Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Köçkünlərin ilk qrupu azad olunmuş ərazilərə nə zaman qayıdacaq?

Köçkünlərin ilk qrupu azad olunmuş ərazilərə nə zaman qayıdacaq?

“Biz onları (köçkünləri-red.) mümkün qədər tez qaytarmaq istəyirik. Onlar bu qədər gözləyiblər. Lakin ən böyük problem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında deyib.

Dövlət başçısı çıxışına belə davam edib:

“Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 100-dən çox itkimiz var. 100-dən çox insanın 20-dən çoxu minalardan həlak olub. Bu, daha bir müharibə cinayətidir. Çünki müharibə bitib. Niyə siz bizə minaların xəritəsini vermirsiniz ki, biz həmin əraziləri təmizləyə bilək. Ona görə də minaların təmizlənməsi ilə bağlı çox işlər görülməlidir. Minaların təmizlənməsi çox uzun bir prosesdir, bu, vaxt tələb edir. Çünki bizdə kifayət qədər ixtisaslı kadr yoxdur. Hazırda biz treninq təşkil edirik və həmçinin avadanlıq alırıq. İkinci mühüm məsələ, – ona artıq start verilib, – dəymiş ziyanın hesablanmasıdır. Çünki biz Ermənistanı törətdikləri dağıntılara görə beynəlxalq hüquqi təsisatlarda məhkəməyə verməyi planlaşdırırıq. Bu səbəbdən biz bütün dağıntıları sənədləşdiririk. Hər bir tikili üçün xüsusi pasportlar yaradırıq ki, bu, hüquqi prosedur üçün sənəd olacaq.

Əlbəttə ki, infrastruktur layihələri. Çünki biz insanları heç nəyin ortasına göndərə bilmərik. Orada layiqli yaşayış standartları olmalıdır. Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib. Şuşada elektrik stansiyası tezliklə açılacaq. Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq.

Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Biz dərhal başlamışıq və sizə deyə bilərəm ki, bizim təsdiqləyəcəyimiz ilk şəhərsalma layihəsi Ağdam və həmçinin digər şəhərlərdir. Biz Zəngilanda kəndlərdən birində pilot layihəyə başlamışıq – “ağıllı kənd”.

Düşünürəm ki, bərpa işlərinə ola bilsin gələn ay, ola bilsin iyunda başlanacaq. Ümidvaram ki, ilin sonunadək bu pilot layihə artıq həyata keçiriləcək. Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil. Dediyim kimi, biz 4 Lüksemburq bərpa etməliyik. Bu, ciddi işdir.

Bu səbəbdən, onların hamısının nə vaxt qayıdacağını demək çətindir. Amma onlar mərhələli şəkildə qayıdacaqlar. Böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda, biz hazırda, Laçında hava limanının inşasını planlaşdırırıq. Çünki Laçına getmək asan deyil. Oranı inşa etmək üçün yük təyyarələrinə ehtiyac var.

Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yol indi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu yoldan istifadə edirik, ancaq bəzən nə vaxt və necə olacağı bilinmir. İndi biz çoxlu tunellər inşa etməliyik, çünki dağların hündürlüyü 3500 metrə çatır və burada əvvəllər yol olmayıb. Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …