Əli Həsənovun sözlərinə görə, indiyə qədər Azərbaycanda jurnalistin yazıya görə həbs edilməsi və yaxud təqib olunması faktı olmayıb: “Ona görə də təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr, beynəlxalq təşkilatlar Azərbaycana birbaşa təsir göstərə bilməyəndə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə, bu bəhanələrlə, o cümlədən azad media mühitinin olmaması, qeyri-hökumət təşkilatlarının təqib olunması və s. adlarla Azərbaycan dövlətinin ünvanına ayrı-ayrı beynəlxalq mətbuat orqanlarında, ayrı-ayrı dairələrdə bu tipli tezislərlə çıxış edirlər”.
Çıxışını yekunlaşdıran Əli Həsənov AzərTAC-ın 95 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə agentliyin fəxri adlara layiq görülmüş əməkdaşlarına mükafatları təqdim edib.
Daha sonra müsabiqənini yekun nəticələri barədə məlumat vermək üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. İcraçı direktor media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Fondun respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələri daim diqqət mərkəzində saxladığını deyən Vüqar Səfərli KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini vurğulayıb. V.Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən digər layihələr barədə də məlumat verib.
İcraçı direktor dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Fond tərəfindən müntəzəm olaraq fərdi jurnalist yazıları müsabiqələrinin keçirildiyini vurğulayıb.
İcraçı direktor ənənəvi olaraq Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 54 kütləvi informasiya vasitəsindən 120 yazının təqdim edildiyini, Fondun Müşahidə Şurasının qərarı ilə 84 nəfər jurnalistin qalib elan olunduğunu diqqətə çatdırıb: “Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulub. Müsabiqədə ikinci və üçüncü yerləri tutmuş jurnalistlər martın 11-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə mükafatlandırıldılar. Bu gün isə biz müsabiqədə birinci yeri tutmuş 15 nəfər jurnalisti mükafatlandıracağıq”.
Sonra FondunNovruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli rəsmi hissənin yekunlaşdığını bildirərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.