Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Mədət Quliyev: “Dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır”

Mədət Quliyev: “Dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır”

Moskva şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 43-cü iclası keçirilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iclasda çıxış edərək bildirib ki, hazırda beynəlxalq terrorçu təşkilatların fəaliyyət göstərdikləri ərazilərdə yaranmış şəraitin fonunda dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır. General-leytenant Mədət Quliyev bu baxımdan regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhdid və hədələr barədə əldə edilmiş qabaqlayıcı əməliyyat məlumatları mübadiləsinin intensivləşdirilməsinin, həmçinin terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı səmərəli təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib.

İclasda təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri üzrə aparılmış müzakirələrdə Yaxın Şərq və Orta Asiyadakı son vəziyyətə xüsusi diqqət yetirilib, yeni reallıqlar nəzərə alınmaqla MDB üzv dövlətlərin beynəlxalq terrorçuluq və ekstremizmin müxtəlif zorakı təzahürlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi edilib. Bundan başqa, SORB yanında Elmi-texniki əməkdaşlıq, İnformasiya təhlükəsizliyi, İbtidai istintaq sahəsində əməkdaşlıq, Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq qanunsuz dövriyyəsi ilə mübarizə üzrə komissiyaların fəaliyyətlərinin yekunları qiymətləndirilib. Eləcə də SORB-un və MDB Antiterror mərkəzinin 2018-ci il üçün fəaliyyət planları müzakirə olunub.

Rusiya Federasiyasının dövlət başçısı tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndə heyəti Rusiyanın dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

*   *   *13:40

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 43-cü iclasında iştirak edir.

*   *   *13:12

“Beynəlxalq terrorçular Suriya və İraqda məğlub olandan sonra yenidən qruplaşaraq Yaxın Şərqin hüdudlarından kənara çıxırlar”.

Bunu Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, terrorçuların əsas mərkəzi Əfqanıstandır: “Bu ölkədə İŞİD-in mövqeləri mövcuddur. Artıq oradan terrorçuların MDB ölkələrinin ərazisinə keçmək imkanı var”.

Bortnikov bildirib ki, MDB ölkələrinin təhlükəsizlik orqanları Suriyada terrorçular tərəfindən döyüşmək üçün müəyyən şəxsləri göndərən 11 kanalı bağlayıb.

O, əlavə edib ki, xüsusi xidmət orqanları təşkilata daxil olan dövlətlərin diplomatik nümayəndəliklərinə hücumun qarşısını alıb.

Virtualaz.org xatırladır ki, bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının 43-cü iclası başlayıb.

İki gün davam edəcək iclasda iştirakçılar 15 məsələyə, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlığın müxtəlif aspektlərinə baxacaq, “Sipər-2017” xüsusi taktiki təlimlərin yekununu vuracaq, yeni birgə antiterror əməliyyatlarının keçirilməsi barədə razılığa gələcəklər.

Bundan əlavə, görüşdə MDB Antiterror Mərkəzinin 2018-ci il üçün planlaşdırılan fəaliyyəti, təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının işinin səmərəliliyinin artırılması və növbəti il üçün iş planı müzakirə ediləcək.

Qeyd edək ki, bu Şura 1997-ci ildə yaradılıb. Onun əsas vəzifəsi beynəlxalq xarakterli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində və xüsusi xidmət orqanlarının fəaliyyətinin razılaşdırılmış digər sferalarında səmərəli əməkdaşlığı təmin etməkdir.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …