Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / “Kiçik sahibkarlar üçün böyük şirkətlərlə görüşün” -Prezident nazirliklərə tapşırdı

“Kiçik sahibkarlar üçün böyük şirkətlərlə görüşün” -Prezident nazirliklərə tapşırdı

“Dövlətin iş adamlarına yaratdığı şəraitin müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər”.
Moderator.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib: “Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük – 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək”.
İlham Əliyev vurğulayıb ki, bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür: “Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq”.
Prezident əlavə edib: “Bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər. Bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər istehsal olunur. İndi ölkəmizə gələn turistlərin sayı kəskin şəkildə artır. Ona görə hər bir turist maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun ki, bizdə bu günə qədər şəhərdə satılan, yəni, şəhərimizi, ölkəmizi əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq ki, bu suvenirlər Azərbaycanda istehsal olunsun və “ABAD” bu sahədə də öz işini görür. Ümumiyyətlə, mən sahibkarlara da müraciət etmək istəyirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki turistlərin sayı artacaq, suvenirlərə daha da böyük ehtiyac olacaqdır.
“ABAD”la bağlı bildirməliyəm ki, dövlət, əlbəttə ki, öz üzərinə bu funksiyanı götürüb. Amma hesab edirəm ki, böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar. Mən həm dövlət, həm özəl şirkətlərə müraciət edərək onları bu işlərə dəvət etmək istəyirəm. Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm”.
İlham Əliyev vurğulayıb ki, dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir, iki milyard manatdan çox güzəştli kreditlər verilib: “Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər.
Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir”.

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …