin fizikası və Okeanologiya institutları ilə birgə BMT-nin “Qlobal iqlim dəyişmələrinin tədqiqi” beynəlxalq proqramı çərçivəsində Xəzər dənizinin açıq hissəsində, tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz observatoriyası yaratdılar. Moskvalı həmkarları Cİ-nin o zamankı direktoru akademik H.Əliyevə bu observatoriyada əsasən fizika-riyaziyyat təmayüllü məzunların işləyə biləcəyini tövsiyə etdilər. Burada məqsəd atmosferin və dənizin fiziki xassələrini, onların qarşılıqlı təsirini, enerji və impuls selini öyrənməkdir. Və buna uyğun olaraq Həsən müəllim universitetə müraciət göndərmişdi. Müraciətə cavab olaraq müsbət mənada fərqlənən məzunları Cİ-ya təyinat verdilər.

2. Sonradan bizləri Moskvanın həmin institutlarına stajyorluğa göndərdilər. Stajorluqdan sonra mən Okeanologiya İnstitutunun əyani aspiranturasına qəbul oldum, vaxtından əvvəl həmin institutun elmi şurasında Xəzər dənizində turbulentlik mövzusunda dissertasiya müdafiə etdim. Daha sonra mənə Moskvada qalmağı təklif etdilər, razılıq verdim, hətta Moskvada qalmaq üçün müvafiq təşkilatlardan icazə aldılar. Ancaq akademik H.Ə.Əliyevin razılığı olmadığı üçün Bakıya qayıtdım. Məni Xəzər elmi-tədqiqat stansiyasına müdir vəzifəsinə təyin etdilər. Onu da bilin ki, dünyada məşhur olan Okeanologiya İnstitutunun alimlərinin əksəriyyəti ya MDU-nun fizika-riyaziyyat fakültələrini, ya da məşhur FizTexi qurtarmışlar.

3. “Tanınmış jurnalist” sensasion materialı hazırlayanda gərək 4 dəqiqə ilə kifayətlənməyə idi. Axtarışı davam etdirəydi. Onda görərdi ki, AMEA Coğrafiya İnstitutu yarandığı gündən (1945) əsas tədqiqat istiqamətlərindən biri Xəzər dənizi, onun hidroloji və hidrofiziki strukturu olub. Bu işə mərhum akademik Q.Gül başlamış və başçılıq etmişdir, o sonradan uzun müddət Coğrafiya İnstitutunun direktoru olmuşdur. Yeri gəlmişkən o da coğrafiya fakültəsini yox, Leninqrad ali dənizçilik məktəbinin məzunudur.

4. Yenə də “tanınmış jurnalist” bilsin ki, Xəzər dənizinin hidrologiya və hidrofizikasını öyrənən elmin adı okeanologiyadır və o da hidrologiya, iqlimşünaslıq, geomorfologiya və s. kimi coğrafiya elminin bir qoludur. Yazılmış dissertasiyanın məzmunundan asılı olaraq müəllifə coğrafiya, fizika-riyaziyyat, texnika elmləri dərəcəsi verilə bilər.

“Xəzər dənizində çirkləndiricilərin yayılmasına hidrofiziki sahələrin təsiri” mövzusunda yazdığım doktorluq işinin məzmununa görə mənə texnika elmləri doktoru elmi dərəcəsi adı verilib.

5. Azərbaycan elm tarixində bəlkə də yeganə tədqiqatçıyam ki, Bermud üçbucağı da daxil olmaqla, 4 dünya okeanının hamısında üzmüşəm, işləmişəm. Dünya okeanında üzməyə icazəni mənə “Dənizlər allahı” Neptun özü vermiş və bunu verdiyi diplomla təsdiq etmişdir. Bu hadisə Sakit okeanın ekvatorial hissəsində baş vermişdir.

6. Mən Aİ Çərçivə Proqramları, ABŞ-ın Mülki Tədqiqatlar, NATO-nun Elm Fondunun, İNTASS proqramının və s. beynəlxalq fondların qrantlarına layiq görülmüşəm. 20-yə qədər beynəlxalq layihənin direktoru və həmdirektoru olmuşam, bununla fəxr edirəm.

