Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı AÇIQLAMA

Laçın şəhərindən yan keçəcək yeni “dəhliz”lə bağlı AÇIQLAMA

“Bu barədə hələlik əlimizdə heç bir rəsmi məlumat yoxdur. Laçın şəhərindən yan keçəcək yeni “dəhliz” yolunun inşası haqda rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq”. 

Bunu hazırda Rusiyanın rəsmən sülhməramlı missiyalı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhərindən, eləcə də  bir neçə kəndimizdən yan ötəcək yeni “dəhliz” yolunun inşasına başlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərlə bağlı Moderator.az-ın sualına cavabında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli söyləyib.

“Hazırda işğaldan azad olunmuş torpaqlarımızda tikintisinə rəsmən başlanmış digər yolların çəkilişi isə davam edir” – deyə şöbə rəisi əlavə edib.

Qeyd edək ki, bəhs edilən mövzuda sosial şəbəkələrdə yayılmış məlumat və video-görüntülərdən belə çıxır ki, yeni “Laçın dəhlizi” yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri – Qayğı qəsəbəsi – Həkəri çayı – Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla çəkilir. 

Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı  xalqa müraciətində  sözügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb.

Dövlət başçısının müraciətindən həmin sitatı bir daha nəzərinizə çatdırırıq: 

“İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib – üç il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik” – deyə Prezident bildirib.

İlham Əliyev vurğulayıb ki, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq:

“Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …