Ana səhifə / Leyla Əliyeva tələb edir, icra başçısı isə… – (Yenilənib, Fotolar)

Leyla Əliyeva tələb edir, icra başçısı isə… – (Yenilənib, Fotolar)

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional İdarəsi rayon mərkəzindəki xiyabanda unikal ağacların kəsilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib. Həmin müraciətdə bu vəziyyətdən narahatlıq ifadə olunub, nadir ağacların qırılmasına dərhal son qoyulması və müvafiq araşdırma aparılaraq günahkarların cəzalandırılması tələb edilib”.

Bunu virtualaz.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki mənbə söyləyib.

Bundan başqa, məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA ictimai təşkilatı da bundan bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət edərək rayondakı parkda ağacların kəsilməsindən narahatlığını bildirib və bunun dərhal dayandırılmasını tələb edib.

Lakin İDEA təşkilatının da bu məsələyə müdaxiləsinə baxmayaraq Lənkəran Rayon İcra Hakimiyyəti nadir ağac növlərinin qırılmasına göz yummaqda davam edir.

*   *   *13:47

Lənkəran şəhərinin mərkəzindəki unikal park vəhşicəsinə məhv edilərək dağıdılır.

Bu məlumatı virtualaz.org saytının redaksiyasına müraciət edən bir qrup Lənkəran sakini verib.

Sakinlər bildirir ki, Lənkəran rayonunun rəhbərliyi uzunluğu 150 metrdən çox olan bu xiyabanı tamamilə dağıtmağa hazırlaşır. Onların sözlərinə görə, Lənkəran Dövlət Universitetinin binası ilə üzbəüzdə yerləşən bu parkda çoxlu sayda nadir ağaclar və güllər əkilib. Amma yerli məmurlar belə unikal xiyabanı məhv edib yerində ticarət obyektləri tikməyə qərar veriblər.

Müraciətdə deyilir ki, hələ xiyabanda ilk ağaclar kəsilməyə başlayanda yerli sakinlərin bir qrupu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Nazirlik də Lənkəran şəhər sakinlərinin müraciətinə dərhal reaksiya verib. Nəticədə akt tərtib olunub. Həmin sənəddə deyilir ki, bu xiyabandakı 79 ağacın heç biri kəsilə bilməz. Nazirliyin aktı yerli bələdiyyəyə də təqdim olunub.

Lakin hətta bu da yerli məmurların unikal ağacları kəsib parkı məhv etmək ehtirasının qarşısını ala bilməyib. “Diribaş” məmurlar yeni taktikaya keçiblər. Onlar hər 3-4 gündən bir olmaqla bir ağacı kəsiblər ki, yaşıl soyqırımı diqqəti o qədər də cəlb etməsin. Özü də məmurlar ağacları əvvəlcə budayırlar, bir neçə gün keçəndən sonra isə onları yararsız kötük kimi kökündən çıxarıb atırlar.

Lənkəran sakinləri parkın hamının gözü önündə dağıdılmaqda davam etdiyini görən kimi polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətti”nə müraciət ediblər. Lakin  onların bu müraciətlərinə hələ heç yerdən bir reaksiya yoxdur. Ağaclar qırılmaqda, xiyaban məhv edilməkdədir, ticarət obyektlərinin tikintisi isə tam gücü ilə gedir.

Bunu Lənkəran şəhər sakinlərinin virtualaz.org saytının redaksiyasına təqdim etdiyi fotolar da aydın göstərir…

Virtualaz.org

Lənkəran parkı ağaclar kəsilməzdən əvvəl…

…və sonra

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …

Bir cavab yazın