Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur…

Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur…

2014-cü ilin fevral ayında Moskva Avropanın müharibədən sonrakı tarixində ilk dəfə digər suveren dövlətin ərazisinin bir hissəsini zəbt etmiş və bununla Avropa və qlobal təhlükəsizlik sisteminin sabitliyini pozmuşdur. O zaman dünya praktik olaraq yekdilliklə Krımın Rusiya tərəfindən işğal olunmasını qınamış və o vaxtdan öz mövqeyini dəyişməmişdir, lakin Kreml, 2008-ci ildə Gürcüstanı bağışlayan kimi, Krımı da ona yaxın zamanlarda bağışlanacağına əmindir.

Ağlı başında olan bütün siyasətçilər, analitiklər və hüquqşünaslar Moskvanın beynəlxalq hüququ kobud şəkildə pozması ilə razılaşır, heç kəs şübhə etmir ki, hüquqi nöqteyi-nəzərdən Krım Ukraynaya məxsusdur. Bu da, əlbəttə ki, çox yaxşıdır. Lakin, bununla belə, dünyada bir çoxları hesab edir ki, Putinin davranışını “insani cəhətdən” başa düşmək mümkündür, çünki, onların eşitdiyinə görə, “Krım həmişə rusların olub”. 

Daha cəfəng və bu cür zəif əsaslandırılmış başqa bir mif tapmaq qeyri-mümkündür, lakin, nə qədər qəribə olsa da, bu cəfəngiyat bütün dünya üzrə öz köklərini salmış və beynəlxalq kütlə şüuruna daxil ola bilmişdir. Səbəb, görünür, ondadır ki, Rusiya təbliğatı bu yalan məlumatı SSRİ-nin dağılmasından dərhal sonra, yavaş-yavaş yaymağa başlamışdır, o zaman müharibə qoxusu belə gəlmirdi. Amma, müharibə başlayan zaman “qeyri-rəsmi” beynəlxalq fikir artıq formalaşmışdır. Bu məqalədə mən yalan məlumatı təkzib edən və doğruluğu Vikipediyada və ya istənilən digər obyektiv mənbələrdən təsdiq edilə bilən faktları danışmaq istərdim. Beləliklə, faktları budur. Krımın yerli əhalisi Krım tatarlarıdır ki, onların öz dövləti, Krım xanlığı vardır. Bu dövlət güclü və yüksək mədəniyyətli müsəlman dövlət idi. Ruslara gəldikdə isə, hərbi əsirləri saymasaq, onlar bu yarımadada heç yox idilər. XVIII əsrin əvvəlində Birinci Pyotrun islahatları sayəsində Moskoviya Rusiya imperiyasına çevrilir, güc toplayır və qonşu Avropa ölkələrini istila edir. Estoniya və Latviyanı 1721-ci ildə, Litva və Varşava daxil olmaqla, Polşanın bir hissəsini 1795-ci ildə, Finlandiyanı isə 1809-cu ildə istila edir. Bu gün onların hamısı suveren, milli dövlətdir, BMT, Avropa İttifaqı və NATO (Finlandiyadan başqa) üzvüdür. Və çətin ki, kimsə bu dövlətlərin “həmişə rus dövlətlər olduğunu” deməyə cürət edər. Krım xanlığı 1783-cü ildə Moskva tərəfindən istila edilmişdir, yəni tarixi nöqteyi-nəzərdən bu nisbətən yaxın zamanlarda baş vermişdir. Beləliklə, Krımın əzəldən Rusiyanın olması barədə danışmaq açıq-aydın cəfəngiyatdır.

Krım sadəcə Rusiya imperiyası tərəfindən silah gücü ilə alınmış bir dövlətdir. Krımın digər adıçəkilən dövlətlərdən fərqi odur ki, 1917-ci ildə Rusiya imperiyası dağıldığı zaman, tatarlar şəxsi azadlığını qoruya bilməyib. Krım, Ukrayna kimi, bolşeviklər tərəfindən işğal edilmiş və yeni SSRİ adlı həmin rus imperiyası tərkibində qalmışdır. Lakin Sovet İttifaqı zamanı Krımla müqayisədə Ukraynanın bəxti daha çox gətirmişdir. Ukrayna formal dövlət suverenliyi əlaməti olan “ittifaq respublikası” olmuşdur, Krıma isə Moskva 1921-ci ildə Ukrayna ittifaq respublikası deyil, Rusiya tərkibində muxtarlıq statusu vermişdir. Kremlin bu qərarı obyektiv reallığa zidd idi, çünki coğrafi cəhətdən Krım yarımadası Ukraynanın bir hissəsidir, Rusiya ilə isə heç bir ərazi əlaqəsi yoxdur. Ərazi cəhətdən Ukraynaya, inzibati olaraq Rusiyaya məxsus olması yarımadanın iqtisadi inkişafını əhəmiyyətli dərəcədə çətinləşdirir, çünki Krımın bütün tədarükü Ukraynadan həyata keçirilirdi. Vəziyyəti Moskva özü düzəltdi, və nəhayət coğrafi və geoiqtisadi reallıqları qəbul etmək məcburiyyətində qaldı. 1954-cü ildə Kreml Krımın Rusiya Respublikasından Ukrayna Respublikasına verilməsinə təşəbbüs etmişdir (Kreml təsəvvür belə etməzdi ki, Ukrayna nə vaxtsa müstəqil ola bilər, bu səbəbdən SSRİ rəhbərliyi üçün Krım, bütün Ukrayna kimi də fiziki olaraq Rusiyaya məxsus hesab edilirdi). Ayrıca onu qeyd edim ki, Krım SSRİ-nin qanun və prosedurlarına uyğun verilmişdir. Krımın Ukraynaya başıboş Xruşovun özbaşına verilməsi haqqında Rusiya uydurması isə kobud cəfəngiyatdır. 1954-cü ildə Xruşov bu cür özfəaliyyət üçün kifayət qədər hakimiyyətə malik deyildi. Beləliklə, “Krım həmişə Rusiyanın olub” adlı kəlmənin həqiqətdə nə demək olduğuna yaxınlaşdıq. Söhbət heç əsr yarımlıq Rusiya imperiyası (1783-1917) əsarətindən belə getmir, çünki bu halda iradlar bu gün müstəqil dövlət olan keçmiş müstəmləkələrə də aid edilə bilərdi. Burada əhəmiyyət kəsb edən Krımın 1921-ci ildən 1954-cü ilə qədər, yəni cəmi 33 il ərzində Rusiya sovet respublikasının tərkibində olan müddət hesab edilir!Görünür, SSRİ dağılandan sonra 1954-cü il olmasa idi, Krım Rusiyanın tərkibində olacağı barədə fikir Rusiya rəhbərlərini çox qıcıqlandırırdı. Lakin onlar düşünmürdü ki, 1921-ci il də olmasaydı, Krım Ukrayna tərkibində olacaqdı, 1783-cü il olmasaydı, Krım ümumilikdə 0% rus əhalisi olan müstəqil dövlət ola bilərdi. 

Beləcə, 2014-cü ildə imperiya abırsızlığı aşıb-daşmış və Kreml beynəlxalq hüququ, tarixi məntiqi və ədaləti heçə sayaraq, açıq-aydın cinayətkarcasına Kremli işğala qalxmışdır. Lətifə kimi 2014-cü ildə Rusiya prezidenti tərəfindən Krım barədə deyilmiş Rusiya mini-cəfəngiyatı nümunə kimi göstərmək istəyirəm. O bildirmişdir ki, “Krım Rusiya üçün müqəddəs mahiyyət daşıyır və məhz orada rus milləti və dövlətinin formalaşmasının mənəvi mənbəyi yerləşir”, çünki məhz Krımda knyaz Vladimir xristianlığı qəbul etmiş və sonra da bütün Rusu xristian etmişdir. Knyaz Vladimir həqiqətən də 988-ci ildə Krımda xristianlığı qəbul edib (hər halda bu salnamənə deyilir) və həmin ildə öz dövlətini də xaç suyuna salmışdır. Lakin, o, Moskva deyil, Kiyev knyazı idi, və Rusiyanı deyil, Kiyev Rusunu xaç suyuna salmışdır. Moskvaya gəldikdə isə, o zamanlarda nə Rusiya və də rus etnosu yox idi, sadəcə mövcud deyildi. Moskvanın yerindəki meşələrdə o zaman fin-uqor tayfaları üstünlük təşkil edirdi. Bir neçə əsr sonra onlar slavyanlar tərəfindən assimilyasiya edilmiş və müasir rus millətinin əsasını təşkil etmişdir. Və, beləliklə, yenə cəfəngiyat! Bu cür kobud tarixi saxtakarlıq beynəlxalq məlumat məkanına buraxılır. Onlar, aydın məsələdir, hesab edir ki, heç kəs Vikipediyaya nəzər salmayacaq. Lakin, “Rusiya Krımı” adlı mif, təəssüflər olsun ki, yalnız təbliğat feykləri və tarixi cəfəngiyatlar üzərində qurulmurdu. 1944-cü ilin may ayında Moskva miqyaslı cinayətkar əməliyyat həyata keçirmişdir. Həmin əməliyyatın məqsədi Krımı yerli əhalidən tam olaraq təmizləmək və onu etnik ruslarla əvəz etməkdən ibarət idi. Stalin rejimi bütün Krım-tatar xalqını 1941-1944-cü illərdə Krımı işğal etmiş hitlerçilərlə kollaborasionizmdə ittiham etmiş və, körpə uşaqlar da daxil olmaqla, 191 000 Krım tatarı iki gün ərzində SSRİ-nin uzaq Asiya regionlarına sürgün etmişdir. Kremlə bu etnik təmizləmə lazım idi, xəyanətdə ittiham isə sadəcə bəhanə idi. Çünki sürgünə o müddətdə cəbhədə faşistlərdə vuruşan 9000 tatar-qızıl əsgərlərin ailələri, sonra isə həmin o əsgərlər də göndərilmişdir. Bundan əlavə, tatarlardan sonra yarımadada əsrlərlə yaşayan və xəyanətdə ittiham edilməyən digər etnik qruplar də sürgünə göndərilmişdir. Yarımadada yalnız slavyanlar, yəni yerli ruslar və ukraynalılar qalmışdır. Bundan sonra Krıma Rusiyanın dərinliklərindən olan insanların kütləvi köçürülməsi başlamışdır. Onlar sürgün edilmiş yerli əhalinin 80 000 boş qalmış evlərində yerləşmişdirlər. Məhz həmin rus kolonistlərin nəsli bu gün Krım əhalisinin əsasını təşkil edir. Onlar Krımın Rusiya tərəfindən işğalını dəstəkləyir, Kreml məhz onların iradəsinə istinad etməyi sevir. Moskva sonuna qədər Krım tatarlarının vətəninə dönmələrinə maneçilik edirdi. Onların kütləvi repatriasiyası artıq müstəqil Ukrayna dönəmində başlamışdır. Məhz Ukrayna bütün xalqın yerləşdirilməsi üzrə bütün xərcləri və qayğıları öz üzərinə götürmüşdür. 2013-cü ilə qədər 266 000 tatar vətəninə qayıtmışdır, bu da yarımadanın əhalisinin 13,7% təşkil etmişdir. 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı Krım tatarları üçün əsl milli faciə olmuşdur. Onlar QULAQ-dan (Baş düşərgə idarəsi) canını qurtardı, QULAQ isə yenə onların doğma torpağına girdi. Bu səbəbdən, demək olar ki, bütün Krım tatar xalqı Rusiya işğalçıları ilə mübarizə aparır və Ukraynaya sadiq qalır. Məhz buna görə Krım tatarları bu gün işğalçılar tərəfindən törədilən zülmə və repressiyalara məruz qalır. 25 minə yaxın tatar yenə Krımı tərk etməyə və materik Ukraynasına miqrasiya etməyə məcbur qalmışdır. Kreml milli Krım tatar parlamenti olan Məclisi qadağan etmişdir, tatar mediası, təhsili, mədəniyyəti və dini təzyiqlərə məruz qalır, onlarla vətənpərvər həbsə atılıb. Beləliklə, 2018-ci ilin dekabr ayında 78 yaşlı anasına baş çəkmək üçün Krıma gələn tatar ictimai xadimi Edem Bekirov işğalçılar tərəfindən həbs edilmişdir. Bekirov əlildir, ağır diabet xəstəsidir, ayağı amputasiya edilmişdir, keçən il keçirdiyi infarktdan sonra ürəyində 4 ədəd şunt var. Lazımi dərman və tibbi qulluq olmadan həbsdə qalmaq onun üçün ölüm hökmünə bərabərdir. Yenə də Rusiya “ədaləti” onu həbsdə saxlayır. Onu içində 15 kiloqram partlayıcı maddə olan çantanı kiməsə ötürəcəyində ittiham edirlər, halbuki, səhhəti ona heç 2 kiloqramı belə qaldırmağa imkan vermir. İttihamların açıq-aşkar məntiqsizliyi, hüquqi özbaşınalıqla həyasızcasına lovğa hərəkətlər onu göstərir ki, Rusiya repressiya maşını Krım tatarlarını qorxuzmağa və mənəviyyatını pozmaq istəyir. Qeyd edim ki, təkcə Krım tatarları repressiya qurbanı olmamışdır. Bütün dünya Krımın işğalına qarşı açıq-aşkar etiraz edən, qanunsuz məhkum edilmiş kinorejissor, etnik rus və əsl Ukrayna patriotu Oleq Sentsovun adını yaxşı bilir. İşğal edilmiş Krımdakı evi üzərində Ukrayna bayrağını qaldırmış və buna görə həbsə atılmış etnik ukraynalı Vladimir Balux bizim üçün mərdlik simvolu olmuşdur. Gördüyünüz kimi, torpaqlarının rus işğalçıları tərəfindən kobud zəbtinə qarşı milliyyətindən asılı olmayaraq dürüst və mərd insanlar etiraz edir və mübarizə aparır. Moskvanın yarımadada insan və milli hüquqların pozması BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qınanmışdır. Lakin, əminəm ki, beynəlxalq ictimaiyyət siyasi məhbusların dərhal azad edilməsi üçün səylərini gücləndirməlidir. 

Göründüyü kimi, Krım tatarlarına qarşı bu gün törədilən cinayətlər bütün alim, siyasətçi və jurnalistlərin istifadə etdiyi qorxunc termin olan və dünya tarixinə “deportasiya” adı ilə yazılmış 1944-cü ildəki cinayətin birbaşa davamıdır. Lakin, bu qorxunc termin də, əslində, siyasi evfemizmdir, hansı ki, həqiqətin yanlış, yumşaldılmış mənzərəsini təqdim edir. Faktlar göstərir ki, ilk 4 il ərzində sürgündə son dərəcə ağır yaşayış şəraitində Krım tatarlarının 46,2 faizi həlak olmuşdur. Bu isə sadəcə deportasiya deyil, əsl soyqırımıdır. Anlayışların əvəz edilməsinə görə Krım tatarlarının soyqırımı, zamanında Ukrayna Qolodomoru kimi, bəşəriyyətin tarixi yaddaşından silinmişdir ki, bu da sovet-rusiya təbliğatının qara qələbəsi olmuşdur. Beləcə, “Krım həmişə rusların olub” adlı mif Moskvaya, həmçinin, ona görə lazımdır ki, Krım tatarlarının soyqırımı nəticələrini qorusun və onların yerinə rus kolonistlərini yerləşdirsin. Bu da Krımın indiki işğalının əsas məqsədlərindən biridir. Beləliklə, Krımın işğaldan azad edilməsi və Ukraynanın suverenliyi altına geri qaytarılması siyasi və hüquqi aspektlərdən başqa, həm də güclü mənəvi imperativə malikdir. Beynəlxalq ictimaiyyət heç bir soyqırımın cəzasız qalmasına, onu törədənlərin on illər belə sonra öz məqsədlərinə çatmasına imkan verməməlidir.
Pavel Klimkin,Ukrayna xarici islər naziri 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …