Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Lalə Məmmədova: “Mən kef edirəm…”

Lalə Məmmədova: “Mən kef edirəm…”

Əməkdar artist Lalə Məmmədova Musavat.com saytının suallarına cavab verib. Sənətçi ilə söhbətə yeni yaradıcılıq işlərindən başladıq:

– Yeni mövsümdə yeni yaradıcılıq işləriniz olacaq?

– Yeni mahnılar üzərində işləyirəm. Aygün Səmədzadə, Faiq Şücəddinov, Nadir Əzimov, Novruz Aslandan mahnı almışam, onları yazdırıram. Yeni klip çəkdirmək istəyirəm , amma bəzi problemlər mane olur. Təəssüf ki, bizdə klip telekanalı yoxdur. Çəkdirdiyimiz kliplər yalnız “Youtube” kanalımızda yayımlanır. Bu məni qane etmir. Dünyanın bütün sivil ölkələrində musiqi kanalı var. İstəyən izləyir, istəməyən izləmir. Bizdə belə kanal yoxdur, telekanallar bəzən kliplər təqdim edirlər. Mən seriala baxan insan deyiləm. Klipə baxmaq üçün oturub, serialın bitməsini gözləməliyəm? Çox çətindir.

– Son günlər sosial şəbəkələrdə məşhurların təhqir olunması müzakirələrə səbəb olub. İnsanların tanınmışlara qarşı aqressiv olmasının səbəbi nədir?

– Sənət adamları xalqı qıcıqlandırmamalıdır, onları düşünməlidir. “Mən kef edirəm, siz vecimə deyilsiniz” kimi ifadələr işlətmək olmaz. Mən də tanınmışları izləyirəm, qıcıq yaradacaq şeyləri görürəm. Biz hamımız bu xalqın nümayəndəsiyik. Bizdə hansısa milyonçunun övladı olan müğənni yoxdur, hamımız bu millətin balalarıyıq, kasıb ailədən gəlmişik. Keçmişimizi unutmamalıyıq. Ona görə də insanları incidəcək paylaşımlar etmək olmaz.

– Sizi də təhqir edənlər olub?

– Mən tənqidləri normal qarşılayıram. Heç kim mükəmməl deyil, heç kimi də hamı sevə bilməz. Əsas odur ki, təhqir olmasın. Mən kimisə təhqir etsəm, gözdən düşərəm. Təhqir yazanlar tərbiyəsiz insanlardır. Tərbiyəli insan ya heç nə yazmır, ya da olan məsələləri yazır. Mənə təhqir yazan olmayıb. Bəzən keçmiş həyatımla bağlı şərhlər yazırlar. Gülüb keçirəm.

– Sizin bu sənətdə vizit kartınız “Məktəb illəri” mahnısı olub və sözügedən bəstə hələ də sevilir. Buna səbəb nədir? Niyə həmin tərzdə yazılan mahnılar “Məktəb illəri”-nin yerini tuta bilmir?

– Bəzən mənə deyirlər ki, o mahnını sizdən yaxşı oxuyan olmayacaq. Mən isə içimdə gülürəm, çünki bunu heç kim bilə-bilməz. Azərbaycana elə bir istedad gələ bilər ki, mahnını məndən də yaxşı oxuyar. Ona görə də böyük danışa bilmərik. İstedadlı insanlara qısqanclıqla yanaşmaq olmaz. Tarixdə o qədər istedadlı sənətkarlar olub, onların yerini heç kim tutmayıb. “Məktəb illəri” mahnı deyil, böyük bir əsərdir. Xoşbəxt insanam ki, bir mahnı mənim vizit kartım oldu. Bəzi sənətçilər illərini bu sənətə can qoysalar da özlərini təsdiqləyəcək mahnı tapa bilmirlər. Mən isə 20 yaşımda bir mahnı ilə məşhurlaşdım . Xoşbəxtəm ki, o mahnı hələ də sevilir.

– Hazırda sənət aləmində durğunluqdur. 4-5 müğənnidən başqa heç kim yaradıcılıqla məşğul olmur.

– Mən nə televizor baxıram , nə şou xəbərləri izləyirəm. Artıq marağım itib, verdiyim müsahibələrdən xəbərim yoxdur. Bu mənim üçün rahat həyatdır. Bəlkə də, qayğılarım çoxalıb, ona görə maraqlanmıram. İki qızım var, hərəsinin öz problemi var. Övladlarım mənim üçün hər şeydən vacibdir. Ona görə də zamanımı əsasən onlara ayırıram.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın