Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Aktual / Məmurlar sanatoriya, pansionat sahiblərinə “badalaq” atır – ARAŞDIRMA

Məmurlar sanatoriya, pansionat sahiblərinə “badalaq” atır – ARAŞDIRMA

Azərbaycanda on il bundan əvvəlki ilə müqayisədə sanatoriya-kurort müəssisələri, istirahət evləri və bazalarının sayı xeyli azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, belə müəssisələrin sayı əvvəllər 73-ə çatmışdısa, hazırda bu rəqəm 52-dir. On il əvvəl bu müəssisələrdə çarpayı sayı 11 min 168 olubsa, hazırda bu kəmiyyət 8 min 146-dır. Əgər 2012-ci ildə ölkədə fəaliyyət göstərən sanatoriyaların sayı 32 idisə, hazırda bu rəqəm 28-dir. Həmin sanatoriyalarda çarpayı sayı 5 min 746 idisə, hazırda bu rəqəm 5 min 266-dıMaraqlıdır, hazırda ölkədə sanatoriyalar, müalicəvi pansionatlarla bağlı ümumi vəziyyət necədir?
DİA.AZ-ın məlumatına görə, Qaxda yerləşən “Şəfa” müalicə pansionatının rəhbəri İftixar Saadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar üçün iş mövsümü iyunun 1-dən sentyabrın 15-dək davam edir. Bu müddətdə pansionata 7 dəfə giriş olur və hər dəfəsində 126 yerin hamısı dolur.
Fəaliyyətləri haqda ümumi məlumat verən İ.Saadov bildirir ki, burada fizioterapiya üsulu ilə müalicə, mineral sulardan ibarət vannalar, müxtəlif duşlar, inqalyasiya var. Burada həmçinin müalicəvi Süskənd suyu ilə vanna qəbulu mövcuddur:
“Biz Həmkarlar İttifaqının tabeliyindəyik. Bura göndərişlə qəbullar olur. Həmkarlar İttifaqından da yalnız ilin 3 ayında göndərişlər verilir. Digər aylarda isə göndərişlər olmur”.

Qiymətlərə gəlincə, bu istirahət mərkəzində 13 gecə və 14 gün üçün adambaşına xərc 865 manatdır. Bu məbləğin 15 faizi həmkarlar ittifaqı tərəfindən ödənilir və insanlar göndəriş alıb burada istirahət edirlər. Müqayisə üçün qeyd edək ki, Naftalan sanatoriyalarında bir həftəlik adambaşına qiymətlər 259 manatdan başlayır.
Qiymətə nələr daxildir?
Qeyd olunan məbləğə istirahət mərkəzində qalmaq, gündə 3 dəfə qidalanmaq və müalicə daxildir. Bura ailəvi gəlmək imkanı da var.
İ.Saadov bildirir ki, hazırkı qiymətlər 3 il əvvəl müəyyən olunub və qiymət artımı gözlənilir.
Müalicəvi pansionatda göndərişlərin yalnız ilin 3 ayında olması işçilərə də təsirsiz ötüşmür. Belə ki, müəssisənin 70 işçisi ilin 9 ayı ərzində işsiz qalır.
Əsas problemlər nədir?
1989-cu ildən fəaliyyət göstərən pansionatın əsas problemi Qaxın Süskənd əraizisində qazlaşdırılmanın aparılmamasıdır:
“Bizim işimizə əsas maneə yaradan qazın olmaması və işıqların tez-tez yanıb-sönməsidir. Su qazla qızdırılır, buna görə daimi qazın olmasına ehtiyac var ki, isti su daim olsun. Hazırda isə isti su saatladır. Qaz olsa, kombi quraşdırardıq”.

Lakin problemlər bununla da bitmir
Masallıda yerləşən “İsti su Şəfa sanatoriyası”nın rəhbəri İldırım Allahyarov digər problemlərdən söz açıb. O bildirib ki, ölkə başçısı dəfələrlə sahibkarlara dəstək göstərilməsi üçün çağırışlar etsə də, məmurlar onlara “qan uddurur”:
“Gürcüstan kimi bir çox ölkələrdə sanatoriya sahiblərinə güzəştlər edilir, onlara pul ayrılır. Amma bizdə bu yoxdur, bu səbəbdən də yerimizdə sayırıq. Fəaliyyətimiz yalnız 3 ay olur. Bu qısamüddətli fəaliyyətimizin müddətini uzada bilmirik. Çünki biz sahibkarlara heç bir yardım edilmir, məmurlar bizi çox incidir, əsassız yoxlamalar aparırlar. Reket jurnalistlər isə bizi şantaj etməklə məşğuldurlar”.

O deyir ki, kredit də götürəndə, faizlər yüksək olduğu üçün bu yükün altından çıxa bilmirlər:
“Bu səbəbdən də yeni obyektlər tikə, mövcud olanları isə təmir edə bilmirik. Bizim nəfəs almağımız, bu sahədə yeni iş yerlərinin açılması üçün haqsızlığa son qoymaq lazımdır. Məmurlar obyektlərimizi əlimizdən almaq üçün hər cür hücumlar edirlər, bizə “badalaq” atırlar. Biz 20-30 ildir ki, bir çürük taxtanı da dəyişdirə bilmirik. Belə olarsa, vəziyyət bu cür davam edərsə, mövcud maenələr nəinki yerli, o cümlədən də əcnəbi turist axınının da qarşısını almış olacaq”.

“Səlahiyyət sahibləri gəlib bu qədər vergi və maneələrlə müəssisəni idarə etsin, görüm necə idarə edirlər. Yaxud da qərar qəbul edən millət vəkilləri gəlib burada rəhbər olsun görüm, nə edirlər. Deputatlar sahibkar olsa, bizim çəkdiyimiz əziyyətləri başa düşə bilərlər”, – deyə o əlavə edib.
Vergilər də sahibkarlar üçün əlavə yükdür
Sahibkar bildiri ki, vergilər də sahibkarlar üçün əlavə yükdür:
“Bir çox ölkələrdə turizmi inkişaf etdirmək üçün müəyyən sahələri 15-20, 30-40 illik vergidən azad edirlər. Amma bizdə vəziyyət acınacaqlıdır. Vergi 18 faizdir. Mənfəət, torpaq, ƏDV və sair – ondan artıq vergi ödəyirəm. Bizi çox yükləyiblər. Heç olmasa, bizi 5 il müddətinə vergilərdən azad edərdilər ki, özümüzə gələ bilək. Baxın, ilin yalnız 3 ayında işləyirik və zərərlə çalışırıq. Heç bir gəlirimiz yoxdur, 9 ay ac qalırıq. Gözümüzü ilin bu 3 ayın dikmişik. Fəaliyyətimizi dayandırsaq, kimsə bizə iş verəcək?”.

Sahibkar deyir ki axın, tələbat çox olsa da, onlarda qonaqları qarşılamaq üçün şərait yoxdur, yer sayı çox deyil.

Maraqlıdır, bu cür müəssisələrin qışda fəaliyyət göstərməsinə maneə olan nədir?
Sahibkar deyir ki, bunun üçün istilik sistemi çəkilməlidir, bu isə vəsait tələb edir:
“Qaz xətti olmalıdır. Turizmə qayğı, diqqət olmalıdır, yollar düzəldilməlidir. Üç ay işləməklə bu sistemi, infrastrukturu qurmaq olmaz”.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …