Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “KOVRALİT” DÖŞƏYƏNLƏ TALEH ŞAHSUVARLININ BƏNZƏR TƏLƏBİ…  – MƏHƏMMƏDƏLİ QƏRİBLİ

“KOVRALİT” DÖŞƏYƏNLƏ TALEH ŞAHSUVARLININ BƏNZƏR TƏLƏBİ…  – MƏHƏMMƏDƏLİ QƏRİBLİ

Bu günlərdə bir nəfər dostum mənə dedi ki, onun yaxın adamı rayonlardan birinin icra hakimiyyətinə “kovralit” satıb. Sən demə, icra hakimiyyəti həmin malı rayondakı Heydər Əliyev Mərkəzi üçün alırmış. Sədərək bazarında malı alanlara izah ediblər ki, “kovraliti” özləri vura bilməyəcəklər. Onlara mütləq usta lazım olacaq. Alıcılar razılaşmayıb. Gedib görüblər ki, işləri alınmır, yenidən “kovralit” satanlara yardım üçün müraciət etməyə məcbur olublar. Bunlar da həmin işi pulla görəcəklərini bildiriblər. İcra hakimiyyəti razılaşıb.

 

 

İş qurtarandan sonra məlum olub ki, işi gördürənlər Bakıdan gedən fəhlələrə zəhmət haqqı kimi 2 min manat ödəməlidir. Deyiblər ki, 5-10 günə verəcəklər. Üstündən bir neçə ay keçib fəhlələr pulu ala bilməyiblər. Elə bu səbəbdən də bizdən bir jurnalist kimi yardım istəyirdilər. İşi görənin özü ilə danışdım. Vəziyyəti mənə anlatdı. Bazar günü olduğu səbəbindən, yazını birinci gün yayınlamaq qərarına gəldim. Həftənin birinci günü sərt başlıqla bir yazı verdim. Rayon icra hakimiyyəti isə ənənəvi hal kimi sorğumuza cavab vermədi. Həmin yazını bir çox saytlar tirajlamağa başladı. Məsələnin şişdiyini görən icra hakimiyyəti Bakıdakı adamlarına deyir ki, gedin dərhal “kovralit” vuranların pulunu ödəyin. Yazının dərcidən düz iki saat sonra, şikayətçi mənə zəng edib nə desə yaxşıdır?

 

ayt

 

“Müəllim, sən nə edibsən? Bunlar tökülüb gəlib bura. Pulumuzu verdilər”.

Sevindim və onu ürəkdən təbrik etdim. Qardaş mənə dedi ki, müdir deyir ki, artıq yazını saytdan çıxarmaq lazımdır, ayıbdır, orada qalmasın. Adama başa salmaq istədim ki, bunu edə bilmərəm. Dedim ki, yaxşı olar, elə həmin məqalənin altından yazım ki, problem öz həllini tapdı. Dirəşdi ki, yox ey, müdir deyir, yazı çıxmalıdır, kişilər gətirib bizim pulumuzu verdi da… Son nəticədə təbii ki, yazı öz yerində qaldı. Məni bu məsələdə incidən bilirsiniz nədir? Kimsə məqsədinə çatmaq üçün bizdən istifadə edir, həm pulunu alır, həm də onları “fırladan” adamın reputasiyasının qeydinə qalmaq istiqamətində “ayı xidməti” göstərir. Jurnalistə isə, istifadə olunub tullanan bir vasitə kimi yanaşmaq istəyir. Yox, balam, biz siz deyənlərdən deyilik…

Məlum hadisəni təsadüfən yada salmadım. Bu gün tanınmış jurnalist Taleh Şahsuvarlının mənə ismarıcla göndərdiyi bir yazını oxuyandan sonra, bu xatırlamanı etmək qərarına gəldim. Çünki cərəyan edən proseslər olduqca bənzərdi. Məlumunuz olsun ki, Taleh uzun müddətdir son parlament seçkilərində onunla alternativ olmuş Aytən Mustafayeva ilə media vasitəsilə mübarizə aparır. Parlament seçkiləri dönəminə təsadüf edən və bu günə kimi davam edən “mübarizəyə” Taleh öz orijinal üsulda tərtib edilən təkzibi ilə son qoydu.
Yazdığının dalında durmaq və ya təkzib etmək səlahiyyəti şəxsən Talehin özünə aid olduğu səbəbindən bu məsələyə qarışmıram. Ancaq mənə ilk maraqlı gələn məqam Talehin təkzib mətnini göndərdiyi saytın linki oldu. Təkzib Aynur Camalqızının rəhbəri olduğu teleqraf.com saytında getmişdi.

Bu həmin saytdı ki, eyniadlı qəzetin şef redaktoru olan Taleh Şahsuvarlını Aytən Mustafayeva məhkəməyə verəndə, Talehin qaldırdığı fəryadlara bir cümlə də olsun yer verməmişdi. İndi Taleh beləmi əziz oldu? Bu da Talehlə onun çalışdığı media orqanının öz arasında olan problemdi, həlli bizə qalmayıb.

 

 

qad

 

İndi keçək Talehin təkzib mətnindəki bizə aid olan detallara. Taleh “Jurnalist təkzib verdi, deputat iddiasını geri götürdü” başlığı ilə tirajladığı təkzibdə belə bir fikir bildirib: “…Elə bu səbəbdən də ölkəmizdə fəaliyyət göstərərək mənim parlament seçkiləri zamanı DSK və MSK-ya etdiyim şikayətləri, həmçinin Orxan Mustafayevin biznes fəaliyyəti ilə bağlı araşdırmamı dərc etmiş bütün kütləvi informasiya vasitələrindən bu açıqlamanı da yaymağı xahiş edir, müvafiq şikayət və araşdırmadan gələcəkdə Aytən Mustafayevaya qarşı istifadə edilməsinin jurnalistikanın təməl prinsipləri ilə yanaşı əsl həqiqətə uyğun olmayacağını nəzərə çatdırıram”.

Qeyd edim ki, millət vəkili Aytən Mustafayeva Talehi məhkəməyə tək cavbdeh kimi verməmişdi. Dostumuz Elxan Shukurlunün rəhbərlik etdiyi Strateq.az saytı deputalığa namizəd Taleh Şahsuvarlının MSK-ya ünvanlıadığı müraciəti dərc etdiyi üçün, Aytən xanım onları da məhkəməyə cəlb etdirmişdi. Məhz bu səbəbdən də, sayt Talehə Aytən Mustafayevanın oğlunun biznesi ilə apardığı risqli bir yazını dərc etməyə şərait yaratdı. Taleh təsdiq edər ki, bu qalmaqalda əvvəldən axıra qədər onu müdafiə etmişəm. Heç bir tərəddüd etmədən onun yazdığı ən sərt tənqidlərin dərcinə şərait yaratmışam. Çünki bu mübarizədə onu haqlı sayırdım. Onun hansısa güclü rəqiblə mübarizədə dəstəklənməsini, əzilməyə qoyulmamasını özümə mənəvi həmkar borcu bilirdim.

Deməli, Taledən bir az əvvəl gətirdiyim sitata cavab verməyə tam haqqım çatır! Həmkarımız özü təkzib verməklə yanaşı, onun materiallarını tirajlayan KİV-lərə də tövsiyə edir ki, onun deputat Aytən Mustafayeva ilə çay süfrəsi arxasındakı qeyri – rəsmi görüşdən doğan nəticəni biz də saytlarımızda tirajlayaq. Yəni yazaq ki, Talehlə bərabər biz də nəsə edib, başımızı daşa döyümüşük. İndi mənim Talehə bəzi suallarım var:

 

taleh

 

-Sən niyə həmin görüşə şahidsiz gedibsən? Sualım məntiqsiz görünməsin. Çünki burada söhbət kifayət qədər ictimailəşmiş bir məsələdən gedir və mübahisə edən tərəflər həm də, cəmiyyət qarşısında ictimai məsuliyyət daşıyırlar.

– Niyə həmin görüşdə sənin hazırda təkzib verməsini tələb etdiyin saytlardan hansısa jurnalistlər iştirsk etməyib? Mənə elə gəlir ki, ən azından sənin yazınla problemə düşən Strateq.az saytının rəhbərinə belə bir təklif edilməliydi. Edibsənmi?

-Aytən Mustafayeva düzüydüysə, niyə bu məsələnin sona qədər hüquq-müstəvisində araşdırılmasını istəmədi?

-Görüş təşəbbüsü ilk olaraq kimdən gəlib və belə bir nəticənin əldə olunmasında, yəni iddiaçının məhkəmə tələbindən əl çəkməsinə sənin apardığın ( bizim də tirajladığımız – M.Q) və gələcəkdə apara biləcəyin araşdırmaların nə kimi təsiri olub?

-Ən vacib məqam! Niyə bu təkzib mətnində sənin yazdığın statuslardan mənbə kimi istifadə edilərək, “Azadlıq” qəzetinin saytından silinən materiala görə, Aytən Mustafayevanı Əli Kərimli ilə iş birliyində suçlayan başlıqlarla gedən məqalələrə bir cümlə də olsun toxunulmur?
Xatırladım ki, Taleh bəyin Aytən Mustafayevanın oğlunun biznesi barədə apardığı və sonradan təkzib etdiyi araşdırmanı “Azadlıq” qəzetinin saytl da dərc etmişdi. Bir neçə saatdan sonra isə, həmin material saytdan yığışdırıldı. Taleh bəyin bunula bağlı gəldiyi qənaət o idi ki, Aytən Mustafayeva ilə AXCP arasında hansısa əlaqə var. Bu fikirlər onun statuslarında yer alırdı. Ola bilər ki, həmin statuslar da silinib. Ancaq sözügedən mövzunu kifayət qədər saytlar tirajlayıb. Deməli, belə çıxır ki, Aytən Mustafayevanı oğlunun biznesi barəsində yazılanlar, Əli Kərimliyə yaxın olması barədə səslənənlərdən daha çox narahat edib?

Ümid edirəm ki, Taleh qardaşım bu uzun və zəhlətökən statusa görə, məni təkrarən bloka atmayacaq. Çünki mən də sülh tərəfdarıyam. Ən azından onun tələbi ilə “kovralit” döşəyənin istəyi arasında bir fərq olsaydı, heç bu əziyyəti də çəkməzdim. Barışığınız mübarək olsun, əziz həmkar!

MƏHƏMMƏDƏLİ QƏRİBLİ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın