Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında – Fotolar

Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında – Fotolar

Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şabranın yanğın baş verən kəndləri – Dağ Bilici, Zöhramlı, Sumaqova, Qorğan, Xəlfələr, Qalaaltıda oldu

Azinforum.az xəbər verir ki, millət vəkili hadisə yerində yerli sakinlərlə görüşdü, FHN əməkdaşları ilə söhbətlər apardı, yanğının söndürülməsi prosesində iştirak etdi.

S.Qurbanov əvvəlcə Dağ Bilici kəndində əkin və meşə massivində yanan sahələrdə oldu. Yanğın baş verən sahələrin böyük bir hissəsi söndürülsə də, təhlükə tam sovuşmayıb. Bəzi yerlərdə tüstülənmə halları müşahidə olunur.

Millət vəkili hadisə yerində iş başında olan FHN-nin əməkdaşları ilə də görüşdü, görülən işlərlə maraqlandı. Yanğınsöndürənlər millət vəkilinə bildirdilər ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Helikopterlərin prosesə qoşulması da müsbət nəticə verməyib. Bildirildi ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur. Amma yanğının tam söndürülmıdi istiqamətində bütün güc səfərbər olunub.

S.Qurbanovun ayaq saxladığı növbəti yer tanınmış mədəniyyət işçisi Bayram Ağasıyevin tamamilə yanmış evi oldu. Həmin vaxt FHN əməkdaşları hələ də iş başında idilər, yanğın tam söndürülməmişdi. Millət vəkili hətta yanğınsöndürənlərə qoşularaq, yanğının tamamilə söndürülməsi prosesində iştirak etdi.

Daha sonra evin sahibi, hadisə yerində olan kənd sakinləri ilə görüşdü, söhbətləşdi, onlara mənəvi dəstəyini nümayiş etdirdi. Bildirdi ki, evin yenidən bərpası ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcək. 

B.Ağasiyev bu hadisədən, eyni zamanda bütün mədəni, tarixi xəzinəsinin yandlğından kədərləndiyini və təəssüf hissi keçirdiyini bildirdi. S.Qurbanov ona təsəlli verdi, səbr arzuladı. Qeyd etdi ki, tez bir zamanda ona dəyən maddi və mənəvi ziyan dövlətimiz tərəfindən aradan qaldırılacaq. Sitat: “Sizin kədərinizə, acınıza şərikəm. Amna şükür Allaha ki, canlı itki olmayıb. Eviniz əvvəlki görkəmdə tikiləcək, təmir olunacaq. Siz yenə də öz fəaliyyətinizi davam etdirəcəksiz, mədəni sahədə töhfələrinizi verəcəksiz”.

Kənd sakinləri və hətta yanğınsöndürənlər hadisə yerinə gələn, zərərçəkən bir ailəyə mənəvi dəstək olduğuna, görə millət vəkilinə minnətdarlığını bildirdilər. 

S.Qurbanov oradan ayrıldıqdan sonra piyada yanıb külə dönən ətraf sahələrə baş çəkdi. Kənd camaatından məlumatlar aldı, bəzi suallarını verdi. 

Millət vəkili daha sonra Zöhramlı kəndinə üz tutdu. 
Yolboyu ətraf meşə massivinin, üstünə meyvə dolu yabanı ağacların, meşə təsərrüfatının yanıb külə dönməsi, havanın yanıq qoxusu insanı təsirləndirə bilməzdi. Millət vəkili hər belə mənzərəni görəndə maşını saxlayıb ürəkağrısı ilə seyr edirdi. 

Yolda millət vəkilinin gözünə FHN-nin daha bir yanğınsöndürən maşını və əməkdaşları dəydi. Maşını o tərəfə istiqamətləndirdiyi. Qurum əməkdaşları meşənin çox da dərinlikdə olmayan hissələrində tüstülənməkdə olan yerləri söndürməyə gəlmişdilər. Su şlanklarını yenicə açırdılar, millət vəkili də bu işdə onlara kömək etdi. Hətta birlikdə həmin yerə gedib, baş verə biləcək yanğını ram etdilər. İş bitəndən sonra yanğınsöndürənlərlə xatirə fotosu da çəkildi.

Növbəti ünvan isə Pirəbədil, Sumaqova, Qorğan və Xəlfələr kəndləri oldu. Bu kəndlərdəki meşə massivlərində də ara sıra tüstülənməkdə olan obyektlərə rast gəlinirdi. Amma yerli mətbuatın yazdığı kimi Zöhramlı kənd camaatı təxliyə edilməmişdi, kənddə həyat davam edirdi. 

Şabran Rayon İcra Hakimiyyətinin Qorğan kəndi üzrə nümayəndəsi Orxan Balabəyov bildirdi ki, iki gündür kənd camaatı ilə birlikdə yanğınla mübarizə aparıblar və yanğın tam söndürülüb.

Uzaqdan tüstüyə, alova bürünən min illik tariximiz olan qədim “Çıraqqala” abidəsi görünürdü. Günorta saat 3 olardı, S.Qurbanov nahara belə oturmadı, onu müşayət edənlərlə birlikdə “Çıraqqala” ya üz tutdu. 

Eyniadlı kənd, sanatoriya və qalanın özü üçün də bir təhlükə vardı. Amma sanatoriyada istirahətə gələn yerli və əcnəbi turistlər heç də təşviş keçirmirdilər, qorxmurdular, həyat axarıncaydı. Hətta çoxu tüstü və xırda alovun ağuşunda olan əzəmətli qalanın foto və videolarını belə “maraqla” çəkirdilər. Burada da hadisə yerində FHN-nin qüvvələri vardı. Səmada isə helikopterlər görünürdü. 

Millət vəkili buradan da canlı yayıma çıxdı. Hadisə, 
söndürülməsi prosesi ilə bağlı ictimaiyyəti məlumatlandırdı. Eyni zamanda həm FHN əməkdaşları, 
həm də istirahətə gələn turistlərlə görüşdü, söhbətləşdi. Hətta S.Qurbanov İTV-nin kameraları önünə çıxdı. 

Onu da qeyd edək ki, S.Qurbanov elə hadisə yerindəcə təəssüratlarını müvafiq dövlət orqanları rəhbərləri, yerli icra hakimiyyəti başçıları ilə bölüşdü, müəyyən məqamlarla bağlı onları məlumatlandırdı, tövsiyələrini verdi. 

Bütün kəndlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov millət vəkili ilə bir yerdə oldu. 

Xatırladaq ki, bir neçə gündür Şabranın ucqar Dağ Bilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələrindən başlayan alov daha sonra meşə sahəsinə və kəndə, digər yaxın qonşu kəndlərin ərazilərinə yayılmağa başlayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin canlı qüvvəsi və texnikası, helikopterlər və hətta “Amfibiya” da cəlb olunub.

Xüsusi qeyd: “Qalaaltı” nda baş verən hadisə yerinə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov gəlsə də, Şabranda yanğın baş verən kəndlərin heç birində rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovu görmədik. Elə oradaca öyrəndik ki, başçı buralara çox az hallarda gəlir.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …