Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Leylanın ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı : “Həkim günahsızdır”

Leylanın ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı : “Həkim günahsızdır”

Plastik əməliyyatdan sonra dünyasını dəyişən 22 yaşlı model Leyla Oruclunun ölümündə təqsirləndirilən plastik-cərrah Sirus Qoçqani media nümayəndələri ilə görüşüb. 

Musavat.com-un məlumatına görə, tədbirdə ilk olaraq həkimin vəkili Türkər Süleymanlı çıxış edib. T.Süleymanlı Qoçqaninin modelin ölümündə heç bir günahı olmadığını deyib:

“Bir ildir Sirus Qoçqanı barəsində müxtəlif məlumatlar yayıldı. Onun adı cinayət işində hallandırıldı. Bütün bunlar Leyla adlı gənc modelin vaxtsız ölümündən qaynaqlanıb. Bu ölüm xronoloji olaraq əməliyyat bitdikdən bir qədər sonra baş verib. Lakin bəzi insanlar bundan Sirus Qoçqaniyə qarşı “qara piar” kimi istifadə etdilər. Leylanın anası Sevinc Alfmanlı və onun atalığı şikayət etdilər. Bəziləri Sirusun hansısa məqsədlə gəlib, Leylanı əməliyyat etdiyini deyir. Həkim uzun müddətdir Azərbaycanda yaşayır və fəaliyyət göstərir. Sirus həkimin fəaliyyətində indiyə kimi bir problem olmayıb. Hər bir plastik-cərrahla xəstə arasında razılaşma olub. Əməliyyat zamanı nələrsə dəyişə bilər. İnsan orqanizmidir, hər şey ola bilər. Amma peşəkar həkim qanuna əsasən iş görməlidir. Sirus Qoçqani də daim belə işləyib işini görüb. Leylanın yaxınlarının acısını başa düşürük. Amma buna görə onların başqasına qara yaxmaq haqqı yoxdur. Bundan başqa, iddia olunur ki, həkim farsdır, azərbaycanlı deyil. Bunlar yanlış fikirlərdir. Sirus Qoçqanı əslən cənubi azərbaycanlıdır”.

 

Sirus Qoçqani fəalliyəti haqda məlumat verib: 

“İlk ali təhsilimi İranın Tehran şəhərində yerləşən Tibb Universitetində almışam. Daha sonra Almaniyada ixtisas artırma kurslarında iştirak etmişəm. 2002-2008-ci illərdə İranda iki klinikam olub, orada çalışırdım. 2007-ci ildə fəalliyyətimi Azərbaycanda davam etdirməklə bağlı təklif gəldi. 2007-ci ildə Bakıdakı klinikaların birində baş həkim kimi fəaliyyətə başladım. 8 il ərzində tam yeni estetik əməliyyatları yerinə yetirmişəm. Klinika ilə birgə Azərbaycana bir çox avadanlıqlar gətirmişik. 2002–ci ildə İranda lazer aparatlarını ilk mən tanıtdırdım. 100-ə yaxın plastik-dermatoloqa işi öyrətmişəm. Mənim pasientlərimin 20 faizi xaricdəndir”.

S.Qoçqani modelin ölümündə günahsız olduğunu bildirib: 

“Mən xidmətlərimi qabartmıram, göstərmirəm. Fəxr edirəm ki, Azərbaycanda işləyirəm. Bu bədbəxt hadisə idi. Mənim günahım olmayıb. Xəstə əməliyyatdan sonra ayıldı, palataya keçdi. 2-3 saatdan sonra vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirildi. Ekspertizadan da məlum oldu ki, mənim günahım yoxdur. Çox təəssüf edirəm ki, bu hadisə yaşandı”.

Vəkil deyib ki, mərhum modelin anası Sevinc Alpman Qoçqaniyə qarşı “qara piar”a başlayıb: 

“Leyla gənc, gözəl, perspektivli qız idi. Hazırda onun anası Sevinc Alpman həkimə böhtan atır. Yayır ki, guya Siruz Qoçqani cins dəyişdirmə əməliyyatları aparır. Başqa klinikalarda da bir neçə xəstənin ölümü ilə nəticələnən əməliyyat edib. Leylanın ölümünü hamı eşitdi. Bundan əvvəl belə bir əməliyyat olsaydı, hamı eşidərdi. Estetik əməliyyatlar heç vaxt tibbi göstəriş əsasında olmur. Estetik əməliyyat etdirənlər öz istəyi ilə həkimə müraciət edirlər. Heç bir həkim xəstəni gözəllik üçün bıçaq altına yatmağa məcbur etmir. Özündə qüsur görən insan, hər hansı bir yerini bəyənməyən könüllü olaraq həkimə müraciət edir. Alpman deyir ki, Siruz insanlara sosial şəbəkədə təzyiq göstərir, onları əməliyyat olmağa məcbur edir. Bunlar yalan fikirlərdir. Leylanın anası və yaxınları klinikaya gəlib, orada da səs-küy salıblar. Qızın anası deyir ki, mən ancaq qızım öləndən sonra əməliyyat barədə xəbər tutmuşam, gərək mənə öncədən deyərdilər. Həkim onların ailə münasibətlərini haradan bilə bilər?

 

Əgər sizin qızınızla probleminiz varsa, o əməliyyata gedəndə sizə xəbər vermirsə, burada həkimin nə günahı var? İkincisi, deyirlər ki, əməliyyatdan öncə niyə yaxınlarından icazə almayıblar? Ailə və yaxınlardan o zaman icazə alırlar ki, xəstə huşsuz vəziyyətdə olur və özü qərar verə bilmir. Həm də Leyla Orucova yetkinlik yaşına çatmış xanım olub. Onun əməliyyatı üçün kimdənsə razılıq almağa ehtiyac yoxdur. Leylanı həkim əməliyyat etmək istəməyib, onunla danışıqlar aparıb. O isə israrla bildirib ki, əməliyyat etməsə, başqa yerə müraciət edəcək. Liposaksiya bizdə qadağan olunmayıb, qeyri-adi əməliyyat deyil. Sevinc Alpman hansı haqla deyir ki, həkimin diplomu yoxdur? Azərbaycanda diplomsuz heç kəs əməliyyat edə bilməz. Bundan əlavə, Leyla əməliyyata yalnız gəlməyib.  Xəstəxanaya da sevgilisi ilə birgə müraciət edib”.

Vəkil bildirib ki, S.Qoçqaninin həbs olunma xəbərləri yayılıb: 

“Qoçqaniyə rəqib olan bəzi plastik-cərrahlar bu vəziyyətdən istifadə edirlər. Internetdə, televiziyada Sirus Qoçqaninin həbs olunması ilə bağlı xəbərlər yayılıb. Cəmiyyətə bu qədər ağ yalan vermək olmaz. Hazırda Qoçqani ilə bağlı qaralama kampaniyası aparılır. Sevinc Alpman özü dili ilə deyir ki, qızım qan köçürüləndən sonra ölüb. Estetik əməliyyat edən həkim qan köçürmür axı. Leylanın ölümünə səbəb piy emboliyası göstərilir, bu da ekspertiza tərəfindən təsdiq olunub.   Doktorun günahı ancaq o zaman olardı ki, əməliyyat zamanı xəstənin halı qəflətən pisləşərdi.

Əgər həkimin günahı olsaydı hüquq mühafizə orqanları bu işi buraxmazdılar. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Böhtanların qarşısını almaq istəyirik. Leyla bundan əvvəl də Sirus bəyin yanında əməliyyat olunmuşdu. Narazı qalsaydı, ikinci dəfə gəlməzdi. Sevinc xanım araşdırmadan həkimi günahlandırır. guya, xəstəxanada hamı günahkardı”.

Plastik-cərrah Leylanın bir neçə dəfə ona əməliyyat üçün müraciət etdiyini söyləyib: 

“Xəstənin anasına dedim ki, istəsəniz cəsədin yardırıb, dəqiq öyrənin. Anası dedi ki, yox qızımın yarılmasını istəmirəm. Mənə çox əziyyət edirlər, şər atırlar. Mənim yanıma gəlməzdən əvvəl Leyla başqa həkimə gedib. Amma narkoz verilən zaman əməliyyat masasından durub qaçıb. Bunu da anası bilməyib? Mən nə edim, ana bilməliydi.

Leyla dedi ki, “Modeləm, İnstaqramda lağ edirlər. Yazırlar ki, ombam hamardı, belimdə piy var. İş tapa bilmirəm kömək edin”. Yalandan dedilər ki, guya əməliyyata girəndə çəkisi 49 kiloqram olub. Leyla 64 kiloqram idi, bədənində yetərincə piy var idi. Biz belindən piyi çəkib ombasına vurduq. Qız yalvarırdı və narahat idi. Mən də əməliyyata götürdüm. Həmin vaxt əməliyyat çox idi, vaxt tapa bilmirdim. Məcbur ona vaxt ayırdım”.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …