Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “LEŞ MAFİYASI”nın GİZLİ SEXLƏRİ – Bütün yollar Keşləyə aparır

“LEŞ MAFİYASI”nın GİZLİ SEXLƏRİ – Bütün yollar Keşləyə aparır

Son günlər ölkədə murdar, qida üçün yararsız leş ətlərinin tez-tez aşkar edlməsi diqqəti növbəti dəfə kolbasa istehsalına yönəldir. Çünki “Leş mafiyası” tərəfindən belə ətlərin əsasən kolbasa-sosiska sexlərinə verildiyi məlumdur.
Xəbər verildiyi kimi ötən ay Daşkəsən rayonunun Quşçular kəndi ərazisində“Elba” MMC-yə məxsus 6 ton eşşək, at, ölmüş mal-qara ətinin aşkarlandı. Məlum oldu ki, şirkətin rayon ərazisindəki kəsim sexinin anbarına yığılan bu qədər murdar ət kolbasa və sosiska istehsalına gedəcəkmiş. Həmçinin sözügedən şirkətin Bakıda və ölkənin başqa rayonları ərazisində dönər mağazalarına ət göndərdiyi məlum olub.

 

193397_src

Virtualaz.org Dövlət Baytarlıq Xidmətinin yaydığı məlumatlar əsasında son iki ay ərzində leş əti satan və ondan kalbasa, sosiska hazırlayan sexlərlə bağlı statistikanı araşdırıb. Məlum oldu ki, təkcə aprel və may ayları ərzində 12 belə sex və anbar aşkarlanıb, dövriyyədən tonlarla mənşəyi bəlli olmayan ət çıxarılıb. Respublika Baytarlıq Laboratoriyasında aparılan analizlər zamanı bu məhsulların güclü bakterioloji çirklənməyə məruz qaldığı, insan həyatı üçün təhlükə törətdiyi müəyyənləşib. Belə məhsulların bazarlara yol tapması faktları da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Xatırladaq ki, bir müddət əvvəl saxta limonad istehsal edən sexlər də ölkədə bu cür geniş yayılmışdı. Hazırda belə sexlərin sayı azalsa da, saxta kolbasa məhsulları hazırlayan sexlər hələ də qalır. Hətta istisana deyil ki, bəzi tanınmış böyük şirkətlər belə öz məhsullarının hazırlanmasında leş ətindən istifadə edirlər. 

193398_src

“Leş mafiyası”nın izi ilə… Bütün yollar Keşləyə aparır

 “Leş mafiyası”nın ən geniş məskənlərindən biri “8-ci km bazarı”dır.  Mənşəyi məlum olmayan ucuz ət satışı ilə məşhur olan bazarda həm də ən ucuz kolbasa, sosiska məhsulları satılır. Rəsmi məlumatlarda deyildiyi kimi “mənşəyi məlum olmayan” sosisləri elə bazarın girişindəcə görmək olar. Onları açıq havada, günün altında piştaxtaların üstünə düzüb satırlar. Adını söyləmək istəməyən satıcı qadın potensial alıcıları yarım kiloqramını 2 manata satdığı kolbasanın təmiz ətdən olmasına inandırmaq üçün and içirdi: “Keşlə ət kombinatından gətirmişik, təmiz mal ətidir, inanmırsız üstünü oxuyun”.

Bu kolbasadan çox almaq istədiyimizi, buna görə kolbasanın hazırlandığı sexə getmək istədiyimizi israr etsək də, satıcı bunun mümkün olmadığını bildirdi: “Mən sizə ünvan verə bilmərəm. Onlar tanımadıqları adama kolbasa satmırlar. Heç ünvanı desəm də, sizə sexdə heç kim kolbasa satmaz”, – deyə qadın bildirdi.

 

6

Kolbasanı əlimizə alıb o tərəf, bu tərəfinə baxsaq da, üzərində iri hərflərlə yazılmış “Servelat” sözündən və “tərtəmiz” tərkibindən başqa heç bir məlumat əldə edə bilmədik.

Bazarın həndəvərində açıq havada kolbasa satışı üçün qurulmuş daha bir piştaxtaya baş çəkirik. Burada da tanınmış firmaların məhsulları ilə yanaşı üzərində heç adı belə olmayan kolbasa və sosiskalara rast gəlinir. Satıcı Namiqin sözlərinə görə, onlara məhsullar ekspeditorlar tərəfindən gətirilir. Burada satılan kolbasaların əsas alıcıları isə tikintidə işləyən fəhlələrdir. Hətta belə ucuz kolbasalara xalq arasında “fəhlə kolbasası” da deyirlər.

“Bunları çox ucuz olduğuna görə hər adam almır, daha çox tikintidə işləyən fəhlələr alırlar. Əsas müştərilərimiz də onlardır. Ancaq onu bilirəm ki, Keşlədə, “Sərin” restoranının yaxınlığında sexlərdə hazırlanır. Dəqiq hansı ünvan olduğunu heç bizə də demirlər”,- deyə satıcı bildirir.

 

8

“Əti xaricdən alırıq” deyirlər…

Virtualaz.org bəzi tanınmış kolbasa və sosiska istehsal edən  firmalara da zəng edərək onların istifadəyə etdiyi xammalın mənşəyi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, əksər firmaların öz məhsullarının üzərinə həkk etdikləri telefon nömrələrinə ümumiyyətlə, zəng çatmır.  Cavab aldığımız şirkətlərin əksəriyyəti isə xammalı xaricdən gətirdiklərini deyir.

“Sevimli dad” şirkətinin meneceri Natəvan İsmayılovanın virtualaz.org-a bildirdiyinə görə, şirkət daha çox Ukraynadan xammal idxal edir. “Bizdə həm xarici, həm də yerli xammaldan istifadə olunur. Xaricdən ancaq Ukraynadan gətiririk. Bizdə leş ətindən, murdar ətdən istifadə olunmur, buna əmin ola bilərsiniz”, – deyə menecer bildirir.

Lakin yerli ətin haradan gətirildiyini, necə, hansı formada alındığını isə şirkət nümayəndəsi özü də bilmir, yaxud bizə açıqlamaq istəmir. Şirkət rəsmisi həmçinin bazarda leş əti ilə bağlı qalmaqalların, yayılan xəbərlərin və reportajların şirkətin satış bazarına təsir etdiyini, satışın azaltdığını da etiraf etdi.

 

9

Digər bir tanınmış kolbasa istehsalçısı olan “Ovçular” şirkətindən də yerli mal-qara ətindən çox az istifadə etdiklərini dedilər. Şirkətin icraçı direktoru Nazim Kazımovun virtualaz.org-a bildirdiyinə görə, aldıqları ətin keyfiyyətindən əmindirdirlər: “Biz xammalı daha çox Moldova, Ukrayna, Hindistan və Braziliyadan alırıq. Yerli ət istehsalından da istifadə edirik, amma bu çox nadir hallarda olur. Bizdə 1-2 yerli ət istehsalçısının uyğunluq sertifikatı var ki, bunlardan biri “Səhliyalı”dır. Onların öz fermaları var. Biz də əti onlardan alırıq. Ümumiyyətlə, bizim istifadə etdiyimiz həm yerli, həm də xarici ətin uyğunluq, keyfiyyət sertifikatı var”, – deyə icraçı direktor  bildirdi.

Xaricdən gələn ətin mənşəyi və keyfiyyətinə gəlincə isə, şirkət rəsmisi bildirdi ki, bu ətlər gömrük nəzarətindən keçirilir və baytarlıq xidməti tərəfindən yoxlanılır. Lakin N. Kazımov hesab edir ki, ümumilikdə leş əti ilə bağlı məlumatların yayılması kolbasa və sosiska məhsullarının satışını azaltsa da, onların satış bazarına demək olar ki, təsir etməyib: “Bizim məhsullarımızı alanlar onların keyfiyyətindən xəbərdardırlar. Ona görə də, bizim müştərilərimiz daimi müştərilər olduğundan alıcı sarıdan əziyyət çəkmirik”.

 

2“CF-Kristal” şirkəti ilə də maraqlandıq. Şirkətin Fariz Qurbanov adlı əməkdaşı məhsullarla bağlı danışmaq istəməsə də, həm file, həm də mal ətinin Ukraynadan gətirildiyini bildirdi.

“20 ildir “Leş mafiyası”ilə vuruşuruq”

 Kolbasa bazarında yararsız ətdən istifadəni ekspertlər də təsdiqləyir. Kiloqramı 3-4 manata satılan sosiska, 5-6 manata satılan kolbasanın qiyməti onun keyfiyyətini şübhə altına qoyur. Ətin kiloqramı 10-11 manat olduğu halda 1 kq kolbasanın 5-6 manata satılması necə mümkündür?

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, ölkədə leş ətindən hazırlanan məhsulların olması ilə bağlı bütün dövlət orqanlarına məlumat verilsə də, belə ətlərin alıcılarını heç kim üzə çıxarmır:

 

193406_src

“AİB 20 il dir ki, “Leş mafiyası” ilə vuruşur. Ən uğurlu iş ötən il aprel-may aylarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən görüldü və xeyli bu cür adamlar ifşa olundu. Təəssüflər olsun  ki, biz bütün dövlət orqanlarına bu barədə məlumat versək də, belə ətlərin alıcısını heç kəs üzə çıxarmır. Bu leş ətini həmin şəxslər harasa aparırlar? Bax burada qaranlıq amillər var”, – deyə AİB sədri qeyd edir.

E. Hüseynovun sözlərinə görə, problemin həlli üçün ölkə qanunvericiliyində dəyişikliklər olmalıdır. İstehlakçıların hüquqları haqqında qanun dəyişdirilməlidir, cərimələr artırılmalıdır.

“Hazırki qanunvericiliyə görə, it ətini də sata bilərsən…”

“Hazırdakı qanunvericiliyə görə, sən it ətini də istehlakçıya sata bilərsən. 100 manat dəyərində belə ətin satışına görə heç bir cəza yodur. 100 manatdan sonra cinayət məcəlləsində cəza nəzərdə tutulur. Qanunlardak bu boşluqların sayəsində leş əti də satılar, o yana da keçər. Üstəlik dövlət orqanları, Kənd Təsərrüfatı Nazirliyi əməkdaşları qeyd edirlər ki, leş əti də satmaq olar, bir şərtlə ki, gərək üzərində nə əti olduğu yazılsın. Əslində isə bu dövlət orqanı əməkdaşları təhlükəli ətlərin satılmasının qarşısını almalıdırlar”.

 

193410_srcQeyd edək ki, “Leş mafiyası”nın ölkəyə yayılması və rahat fəaliyyət göstərməsi ilə bağlı artıq bəzi millət vəkilləri sərt reaksiya veriblər. Deputat Fazil Mustafa hesab edir ki, leş ətinin sifarişçilərini tapıb aşkara çıxarmaq və cəzalandırmaq lazımdır: “Burada bəlkə də ən az suçu olan satıcılardır. Əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır. Bu məsələdə bütün ictimaiyyət polis əməkdaşılarına köməklik göstərməlidirlər. Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır”.

Milli Məclisin ötən gün keçirilən iclasında millətvəkili Çingiz Qənizadə də son günlər at, eşşək ətinin və vaxtı keçmiş yararsız ət məhsullarının  bazarlara ayaq açmasından şikayətlənib. Onun sözlərinə görə, mübarizə tədbirləri istənilən effekti verməməsi qanunda olan boşluqlarla bağlıdır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi müntəzəm olaraq istehlakçılara kolbasa məmulatları alarkən marka  və etiketində istehsalçının adı və ünvanı; əmtəə nişanı; istehsal və qablaşdırma tarixi; xalis çəkisi; məhsulun tərkibi; saxlama müddəti, saxlama şəraiti; hətta məhsulun hazırlanma üsulu və müvafiq standartın adı olmayan məhsulları almamaqla bağlı xəbərdarlıq edir. Lakin görünən odur ki, bu xəbərdarlıqların təsiri ya olmur, ya da çox azdır. Çünki “leş mafiyası” da öz işindədir, Bakıda hansısa zirzəmilərdə leş ətindən “fəhlə kolbasası” hazırlayan və bu mafiya ilə əlaqələri gizli sexlər də…

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın