Son 1 həftədə Rusiyada Covid-19 pandemiyası ilə bağlı vəziyyət ağırlaşıb. Belə ki, son bir həftədə həm virusa yoluxanların, həm də virusdan ölənlərin sayı rekord həddə çatıb.
Rəsmilər vaksinasiya səviyyəsinin aşağı olması səbəbi ilə daha da artan yeni yoluxmalar dalğasına qarşı mübarizə aparmaqda çətinlik çəkirlər. Son bir həftədir ki, ölkədə gündəlik koronavirusa yoluxanların sayı 22-24 min nəfər arasında dəyişir. Eləcə də virusdan dünyasını dəyişənlərin sayında da kəskin artma var. Təkcə iyulun 3-də Rusiyada 697 ölüm faktı qeydə alınıb.
Məlum məsələdir ki, Rusiya Azərbaycana çox yaxın qonşudur. Bu ölkə ilə su, quru, hava sərhədlərimiz var. Bəs qonşu ölkədə hazırkı vəziyyət ilə bağlı Azərbaycan hər hansı tədbirlər görməlidir? Bu ölkə ilə gediş-gəliş dayandırıla bilərmi?
Mövzu ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mövqeyini almağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirdi ki, sərhədlərdə gediş-gəlişə nəzarət ciddi şəkildə artırılmalıdır:
“Çünki axın məsələsi var. Bildiyiniz kimi, hər zaman Azərbaycanla Rusiya arasında kütləvi miqrasiya var. Təsəvvür edin, 3 milyon azərbaycanlı orada yaşayır. Bütün bunlar nəzərə alınmalıdır.
Hesab edirəm ki, koronavirusun təhlükəli “Delta” ştammının ölkəmizdə də olması labüddür. Çünki bizi əhatə edən bütün ölkələrdə, İranda, Türkiyədə, Rusiyada, Gürcüstanda bu ştamm aşkarlanıb. Artıq müşahidə edirik ki, ölkəmizdə də son günlərdə virusa yoluxanların və ölənlərin sayı artır, insanlar xəstəliyi ağır keçirir. Hər halda, çox diqqətli olmalıyıq. Epidemioloji vəziyyət ağırlaşdıqca karantin qaydaları yenidən sərtləşdirilə bilər. Hamımız bilirik ki, yenidən karantin sərtləşdirilərsə, insanlar yenidən çox çətin vəziyyətə düşə bilərlər. Ona görə də hesab edirəm ki, indidən davranışlarımızda daha diqqətli olmalıyıq.
Müşahidə edirik ki, çimərliklər, şadlıq evləri, restoranlar fəaliyyətə başlayandan sanki insanlar maskanı unudub. Demək olar ki, heç kim maska taxmaq istəmir. Hazırda virusun geniş yayılması üçün böyük fon var. Bu çox təhlükəlidir”.

Fəzail Ağamalı
Millət vəkili Fəzail Ağamalı isə mövzuya bu cür şərh bildirdi:
“Hazırda Rusiyada koronavirusun geniş yayılması kifayət qədər narahatlıq doğurur. Lakin qonşu ölkə ilə münasibətlərə çox ehtiyatlı yanaşmaq lazımdır. Çünki Rusiya ilə Azərbaycan arasında intensiv əlaqələr, hava sərhədi açıqdır, ən müxtəlif sahələrdə gediş-gəliş var. Bu baxımdan hesab edirəm ki, mövcud vəziyyətlə bağlı həm Rusiya, həm də Azərbaycan tərəfi epidemioloji vəziyyətə ciddi nəzarət etməlidir. Təxminən bir həftə, 10 gün proses bu yolla davam etməlidir. Daha sonra isə vəziyyətə baxılmalıdır, əgər Rusiyada vəziyyət daha geniş vüsət alarsa, bu zaman yəqin ki, ciddi məhdudiyyətlərə ehtiyac yaranacaq”. Musavat.com