Şənbə , Avqust 20 2022
Ana səhifə / Aktual / Könül İsmayılova: “Dövlət məmurları yaxşı işləməlidir”

Könül İsmayılova: “Dövlət məmurları yaxşı işləməlidir”

Prezident İlham Əliyev 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında bir çox önəmli məqamlara toxundu. Prezidentin çıxışında əsas diqqət çəkən məqam onun dövlət məmurları haqqında dedikləri fikir oldu. Dövlət başçısının çıxışından belə nəticəyə gəlmək olar ki, məmurların işindən narazılıq çoxdur. 

Prezident də dediyi kimi dövlət məmurları yaxşı işləməlidir. Vəzifəyə milli qüruru olan, vətənini, dövlətini sevən şəxslər təyin edilməlidir. Dövlət məmurları neqativ olan bütün işlərdən uzaq olmalıdır. Eyni zamanda rayonlarda xalqla işləyən icra nümayəndələri olmalıdır. Hər bir vətəndaş dövlətin vətəndaşıdır. Sadəcə olaraq vətəndaşlar daşıdıqları vəzifələrə görə bir-birindən fərqlənirlər. Fərqlənən vətəndaşlar, yəni vəzifədə olan məmurlar başqa vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdır. İnsanların hamısına eyni gözlə baxmaq lazımdır. 

Prezidentin çıxışında diqqət çəkən bir məqam da şəhid ailələrinə göstərilən münasibət oldu. Ölkə başçısı bir daha qeyd etdi ki, şəhid və qazi ailələrinə rayonlarda, ümumiyyətlə heç bir yerdə laqeyd münasibət olmamalıdır. Yəni dövlət səviyyəsində qazi və şəhid ailələrinə necə münasibət göstərilirsə, rayonlarda da onlara qarşı bu cür münasibət olmalıdır. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. 

Heç kəs unutmamalıdır ki, qəhrəman əsgər və zabitlərimiz hesabına biz 30 il işğalda olan ərazilərimizi düşməndən azad etdik. Onlar həmin torpaqlarımıza görə canlarını fəda etdilər və sağlamlıqlarını itirdilər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.

Bu məsələdə heç bir neqativ hallara yol vermək olmaz. Çünki bu bizim həm dövlətimizə yaraşmayan hərəkətdir, həm də neqativ hallar tez ictimailəşir və nəticəsi də ağır olur. Biz müzəffər, qalib xalq kimi ləyaqətlə yaşayırıq. Buna görə də ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, ədalətsizlik, vətəndaşların dövlətdən narazı qalması kimi hallar olmasın.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin İdarə Heyətinin üzvü

Həmçinin oxuyun

DSX 1 milyon manatlıq dərman alır

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Pharmanova” MMC (VÖEN- 1301946271) olub. …