Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Liftdən istifadə haqqı artırılacaqmı?..

Liftdən istifadə haqqı artırılacaqmı?..

“Lifttəmir” rəhbərliyinin təklifi müzakirə olunur

Bakı şəhərinin lift probleminin yaxın vaxtlarda həll olunacağı gözlənilir. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin yeni baş direktoru Xalid Ələkbərovun mətbuata verdiyi məlumata görə, bununla bağlı ölkə rəhbərliyinin xüsusi göstərişi olub.

İki gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yanında qış hazırlıqları ilə bağlı keçirilən müşavirədə də lift məsələsi müzakirə olunub. Tədbirlə bağlı yayılan rəsmi məlumatda qeyd olunur ki, müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub: “Bildirilib ki, olkə başçısının paytaxtın lift təsərüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər artıq fevral-mart aylarında reallaşacaq. Bu işlər şəhər icra hakimiyyətinin nəzarətində saxlanılır”.

Xatırladaq ki, Bakı və digər böyük şəhərlərin lif problemi uzun illərdir davam edir. Müxtəlif illərdə bu problemin həlli üçün dövlət büdcəsindənm iri həcmdə vəsaitlər xərclənib. Məsələn,  2013-cü ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 7 milyon manat vəsait ayrıldı. Həmin vaxt paytaxtdakı bir çox binalarda istismar müddəti başa çatmış liftlər dəyişdirilsə də, sonradan proses səbəbi bilinmədən dayandırıldı. Bəzi məlumatlara görə, həmin vaxt ayrılan pullarla Bakı şəhərində istismar müddəti başa çatmış, təhlükəli sayılan təxminən 1200 lift dəyişdirilib. Bu işi BŞİH-in “Lifttəmir” İstehsalat Birliyi həyata keçirib. Lakin bu il məlum olub ki, birliyin keçmiş rəhbəri Qüdrət Şükürov bu prosesdən külli miqdarda qazanc əldə edib. Belə ki, o, ABŞ-ın “United Technologies Corporation” şirkətinin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkətindən lift almaqla yanaşı, həm də iri həcmdə rüşvət alıb. Nəticədə bu il sentyabrın 12-də “United Technologies Corporation” ABŞ-ın Qiymətli Kağızlar Komitəsinə (SEC) 13.4 milyon dollar cərimə ödəməli olub. Bu korrupsiya əməlinə görə Q.Şükürov vəzifədən alınıb, barəsində isə cinayət işi qaldırılıb.

lifttəmir ile ilgili görsel sonucu

“Lifttəmir” İB-in yeni rəhbərliyi isə liftlərə görə xidmət haqqının aşağı olmasından şikayətlənir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin liftdən istifadəyə görə adambaşına müəyyən etdiyi aylıq 20 qəpik pul liftlərə qulluq xərclərini qarşılamır: “Biz də çalışırıq ki, digər qurumlar kimi, birlikdə sistem qurulsun və nağd ödənişdən qaçaq. Bu gün işçilərimiz vətəndaşdan 20 qəpik almaq üçün qapını döyür. Əhali elə düşünür ki, biz o pulu cibimizə qoyuruq. Amma onlar bilmir ki, adambaşına düşən lift ödənişlərinin qiyməti 20 qəpik deyil. Biz istəyirik ki, qiymətlərə baxılsın. Nazirlər Kabineti məsləhət bilsə, qiymətlər artırıla bilər. İdarəmiz dövlət vəsaitinin hesabına işləyir, əmək haqqı veririk. Ödəniş az olduğu üçün işçilərin əmək haqqını qaldıra bilmirik. Çünki dövlətdən maliyyələşirik”.

Baş direktor bildirir ki, adambaşına lift pulunun real dəyəri 1,8-2 manata yaxın çıxır: “Amma təklifdə minimum bir manat qeyd edilib. Bu məbləğ olsa və nağdsız hesaba keçilsə, işçilərimizin də qapı-qapı düşüb pul yığması məsələsi aradan qalxar. İnsan var ki, gedir bir manata adi su alıb içir, amma liftlə qalxmağa pul ödəyəndə deyir ki, niyə 20 qəpik ödəyirəm? Qiymət təklifdəki məbləğ olsa, lift xarab olanda onu təmir etmək, vəsait qoymaq olar”.

lifttəmir ile ilgili görsel sonucu

Hazırda “Lifttəmir” İstehsalat Birliyinin balansında 5300 lift var. Onların xeyli hissəsinin istismar müddətinin bitdiyinə dair dəfələrlə açıqlamalar verilib. Dövlət büdcəsindən ayrılacaq vəsait hesabına bu liftlərin hamısının yenisi ilə əvəz olunması gözlənilir. Bu proses başa çatdıqdan sonra isə böyük ehtimalla, liftdən istifadə haqqının artırılması məsələsi gündəmə gələcək. Mütəxəssislər hesab edirlər ki, çoxmənzilli binaların indiki idarəçilik forması qaldıqca, lift xidməti ilə bağlı problemlər davam edəcək. Belə ki, Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binaların idarə olunması onlarda yaşayan sakinlər tərəfindən kollektiv şəkildə həyata keçirilməlidir. Lakin Məcəllənin bu tələbinə hələ ki əməl olunmur: binalardakı mənzillərin böyük əksəriyyəti özəlləşdirilsə də, mənzil istismar sahələri vasitəsilə idarəetmə hələ də saxlanılır. MİS-lər isə əksər hallarda lift xidməti ilə  bağlı məsələlərdən kənarda qalmağa çalışırlar. Ekspertlərin fikrincə, binaların idarə olunması sakinlərin yaratdığı qurumlara verildikdən sonra liftlə bağlı problemlərin həllinə nail olmaq mümkündür.

Xatırladaq ki, ötən ilin iyununda Mənzil Məcəlləsinə mühüm bir dəyişiklik edilib. Həmin dəyişikliyə görə, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydaların hazırlanması nəzərdə tutulur. Belə binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Maraqlıdır ki, ölkənin iri şəhərlərindən olan Sumqayıtda liftdən istifadənin yeni tarifi qeyri-rəsmi də olsa artıq tətbiq edilir. Bu şəhərdə liftlərin yenilənməsi demək olar ki, başa çatdırılıb. Prezidentin ötən ilin dekabrında imzaladığı sərəncamla  Sumqayıtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, 105 istismar müddəti bitmiş liftin yenisi ilə əvəz olunması üçün büdcədən 3,7 milyon manat pul ayrılıb. Sumqayıt şəhər “Lift-servis” Birliyinin rəisi  Cümşüd İsmiyevin mətbuata verdiyi məlumata görə, onlar yaşayış binalarında sakinlərdən liftdən istifadə üçün 1 manat məbləğində aylıq ödəniş yığırlar: “Binaların 2-3-cü mərtəbələrində yaşayanlar ödənişi etməkdən boyun qaçırırdı. Biz də məcbur qalıb liftləri saxladıq. Yuxarı mərtəbələrdə yaşayan sakinlər özləri könüllü olaraq aşağı mərtəbədə yaşayan vətəndaşların da əvəzinə 2 manat məbləğində ödəniş edirlər”.

Sumqayıt təcrübəsi göstərir ki, əhali normal lift xidməti üçün adambaşına 1 manat ödəməyə etiraz etmir. Bu baxımdan, liftdən istifadə haqqının “Lifttəmir” İB rəhbərinin dediyi kimi, 1 manata qaldırılması realdır. Lakin X.Ələkbərovun xidmətin real dəyəri olaraq göstərdiyi 1,8-2 manata kiminsə razılaşacağı real görünmür. Bu hesabla 4 nəfərlik bir ailə ayda yalnız lift üçün 7,2-8 manat pul ödəməlidir. Bir çox hallarda aylıq enerji haqqı bu qədər olmayan ailələr üçün bu, kifayət  qədər ciddi məbləğdir. Buna görə də böyük ehtimalla, hökumət ilkin təklifin üzərində dayanacaq.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …