Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Lütfi Zadə bu gün Bakıda dəfn olunacaq

Lütfi Zadə bu gün Bakıda dəfn olunacaq

Dünya şöhrətli alimlə vida mərasimi AMEA-da keçiriləcək və I Fəxri Xiyabanda dəfn olunacaq

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin nəşi Bakıya gətirilir. Alimin cənazəsi saat 6:00-da Bakıya çatacaq. Lütfi Zadənin cənazəsi aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq. Saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Daha sonra isə Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq.

Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova APA-ya bildirib ki, alimin oğlu Norman Zadə dəfn mərasimində iştirak etməyəcək.

AMEA-dan “Yeni Müsavat”a bildirib ki,  Lütfi Zadə ilə vida mərasiminin 2 saat- 14:00-a qədər keçirilməsi nəzərdə tutulub.

Məlumatlara görə, Lütfi Zadənin Bakıda dəfn olunmasının təşkili məsələlərinə rəhbərlik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırılıb.

Qeyd edək ki, Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib. O, ölməzdən öncə Azərbaycanda dəfn olunmağını vəsiyyət edib.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.

Onun atası İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. O, Bakıda kibrit satışı ilə məşğul olaraq, özünə müəyyən şərait qura bilib. Lütfi Zadənin atası eyni zamanda   Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.

Lütfi Zadə də ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə onlar iki yoldan birini seçməli idilər: ya sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət olduğu üçün hesab edilir ki, Lütfi Zadə burada qalsaydı, dünya şöhrətli alim ola bilməzdi.  Beləliklə də 10 yaşında Bakını tərk edərək Tehrana köçən Lütfi Zadə təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o, ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Universiteti bitirdikdən sonra Amerika Birləşmiş Ştatlarına yollanıb və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Alim süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru olub. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Lütfi Zadə həmçinin Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri seçilib. Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılıb.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.  Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakkum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …