Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Kirayə mənzilləri və ucuz evləri zəbt edəcəklər” – Mənzil bazarında ajiotaj

“Kirayə mənzilləri və ucuz evləri zəbt edəcəklər” – Mənzil bazarında ajiotaj

“İranda baş verən gərgin siyasi vəziyyətə görə, Azərbaycanın mənzil bazarında ajiotaj yaratmaq lazım deyil”.

Bunu daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Lent.az-a ölkənin mənzil bazarındakı qiymətlərdən danışarkən deyib.

Son zamanlar ölkənin mənzil bazarında artım hiss olunur. Bahalaşma əsasən, yaşayış üçün nəzərdə tutulan torpaq sahələrində və təkrar satılan mənzillərdə müşahidə edilir.

Rəşad Əliyevin sözlərinə görə, ölkədə qiymət artımı mövcud şəraitə uyğun olaraq dəyişir. Ekspert həmçinin Bakının mərkəzi ilə ətraf ərazilər arasında kəskin qiymət fərqinin olmadığını bildirib:

“Azərbaycanda daşınmaz əmlak sahəsində baş verən qiymət artımları mövcud şəraitə uyğundur. Əsasən, paytaxtda tikinti şirkətlərinin, sahibkarların fəaliyyətinə hər hansı məhdudiyyət olmaması daxili tələbatı ödəməyə tam imkan verir. Belə ki, əksər dünya ölkələrində şəhərin mərkəzində torpaq almaq, tikinti işi həyata keçirmək baxımdan xeyli məhdudiyyətlər var. Ancaq Bakıda həmin məhdudiyyətləri görmürük. Buna görə də Bakının mərkəzi ilə Xırdalan, Əhmədli kimi ətraf yerlər arasında mənzil qiymətində elə də ciddi fərq yoxdur. Məsələn, mərkəzdə mənzilin kvadratı 2200 manat olduğu halda, Əhmədlidə həmin göstərici 1200 manat təşkil edir. Əslində isə mərkəzlə ətraf yerlər arasında 3-4 dəfə fərq olmalıdır”.

Rəşad Əliyev torpaq sahələrinin bahalaşmasına bu cür aydınlıq gətirib:

“Yaşayış üçün nəzərdə tutulan torpaqlarda dövrə uyğun olaraq qiymət dəyişikliyi olur. Məsələn, böhran vəziyyətində torpaqların qiyməti digər daşınmaz əmlak növlərinə nisbətən çox ucuzlaşır. Adi vaxtlarda isə ən çox bahalaşan məhz torpaq sahələri olur. Bəzi hallarda torpaqların qiyməti kəskin ucuz olduğundan əhali tikinti ilə məşğul olmaq istəmir. Çünki bu onlara sərf etmir. Hazırda ev tikintisi paytaxtın mərkəzində şəhərin ətrafına doğru getdikdə artır. Bu da tələbatı artırır deyə, qiymətlərə də təsir edir”.

İranda baş verən siyasi vəziyyətin Azərbaycanın daşınmaz əmlak bazarına təsirsiz ötüşmədiyini deyən ekspert, hazırda dəllalların bundan istifadə etdiyini vurğulayıb:

“İranda baş verən hadisələr hər zaman Azərbaycanın digər sahələrində olduğu kimi daşınmaz əmlak sahəsinə də təsirsiz ötüşmür. Əvvəllər də belə olub. İndi də qonşu ölkədə baş verən gərgin geosiyasi vəziyyət Azərbaycanın daşınmaz əmlak bazarına az da olsa təsir edir. Dəllallar bundan istifadə edərək, insanlara baha qiymətə ev satmaq istəyirlər. Məlum məsələdir ki, İranda yaşayan əskər insanlar Azərbaycana və Türkiyəyə köçmək istəyir. Buna görə də əgər orada müharibə başlasa köçkünlərin Azərbaycana gəlməsi qaçılmazdır. Belə olan halda ölkənin daxili tələbatı üçün nəzərdə tutulan daşınmaz əmlak bazarında balans pozulacaq və qiymətlər artacaq.

Təbii ki, köçkünlər ölkədə olan kirayə mənzilləri, bütün ucuz evləri zəbt edəcəklər. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, əcnəbilərin torpaq sahəsi almaq hüququ yoxdur. Ancaq onların da ölkə vətəndaşları kimi mənzil almaq hüquqları var. Tövsiyə edirəm ki, İranda baş verən gərgin siyasi vəziyyətdən istifadə edərək, Azərbaycanın mənzil bazarında ajiotaj yaratmaq lazım deyil”.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …