Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Məhkum həbsxanadan audio-müraciət etdi – AUDİO

Məhkum həbsxanadan audio-müraciət etdi – AUDİO

6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Vahid Əliyev audio-müraciət edib.

Hazırda Bakı İstintaq Təcridxanasından saxlanılan məhkum Əliyev Vahid Ağababa oğlu tərəfindən göndərilən səs yazısı “Asiya.az”-a daxil olub.

Bu müraciət həmin məhkumun 24 oktyabr 2019-cu il tarixində KİV-də yayımlanan müraciətinin (Məhkumlar Mehriban Əliyevaya müraciət etdi – FOTO) davamıdır.

Asiya.az həmin müraciəti təqdim edir:

“Mən Əliyev Vahid Ağababa oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. Azərbaycan Respublikası Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirəm. Hazırda isə məhkəmə prossesi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılıram.

6 saylı CÇM-də olduğum zaman 2019-cu il iyul ayında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət yazdım. Mənimlə birlikdə CÇM-də cəza çəkən 50 (əlli) məhkum həmin müraciətə Ad, Soyad, Ata adı və doğum tarixi də qeyd olunmağla imza etdilər. Həmin müraciəti açıqlaya bilməyəcəyim yolla müəssisəsədən kənara göndərdim. Müraciətdə qanunvericiliyə zidd heç bir şey yoxdur.

Müraciət 24 oktyabr 2019-cu il tarixində “Criminal.az” saytında dərc olunub. Həmin vaxt mən artıq Bakı İstintaq Təcridxanasında idim. Bu günə qədər mənə bununla bağlı heç bir təzyiq olmasa da şəxsi kanallarımla aldığım məlumata görə 6 saylı Cəzaçəkmə Müəssisəsində “Müraciət”ə imza etmiş həmin məhkumlardan “Müraciət”i oxumadan və orada nə yazıldığını bilmədən mənim xahişimlə imza atdıqları barədə izahatlar alınır. Bunun nə məqsədlə edildiyini deyə bilmərəm. Ancaq hesab edirəm ki, burada mənə qarşı bir kompaniya hazırlanır. Əslində həmin müraciətdə qeyri qanuni heç nə yoxdur.

Mən həbsdə olduğum müddətdə Milli Məclisin 125 deputatının hər birinə, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası Baş Prokuroruna, bir sözlə konstitusiyası ilə nəzərdə tutulduğu kimi qanunvericilik təşəbbüs hüququ olan hər kəsə yalnız tək öz imzamla belə müraciətlər ünvanlamışam. Hətta müraciətlərimə müsbət hesab olunacaq münasibətlərdə bildirilib. Həm Milli Məclisin rəhbərliyi, həmdə bəzi millət vəkilləri tərəfindən.

Bu yaxınlarda 6 saylı Cəzaçəkmə Müəssisəsinə qayıdacağam. Ona görə də bəyan edirəm ki, əgər məlum “Müraciət”lə əlaqədar mənə və həmin “Müraciət”ə imza atmış məhkumlara qarşı hər hansı bir təxribata əl atılarsa, təzyiqlər edilərsə, mən bütün növ qida məhsullarını qəbul etməkdən imtina edərək müddətsiz aclıq aksiyasına başlayacam. Sağlamlığımıza və həyatımıza olan hər hansı təhlükənin məsuliyətini isə cəza çəkdiyimiz CÇM-in rəhbərliyi, Penitensiar Xidmətin və Ədliyyə Nazirliyinin rəhbərliyi daşıyır.

Ona görə də Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ədliyyə Nazirinə, Baş Prokurora, KİV nümayəndələrinə müraciət edərək bu məsələni diqqətdə saxlamağı xahiş edirəm. Eyni zamanda Ədliyyə naziri və Baş Prokurordan xahiş edirəm ki, bu məsələni araşdırması üçün müvafiq tapşırıqlar versinlər.”

Həmçinin oxuyun

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” …