Ona görə fəxr edirəm ki, mən ingilis, fransız, alman, rus və s. tanınmış ölkələrin alimlərinin iştirak etdiyi müsabiqələrdə qalib gəlmişəm. Həmin fondların saytlarının siyahısında bir azərbaycanlı kimi mənim adımın olmasından qürur duymuşam.

7. Kitablarım Moskvada, Brüsseldə, Tehranda, Tiflisdə Kanadada və s. ölkələrdə nəşr olunub, 400-ə yaxın elmi məqalənin müəllifiyəm.

8. Və nəhayət. Mən 45 ilə yaxındır Coğrafiya İnstitutunda işləyirəm, əmək kitabçamda bir möhür var. Bu müddətdə mən bütün pillələri keçmişəm. Normal adam mütəxəssis olmasa da, 45 ilə çox şey öyrənərdi. Hətta mənim təhsilim coğrafiyaya aidiyyəti olmasaydı, “Tanınmış jurnalist” bilməli idi ki, dünya təcrübəsində hədsiz sayda misallar var ki, insanlar bir ixtisas üzrə diplom alıb, başqa sahədə uğur qazanıb, karyera ediblər. Əgər bizim “tanınmış jurnalist” belə informasiyaya malik deyilsə, ancaq 4 dəqiqəlik qərəzli yazılar yazmaqla məşğuldursa, cəmiyyətə dezinformasiya verirsə, onda mənim əsəbi halda dediyim sözlər doğru deyilmi?! Tanınmış jurnalist belə yarımçıqdırsa, tanınmamışa nə deyək? MDU-nun rektoru akademik Sadovniçıy deyir ki, universitet mütəxəssis olmaq üçün ümumi baza hazırlayır, sonrakı inkişaf isə şəxsiyyətin düşdüyü şəraitdən asılıdır. Misal, Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov fizika təhsillidir, birlikdə oxumuşuq.

İndi isə Azvision.az saytının baş redaktoru Vüsal Məmmədova, hansı ki, məni tərbiyəsiz adlandırır.

Gəlin Azərbaycan dilinin etimologiyasına nəzər salaq. Sizcə, hansı söz söyüşdür: savadsız, yoxsa tərbiyəsiz. Bunu kim yazır? – baş redaktor. Məni məhkəməyə vermək istəyirlər. Görəsən, mənim dediyim savadsız və baş redaktorun dediyi tərbiyəsiz söyüşlərinin hər birinə nə qədər “srok” düşür. Mənim fikrimcə, savadsız sözü söyüş kateqoriyasına düşmür. Ona görə ki, o nisbi anlayışdır. Biri üçün savadlı olan digəri üçün olmaya bilər. Baxır qoyulan tələblərin səviyyəsinə. Tərbiyəsiz sözü isə birmənalı söyüşdür.

Axırda. Təssüf ki, bütün bunları özlərinə hörmət tələb edən jurnalistlər yazır!

Hörmətlə, akademik

Ramiz Məmmədov”.

Qeyd edək ki, professor R.Məmmədov ondan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib. O, media nümayəndələri haqda “Bayaq “küçük” sözü dedim ha, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər” deyib.

Buna cavab olaraq, hazırda media sahəsində çalışmasa da, görkəmli jurnalist Rauf Ağayev (Burada) Vüsal Məmmədov reaksiya veriblər. V.Məmmədov “savadsız” deyil, “küçük” sözünə görə “tərbiyəsiz” ifadəsini işlədib.

Ölkə mediasının bütün tanınmış isimlərinin bu olayı qınamasına rəğmən, hörmətli akademik “o sözü işlətməməli olduğunu” bir neçə dəfə təkrarlasa da, bircə dəfə də olsun, bütün mediaya ünvanlandığı “küçük” sözünə görə üzr istəməyib.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …