Cümə , Yanvar 22 2021
Ana səhifə / Aktual / Məktəblinin intihar olayında adı keçən başçı müavini danışdı

Məktəblinin intihar olayında adı keçən başçı müavini danışdı

Xalidə Bayramova “Həmin videonu mən çəkməmişəm” deyir; hüquqşünas: “Direktor nəinki hüquq, həm də cəmiyyət qarşısında cavab verməlidir”

On gündən çoxdur ki, ölkə mətbuatında müzakirə edilən əsas məsələlərdən biri yeniyetmə Elinanın intiharı, bu hadisə ilə bağlı detallardır. Ölkə rəhbərliyi məktəbli qızın intihar hadisəsini nəzarətə götürüb.

Baş Prokurorluqdan da məlumat yayılaraq bildirilib ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başladılıb, şagirdin təhsil aldığı məktəb və sinif rəhbərliyi, habelə digər şahidlər dindirilib. Məlumatlara görə, intihar hadisəsindən sonra məktəbli qızı direktorun otağında sorğu-sual edən Səbayel Rayon İcra Hakimiyyətinin müavini  Xalidə Bayramova da ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb, hadisə ilə bağlı ifadəsi alınıb.

Cinayət işi üzrə istintaq davam edir. Ötən həftə isə Təhsil Nazirliyi məktəbin direktorunu, onun müavinini və psixoloqu işdən azad edib.

Ötən gün Xalidə Bayramova Bakı Şəhər Prokurorluğunda ifadə verməsi ilə bağlı xəbərə münasibət bildirib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ile ilgili görsel sonucu

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləyib: “Bəli, prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm”.

Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. Müğənni İnstaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb. Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbayel Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovadır.

Təbii ki, bu hadisədə daha çox məktəbin direktorunun, hazırda vəzifəsindən kənarlaşdırılan Sevinc Abbasovanın adı hallanır. Əksəriyyət direktorun təkcə vəzifəsindən kənarlaşdırılması ilə razılaşmır, onun cinayət məsuliyyətinə cəlb olunaraq, həbs edilməsini tələb edir. Belə ki, hadisənin gedişatında çox tükürpədici məqamlar ortaya çıxıb. Direktor intihar edən yeniyetmə qıza yardım etmək, təcili yardım çağırmaq əvəzinə, 2 saat otağında saxlayaraq videogörüntü ilə onu sorğu-suala tutub, hadisəni ört-basdır etməyə çalışıb. 2 saat sonra hadisə yerinə gələn təcili yardım əməkdaşlarına isə qızın zəhərləndiyini bildirib, nəticədə məktəbli qız Toksikologiya Mərkəzinə aparılıb. Onun özünü binadan atdığı məlum olduqdan sonra digər xəstəxanaya aparıblar. Bu azmış kimi, yeniyetmə qızın faciəvi ölümündən sonra mətbuatda, sosial şəbəkələrdə direktorun Elina və ailəsi barəsində dediyi təhqir dolu səs yazısı yayıldı. Sitat: “Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb”.

Baş verənlərlə bağlı direktoru hansı cəza gözləyir?

Ä°lgili resim

Məsələ ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a danışıb. O deyib ki, bir vətəndaş kimi o da ölkə mətbuatından bu məsələ ilə bağlı məlumatları yaxından izləyir: “Hazırda kimin hansı formada təqsirkar olduğu barədə dəqiq fikir söyləyə bilmərik. Yalnız hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bu məsələ aydın olacaq. Təkcə məktəb direktoru deyil, adi bir şəxs belə intihar edən yeniyetmə uşağın köməksiz vəziyyətini görərək, bilərəkdən ona yardım etmirsə, təcili yardım çağırmırsa, iki saat otağında saxlayırsa, əlbəttə ki, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yəni ölüm vəziyyətində olan şəxsə köməklik göstərilməməsinin özü bir cinayətdir. Bu, faktı gizlətmək kimi də tövsif edilə bilər.

Mətbuatda yayılan məlumatlardan belə aydın olur ki, Elina intihar etdikdən sonra iki saat ərzində təcili yardım çağırılmayıb. Videodan da görünür ki, qız ağır vəziyyətdədir, amma o, videogörüntü ilə onu sorğu-suala çəkir. Bu, insanlıqdan kənar davranışdır.

Üstəlik, təcili yardım gəldikdə yeniyetmə qızın zəhərləndiyi deyilib. Bu səbəbdən onu toksikologiyaya aparıblar. Sonradan qızın zəhərlənmədiyi, özünü binadan atdığı məlum olduqda başqa xəstəxanaya aparıblar. Bütün bunların hamısı dərindən araşdırılacaq”.

Hüquqşünas onu da qeyd etdi ki, direktor həqiqətən yeniyetmə qız və ailəsi barəsində nalayiq sözlər işlədibsə, buna görə də məsuliyyət daşıyacaq: “Ola bilsin ki, direktor məsələni bu cür ört-basdır etmək istəyib, onun əxlaqsız olması barədə fikirlər yaratmağa çalışıb. Bu, həqiqətdirsə, direktor nəinki hüquq, həm də cəmiyyət qarşısında cavab verməlidir. Əlbəttə ki, direktor cinayət məsuliyyətindən kənarda qala bilməyəcək. Əgər belə olarsa, məktəblərdə bu cür hadisələr yenidən baş verəcək, tendensiya halını alacaq. Buna görə də bu məsələdə güzəştə getmək olmaz. Amma məlum olduğu kimi, məsələ artıq ölkə rəhbərinin də nəzarətindədir. Ona görə ümid etmək olar ki, hadisə obyektiv şəkildə araşdırılacaq, günahkarlar öz cəzasını layiqincə alacaq”.

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …