Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / Məktəb ləvazimatları satılan mağazada şpris qələm: “Narkotikdən istifadəni təbliğ edir”

Məktəb ləvazimatları satılan mağazada şpris qələm: “Narkotikdən istifadəni təbliğ edir”

Bakıda məktəb ləvazimatları satılan mağazada şpris formasında qələmlər satılır.

Azinforum.az xəbər verir ki, bu barədə Open.az-a açıqlama verən jurnalist Valid Əliyev bildirib ki, qələm bir neçə rəng mürəkkəbdə satışa çıxarılıb: “Qələmin istahsalçısı barədə məlumat yox idi. Amma mənə ən qəribə gələni isə qırmızı rəngdə olan idi ki, qorxulu görünürdü. Qırmızıdan başqa, yaşıl, mavi, qara mürəkkəblisi də var. Valideynlər diqqətli olmalıdır”.

Təhsil eksperti Kamran Əsədov gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də şagirdlərin istifadəsinə verilən avadanlıqların keyfiyyətindən və onların şagirdlərin yaş xüsusiyyətinə, psixologiyasına uyğunluğundan asılı olduğunu bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə özəl sektor üçün geniş imkanlar yaradılıb: “Hazırda mövsümü olduğu üçün məktəbli ləzavimatları satışı məntəqələri çoxalıb və təəssüf ki, onlara nəzarət olunmur. Satışı həyata keçirən şəxslər gəlir əldə etmək üçün bəzən milli dəyərlərimizə xələl gətirən məktəbli ləvazimatlarının satışını həyata keçirirlər. Şpris qələm ilk baxışdan maraqlı və cəlbedici görünə bilər. Amma bu, ilk baxışdan belədir. İndi informasiya əsridir. Şagirdlər nəzarətsiz halda internet resurslarından təhlükəli informasiyalar əldə edirlər. İndiyə qədər bunu hansısa kinoda, şəkildə görən şagirdlər, indi praktiki olaraq həmən şiprisi əllərinə alırlar. Bu şipris qələm birbaşa şagirdlərə narkotikdən istifadəni təbliğ edir. Yox, əgər məqsəd bu deyilsə, bəs nədir?

Ekspert bildirib ki, qələmin satışı, yayımı cinayətdir: “Bu tipli qələmlərdən istifadə dövlətin siyasətinə ziddir. Ölkə başçısı gənclərin sağlam ruhda böyüməsi, onların milli vətənpərvərlik ruhunda tərbiyə olunması üçün çalışır. İnsanların narkotikdən istifadədən uzaqlaşdırılması üçün işlər görülür. Amma bu qələmləri ölkəyə gətirənlər, onun satışını həyata keçirənlər praktiki olaraq şagirdlərin şüuruna təsir göstərirlər. Onların təhlükləli istiqamətdə marağının oyanmasına səbəb olurlar”.

Ekspert hesab edir ki, məktəb direktorları dərs başlayandan sonra siniflərdə monitorinqlər aparmalı, şüura təsir göstərən dizaynda olan qələmlər yığışdırılmalıdır: “Düşünürəm ki, azyaşlı məktəblilər üçün nəzərdə tutulan bu qələmlərin satışını həyata keçirənlər millətə qarşı ağır cinayət törədirlər. Görün, bizim biznesmenlər 6-16 yaşlı məktəblilərə nələri təklif edirlər? Təəssüflər olsun ki, bir səlahiyyətli orqan tapılmayıb ki, bu biabırçılığa yol verənləri cəzalandırsın. Ümumiyyətlə, azyaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulan satış məntəqələri müvafiq qurumlar tərəfindən yoxlanılmalı, mütəmadi olaraq monitorinqlər aparılmaldır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məsələni araşdırmaq lazımdır: “Məhsul standartlara və texniki normalara uyğundursa, istehsal etmək və satmaq olar. Əgər o normalara uyğun istehsal etməyibsə, artıq qeyri-qanunidir. Həmçinin istehlakçının xüsusilə də uşaqların həyatına təhlükə yaradırsa, bu da yolverilməzdir”

Həmçinin oxuyun

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Son bir …