Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / MƏMUR HƏBSLƏRİNİN PƏRDƏARXASI – “Belə əməliyyatlara aylarla hazırlıq görülür…”

MƏMUR HƏBSLƏRİNİN PƏRDƏARXASI – “Belə əməliyyatlara aylarla hazırlıq görülür…”

Bir neçə gün əvvəl Neftçala rayon İcra Hakimiyyətinin başçısı, onun birinci müavini, baş həkim, təhsil şöbəsinin müdiri və bu rayonda bir sıra başqa şəxslər həbs edilib. Bu barədə məlumat Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) fevralın 21-də yaydığı açıqlamada yer alıb. Keçmiş icra başçısı İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, külli miqdarda təkrar rüşvət almada, mənimsəmədə, başqaları isə rüşvətalma və rüşvətvermədə şübhəli sayılırlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Azadlıq” radiosuna deyib ki, DTX-nın keçirdiyi bu əməliyyatın fevralın 9-da gerçəkləşən növbədənkənar parlament seçkilərinin nəticələrindən diqqətləri yayındırmağa xidmət etməsi ilə bağlı fikirləri qəbul etmir: “Bu gündəmi dəyişmək məsələsi deyil. Yəni, bu əməliyyata seçki gündəmini dəyişmək mövqeyindən yanaşmaq olmaz. Elə deyil. Bu əməliyyatdır, əməliyyata isə bəzən günlərlə, bəzən aylaryla hazırlıq lazım gəlir. ”

İ.İsmayıl əlavə edib ki, bunu sırf rüşvətxorluqla mübarizə kimi də qəbul etmir:Əgər elə bir mübarizə aparılsa idi, gərək bütün rüşvət alanlar da həbsə alınmalı idilər. Burada bir balaca imitasiya yaradırlar. Həm də elə adamlar var ki, bütün hədləri aşırlar, kimlərinsə adamıdırlar. Görünür bu saxlanmalarla həm də onlara dərs verirlər”.

Ekspert baş verənlərə hakimiyyət daxili məsələ kimi baxır:“Bu onların daxildə olan öz işləridir və buna görə, bunu rüşvətlə mübarizə hesab etmirəm. Onun imitasiyasıdır, amma reallıqdır ki, bu baş verir. Amma bu da var ki, birdən-birə bütün rüşvət alanların hamısını həbs etmək də mümkün deyil. Onda gərək başdan-ayağa hamısını həbsə alasan”.

İ.İsmayıla görə, belə addımların xalq arasında təsiri də böyük olur. Onun fikrincə bununla xalqa xüsusi mesaj da çatdırılır: “Bax görürsünüz biz rüşvətxorlara qarşı mübarizə aparırıq. Hər icra başçısının yuxarılarda, daha yuxarılarda, ən aşağısı nazir səviyyəsində, himayəçiləri var, bu həm də həmin himayədarlara işarədir. Yəni “himayədarınız var, deyə sizə heç nə edə bilməyəcəklər” kimi düşüncələrə düşməyin. Belə hallar isə bir növ hakimiyyət daxili münasibətlərin bu və ya digər şəkildə üzə çıxmasıdır ”.

Ekspert belə addımların gələcəkdə komitə sədri, nazir səviyyəsində də atıla biləcəyini istisna etmir.

Proses davam edəcək, çünki hakimiyyətdaxili münasibətlərdə hər kəsin himayədarı var, müəyyən qruplaşmlara daxildirlər. Onlara dərs verirlər. Amma bütünlükdə mahiyyət dəyişmir”- deyə İ. İsmayıl bildirir.

Prezidentin yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə“ Turan” agentliyinə deyib ki, bu saxlanmalar yerli idarəetmə sisteminin fəaliyyətinə dair çox ciddi bir siqnaldır.

Onun sözlərinə görə, bu həbslərdən sonra növbəti mərhələdə yeni islahatlar, institusional tədbirlər görüləcək: “... Şəffaflığı təmin edəcək digər addımların atılması vacib olacaq”. 

Z.Oruc da hesab edir ki, Neftçala əməliyyatı parlament seçkilərilə bağlı gündəmi dəyişmək məqsədi güdməyib. O, xatırladıb ki, Ağstafada analoji əməliyyat keçirilən zaman hələ seçkilər yox idi. 

Onun fikrincə, hakimiyyətin qarşısında heç də sırf post-seçki ruhunda müxtəlif sosial qrupların davranışlarına təsir göstərmək, siyasi qüvvələrin hər hansı etirazlarını söndürmək üçün gündəmi dəyişmək kimi hədəf yoxdur: “Üç ay sonra da belə addımlar atıla biləcəyi təqdirdə onun yan effektini, ya hansısa arxa planını, gizlin niyyətlərini axtarmağa dəyməz. Hakimiyyət yeniləşmə prosesini 2019-cu ildən başlayıb. Bu məncə prezident İlham Əliyevin yeni hakimiyyət quruculuğu siyasətidir, bunu açıq mətnlə də ifadə edirik. Yəni bu təkcə islahatlar, yeni kurs tədbirləri, yeni təfəkkürə malik kadrların irəli çəkilməsi, elitada əvəzlənmə prosesləri deyil, daha artıq dərəcədə yeni hakimiyyət quruculuğu prosesidir”

Z. Oruc hesab edir ki, xalq da bu tədbirləri müsbət qarşılayır. Onun fikrincə bu proses davam edəcək: “Hakimiyyət bu prosesin, bu xəttin qırılmasına yol verməyəcək və hesab edirəm ki, 2019-cu ildən başlamış bu kurs hər hansıəngəllənmyə məruz qalmadan irəliyə gedəcək”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …