Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Koronavirus kirayə mənzil bazarını çökdürüb, bağ evlərinə tələbat isə artıb

Koronavirus kirayə mənzil bazarını çökdürüb, bağ evlərinə tələbat isə artıb

COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycanın əmlak bazarı çətin dövrünü yaşayır. Bu gün əmlak sektorunda durğunluq hökm sürür, aktivlik yalnız bağ evlərinin icarəyə verilməsi sahəsində müşahidə olunur.

“Daşınmaz əmlak bazarındakı vəziyyət dəyişməz olaraq qalır. Karantin rejimi qüvvəsində qaldıqca bu sahədə eniş davam edəcək, qlobal dəyişiklikləri və qiymətlərin düşməsini gözləməyə ehtiyac qalmayacaq”.

Bu fikirləri Media.Az-a müsahibəsində “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak üzrə ekspert Nüsrət İbrahimov səsləndirib.

Onun sözlərinə görə, bu gün daşınmaz əmlak bazarında qiymətlər sabitdir:

“Son bir ay ərzində təkrar mənzil bazarında cüzi artım (+0,35%) qeydə alınıb, ilkin mənzil bazarında qiymətlər azalıb (-3,80%). İl ərzində göstəricilərdən danışırıqsa, təkrar mənzil bazarında qiymətlər 3,54% azalıb, ilkin bazar qiymətlərində isə 3,71% artım qeydə alınıb”.

N.İbrahimovun sözlərinə görə, pandemiya ilə əlaqədar olaraq vətəndaşların gəlirləri azalıb, bundan əlavə, insanların uyğun mənzil seçmələrinə mane olan məhdudiyyətləri də nəzərə almaq lazımdır: “Qadağalarla əlaqədar hamının sərbəst hərəkət etmək icazəsi yoxdur, iki-üç saat ərzində isə çoxlu ev gəzib, onların arasından seçim etmək mümkün olmur. Bundan əlavə, bu gün əhali çox pul xərcləməyə hazır deyil, çünki heç kim koronavirus infeksiyası ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini bilmir”.

Əmlak məsələləri üzrə ekspert bağ evləri bazarında yaranan canlanmaya da münasibət bildirib: “Həmin seqment üzrə qiymətlər 10% artıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. Bununla yanaşı, paytaxt daxilində kirayə mənzillərə tələbat azalmaqdadır. Təkcə ötən ay qiymətlər 8,78%, il ərzində isə 5,2% ucuzlaşıb”.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …