Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “Məmur övladları jurnalistika və ya orduda xidməti özləri üçün fəaliyyət sahəsi seçmir”

“Məmur övladları jurnalistika və ya orduda xidməti özləri üçün fəaliyyət sahəsi seçmir”

Yeni Baş prokuror Kamran Əliyev bütün köməkçilərini – Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib. Mediada yayılan xəbərlərə görə, işdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxslərin övladlarıdır. Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur. Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, bundan sonra qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq. Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə “Embawood” şirkətinin sahiblərindən biridir. Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi. Qeyd edək ki, bundan əvvəl DTX tərəfindən həbs edilən bəzi icra başçılarının da övladalrının prokurorluq orqanlarında çalışdıqlarının şahidi olduq. Vəzifəlilərin uşaqları prokurorluq orqanlarında işləməyə niyə belə can atır?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, məsələyə bir qədər geniş aspektdən yanaşmaq lazımdır:

“Biz deyə bilmərik ki, kimsə məmur oğludur və o, hüquqşunas və ya prokuror ola bilməz. Bu hansısa formada diskriminasiya olar. Azərbaycan qanunlarına görə, hər kəsin təhsil alma, savadına və qabiliyyətinə görə vəzifə tutma hüququ var. Ancaq bizim ölkədəki bəzi məmurlarla bağlı vəziyyəti araşdıranda ortaya tammailə fərqli mənzərə çıxır. Biz görürük ki, həmin kateqoriyaya aid olan şəxslərin səsi daha çox hüquq-mühaifizə və ən əsası da prokurorluq orqanlarından gəlir. Bunun ən bariz nümunəsini biz rüşvətxorluq ittihamı ilə həbs edilən icra başçıları ilə bağlı gördük. Gördünüz ki, onlardan neçəsinin övladı prokurorluq orqanlarında işləyirdi. Biz hələ ifşa olunanların nümunəsində bunu gördük. Görün nə qədər bilmədiyimiz faktlar mövcuddur. Yeni Baş prokurorun son qərarından da görürük ki, onlar hətta prokurorluğun yuxarı eşelonuna kimi gedib çıxa biliblər. Prokurorluğun bu yöndə apardığı kadr islahatını təqdir edirəm. Kimsə deyə bilər ki, məmur övladları yalnız öz qabiliyyətləri və seçimlərinə görə prokurorluqda daha çox çalışır, bu inandırıcı görünməz. Onda biz də sual edə bilərik ki, niyə həmin məmur övladları jurnalistika və ya orduda xidməti özləri üçün fəaliyyət sahəsi seçmir? Məgər bu sahələrdə çalışmaq Vətənə, Dövlətə xidmət sayılmır? Deməli, peşələr arasında öz maraqlarını təmin edəcək seçim olunur. Niyyətlərlə bağlı konkret hansısa ittihamı irəli sürmək olmaz. Ancaq mənzərə aydındır. Atalarının fəaliyyətinə hüquqi müstəvidə bacardıqları şəraiti yaratmaq istəyi onları daha çox bu sahələrə bağlayır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …