Cəlal Əliyev 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinə  ünvanladığı ərizəsində yazırdı: “62 illik ömrüm boyu xalqa və vətənə təmənnasız xidmət  göstərib, sağlamlığımı, firavanlığımı, ailəmin səadətini elmə fəda etmişəm.”Fədakarlıq Cəlal müəllimin Akademik obrazıydı. O, əsl fədai idi.
Cəlal müəllim həyatının bütün mərhələlərini ədalət uğrunda mübarizəyə həsr etmişdi.
Alim kimi də, qardaş  kimi də, ictimai-siyasi xadim kimi də Cəlal Əliyev yalnız bir missiyanı yerinə yetirirdi: haqsızlıqla barışmamaq, sınmadan, boyun əymədən yaşamaq.
Cəlal müəllim mübarizələrlə zəngin, hamımıza örnək ola biləcək və fərqli bir ömür yaşadı…
O, alim kimi fərqli və çətin bir yol seçmişdi.
Hər elm adamına nəsib olmayan uğurlara imza atdı.
O bitkilərin  fotosintezi və fiziologiyası sahəsində nadir bir təmayülün banisi oldu.
Azərbaycanda fiziki-kimyəvi biologiyanın, molekulyar biologiyanın əsasını qoydu, öz  elmi məktəbini yaratdı. Hazırda onun yetirmələri müxtəlif nüfuzlu elmi-tədqiqat mərkəzlərində çalışır.
Bərk buğdanın 10 dan artıq yeni məhsuldar sortunu yetişdirdi.
O, elmi fəaliyyətə laborant  kimi  başlayıb 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq  dissertasiyası müdafiə etmişdir.
30 ilə  yaxın  bir  müddətdə Əkinçilik institutunda kiçik, baş elmi  işçi, bitkilərin fiziologiyası laboratoriyasının müdiri işləmişdi. Onu yaxından tanıyanlar bilir ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından 40 yaşına kimi başqa-başqa evlərdə  yaşamışdı.
1980-ci ildə Azərbaycan SSR  Elmlər  Akademiyasının həqiqi üzvü, bir il sonra Biologiya elmləri  bölməsinin akademik  katibi  seçilmişdi.
Celel_A.jpgCəlal müəllim fərqli, güvənc yeri olan, fəxr edilməyə  haqq  edən qardaş idi…
1987-i ildə siyasi bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə  yönəlmiş kampaniya onun yaxınlarından yan keçmədi.
Mərkəzi  və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilməyə başladı. Həmin  məqalələrdə kin-küdurət, fürsətkeşlik, intiqam hissi aşıb-daşırdı.
“Pravda”,” Sovet  kəndi” və başqa qəzetlərdə Heydər  Əliyevə və  onun qardaşlarına saysız-hesabsız  böhtanlar yağdırılırdı.
Məqalələrin birində yazılırdı: “Rəhbər  vəzifələri tutmaq üstündə Heydər Əliyevin və Kamran  Bağırovun qohumları  arasında  bəhsəbəs  düşmüşdü”.
(Heydər Əliyev  bu  barədə belə  deyəcəkdi: “Məni  ittiham  etmək üçün göstərmək  istəyirdilər ki, mən öz qohumlarımı müxtəlif  vəzifələrə qoymuşam. Hansı vəzifələrə  qoymuşam? Əgər mən onları nazir və ya raykom katibi , MK -da ,Nazirlər  Sovetində,Ali Sovetin Rəyasət Heyətində vəzifələrə təyin etsəydım, bu başqa iş.
Lakin mənim bütün qohumlarım elmi  işçilərdir. Özü də onlar mən birinci katib olmamışdan əvvəl bu yolu seçmişdilər. Mən onları elmi işlərdən uzaqlaşdırmalıydım?
Qardaşım Həsən Əliyevin 83 yaşı var. O 1937-ci ildən Elmlər Akademiyasında işləyir.1952-ci  ildə  onu  akademik  seçiblər .O zaman  mənim 29 yaşım var idi. Mən ən sıravi işdə idim. 17 il keçəndən  sonra Azərbaycan KP MK-nın  katibi  oldum. Yeri  gəlmişkən, mən  birinci  katib  olanda o elimi-tədqiqat  Coğrafiya  İnstitutunun direktoru  idi və təqaüdə çıxana qədər həmin vəzifədə qaldı .
Beş il bundan qabaq həyatdan köçən həyat yoldaşım 1947-ci ildə tibb institutunu  bitirəndə biz hələ ailə qurmamışdıq. Moskvada göz  həkimi üzrə ixtisaslaşıb, sonra aspiranturanı bitirib, elmlər  namizədi  olub. Biz 1954-cü ildə evlənmişik. O, təbii ki, tədricən elmin yolu ilə gedib böyük mütəxəssis  olub, əməliyyatlar aparıb, baş elmi əməkdaş ,dosent ,professor olub. 130 elmi əsərin müəllifidir.
Bizim ailədə elə gətirib ki, həm həyat yoldaşım, həm də qohumlarım elmi  işçilərdir. Təkcə mənim elimi dərəcəm yoxdur. Bu da mənim günahımdır.”)
Çox keçmədi ki, mətbuatdakı hücumlar öz “bəhrəsini” verdi. Heydər Əliyevin ailəsi və yaxınları təqiblərə məruz qaldı.
Moskva Dövlət  Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi  olan İlham Əliyevi işdən  azad etdilər. O vaxt Beynəlxalq Münasibətlər institutu SSRİ xarici işlər nazirliyinə tabe  idi.

Heydər Əliyev SSRİ xarici işlər naziri Şevardnadzeyə zəng vurub oğluna  toxunmamağı xahiş etmişdi. Ancaq bu  zəngin heç bir faydası olmamışdı.
Gənc alim, elmlər namizədi, dosent İlham Əliyev işsiz  qaldı….
Celel_A-1.jpg

Heydər Əliyevin qardaşı Aqil Əliyev Tibb institutunda siyasi iqtisad kafedrasına  rəhbərlik  edirdi. İqtisad  elmləri  doktoru idi.

Onu 1988-cil dekabrın 10 da-ad günündə İnstitutdan  çıxardılar. O, düz iki il özünə iş tapa bilmədi…
Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Vətən müharibəsinin iştirakçısı idi. Azərbaycan Kommunist partiyası MK-nın kənd təsərrüfatı üzrə katibi  olmuşdu. Həsən müəllimi ömrünün son illərində, ahıl çağlarında çox amansızcasına incitdilər, şərəfinə toxundular. Təhqir etdilər.

Ağsaqqal alim  1993-cü  ildə ümidsizlik və ağır iztirablar içində ömrünü  başa vurdu…

Cəlal müəllim Heydər Əliyevin kiçik qardaşıydı.
Kiçik qardaş Heydər Əliyevə ,onun  ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə qarşı fərqli bir mövqe nümayiş etdirdi, iftiralara, yalanlara , təhqirlərə dirəniş göstərən  böyük mübarizə cəbhəsi açdı. Necə deyərlər, bu dəfə daş qayaya rast gəlmişdi…
“Pravda” qəzetinin 1990-cı il 4 fevral sayında dərc edilən “Əliyevçilik, yaxud  xoş əyyamların xiffəti” məqaləsində “müəllif” lap ağ eləmişdi.
Məqalə tibb elmləri  doktoru V.Əfəndiyevin  adından  getmişdi. Yazıda Heydər  Əliyevi nələrdə ittiham etmirdilər. Hər şeyi onun ayağına yazmağa cəhd göstərilirdi: tayfabazliq, yerliçilik, şişirdilmiş rəqəmlər, qadağalar  və s…
Məqalədə  Cəlal müəllimi də yaddan çıxarmamışdılar. “Müəllif” iddia  edirdi  ki, Cəlal  Əliyevi bioloji tədqiqatlar elmi mərkəzinin direktoru  təyin etmək  üçün mərkəzin əvvəlki  rəhbərini əsassız yerə həbs etdiriblər.
Məqalədə vurğulanırdı: Ehtiyatlı olun, Heydər  Əliyev yenə  rəhbərliyə  qayıtmaq  istəyir. “Müəllif” yazını xəbərdarlıqedici tonla tamamlamışdı.”Qaytarın  bizə Əliyevi! Özbaşınalığı, gözdən  pərdəasmanı, məddahlığı, xalqın mənafeyinin unudulmasını, zahiri  təmtərağı, təkəbbürü, qorxu və qanunsuzluq şəraitini qaytarmaqmı?!
Qaytarın  bizə Əliyevi! -bu  qamçı həsrətidir, xoş əyyamlar həsrətidir.
Əlamətdar haldır ki, təhrikçilər arasında Heydər  Əliyevin qohumları var. Akademik  Cəlal  Əliyev respublika EA-da keçirilən partiya  konfransında qardaşını tənqid edənlərin hamısını mafioz adlandırmışdır”.
Cəlal müəllimin apardığı təhqiqat nəticəsində məlum olmuşdu  ki, V.Əfəndiyevin respublikada səhiyyənin problemlərinə həsr edilmiş yazısına  “Pravda”nın redaksiyasında “yaradıcı” yanaşıblar. V.Əfəndiyevlə razılaşmadan mətnə yeni abzaslar əlavə edib  məqalənin mahiyyətini dəyişiblər.
Cəlal  müəllimin israrlı müraciətləri nəticəsində “Pravda”  qəzeti  13 aprel tarixli  sayında Əfəndiyevin teleqramını və redaksiyanın üzrxahlıq qeydini verməyə məcbur oldu.
Cəlal müəllim dayanmaq  bilmirdi. Yalnız bir dəfə, 1991-ci ildə mərkəzi mətbuatda çıxış etmək  imkanı qazanmışdı. Moskvada  nəşr  edilən

Celel_A-2.jpg

“Nezavisimaya  qazeta” akademikin müsahibəsini  vermişdi. Həmin müsahibədə Cəlal müəllim Heydər Əliyevin və onun  yaxınlarının təqib edilməsinin səbəblərini izah etmiş Vəzirov və onu əvəzləmiş Mütəllibovu ifşa etmişdi.
“Sovet  kəndi”  qəzeti “Təkcə durğunluqmu?” adlı  məqaləsində Həsən Əliyevin, Aqil Əliyevin, Cəlal Əliyevin “xoşagəlməz  hərəkətlərindən”  bəhs edirdi.
Məqalədə deyilirdi: “Cəlal Əliyev olduqca qısa müddət ərzində doktorluq dissertasiyası müdafiə  etmiş, akademik seçilmiş, respublikada bir sıra vəzifələri ələ keçirmişdir.”
Şübhəsiz ki, bütün bunlar uydurma ittihamlar idi.
Cəlal müəllim 1955-ci  ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası  müdafiə  etmişdi. Göründüyü kimi arada 16 illik  fasilə  vardır. Heç  bir “qısa müddət”dən söhbət  belə gedə bilməzdi. Həmin dövrdə Cəlal müəllimin heç bir vəzifəsi yox  idi.
O ,”Sovet kəndi”  qəzetinə təkzib göndərsə də redaksiya onun məktubunu  dərc etməmişdi.
Belə faktlar onlara,yüzlərlədir.Məsələn,1988-ci  ildə Kommunist  qəzetində” Qərəz  çaşqınlığı” adlı böhtan dolu bir yazı çıxmışdı.
Əlbəttə ki, bu yazı təsadüfi  deyildi.

Hadisələrin  gedişini izləyəndə məlum olur ki, bir neçə- gün əvvəl akademiya  partiya təşkilatının konfransında tribunaya qalxan Cəlal  Əliyev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevi tənqid edənləri mafiya üzvləri adlandırmışdı.
Və elə buna görə də “kommunist ” qəzeti Cəlal Əliyevi hədəf seçmişdi.
Cəlal  müəllim redaksiyalara, MK-ya  göndərdiyi  məktublarda çəkinmədən, birbaşa yazırdı  ki, Heydər Əliyev haqqında mətbuatda  gedən yazıların əsas səbəbkarı məhz Ə. Vəzirovdur.

Hətta bir dəfə Vəzirov Cəlal müəllimin evinə zəng vurub demişdi ki, Heydər  Əliyev  haqqında məqalələr yazılması üçün mən heç kimə tapşırıq -zad verməmişəm.
Cəlal müəllimin dəyanəti Vəzirovu çıxılmaz vəziyyətə salırdı. Elmlər  akademiyasının prezidenti Vəzirovun göstərişi ilə Cəlal  müəllimdən  xahiş edirdi  ki, o  Vəzirovu tənqid  edən çıxışlarını dayandırsın.
Cəlal müəllim yorulmadan, usanmadan mərkəzi hakimiyyət orqanlarına, qəzetlərə , jurnallara etiraz məktubları  göndərirdi.
O vaxt Sov İKP MK-nın, SSRİ Ali Soveti rəyasət  heyətinin ,SSRİ  prokurorluğunun ,DTK-nın  qəbul otaqlarında onu yaxşı tanıyırdılar.
O, cəsarətli  çıxışlar  edir, qardaşına onun ailəsinə yağan təhqirləri qəbul etmirdi. Amma onun çoxsaylı  müraciətlərinin təkziblərinin heç biri o illərdə respublika mətbuatında dərc edilmədi.
Onun belə fəallığı  respublika  rəhbərliyini əməlli-başlı narahat  edirdi. Təsəvvür edin, 1989-cu ildə “Nedelya “qəzetində dərc olunan “Şah dərzini  çağırır” adlı məqalə iki  il sonra “Kommunist”  qəzetində  yenidən peyda olur. Nə üçün?..
Məqsəd aydın idi. Cəlal müəllimi zərərsizləşdirmək, susdurmaq.
Görülən tədbirlər Cəlal müəllimi yolundan çəkindirə bilmədiyindən hakimiyyət sahibləri daha konkret üsullar seçməyə üstünlük  verdilər: terrora əl atdılar, Azərnəşrin direktoru Əjdər Xanbabayev vəhşicəsinə qətlə yetirildi.
Əjdər Xanbabayev kim idi?
Heydər  Əliyev jurnalist Andrey  Karaulova bu mövzuyla bağlı  belə  demişdi.”O,1990-cı il mayın 30 -da gündüz  saat  12-də mənimlə  telefonla danışmış, axşam saat 9-da isə qətlə  yetirilmışdır. O, sakit, abırlı bir adam idi, çirkli  işlərlə əlaqəsi  yox idi, siyasətlə maraqlanmırdı.

Celel_A-3.jpg

Uzun illər Azərbaycanın ən böyük  nəşriyyatında-Azərnəşrdə işləmişdi, ziyalılar arasında böyük hörməti vardı. Nəyə  görə o, məhz həmin gün və hansı  səbəblə qətlə  yetirilmışdı?”
Sonralar Heydər Əliyev bu söhbətə dönə-dönə qayıdacaqdı…
Respublika  ziyalıları  ilə  görüşlərin  birində o  Əjdər müəllimdən söz açaraq deyirdi: “O adi bir adam idi. Burada oturanların çoxları kimi nə vəzifə sahibi idi ,nə də mənim  vaxtımda vəzifə almışdı. Adi vətənpərvər bir ziyalı idi”
Heydər Əliyev Əjdər  Xanbabayevin qətl işi ilə bağlı Şahid ifadələri verərkən qeyd edirdi: “1989-cu ilin ikinci yarısında mənə evə zəng etdilər və mən dəstəyi  götürdüm. Zəng edən bildirdi  ki, Əjdər Xanbabayevdir. O, mənim yadıma saldı ki, Azərnəşrin  direktorudur və Azərbaycanda işlədiyim dövrə aid bəzi məqamları xatırlatdı. Dedi ki, Moskvadadır və mənimlə görüşmək istəyir. Mən etiraz etmədim və öz ünvanımı dedim. Həmin gün və ya ertəsi gün o bizə  gəldi ,söhbət  etdik.

Əjdər  Xanbabayev Heydər Əliyevin  Bakıya qayıdışına hazırlıq  görülməsində fəal  iştirak edir, Cəlal müəllimlə tez-tez görüşürdülər.
Cəlal müəllimin  özü  xatirələrində yazır ki, bir  nəfər-Xalq şairi Bəxtiyar Vahabzadə 1990-cı il mayın 29-da ona zəng vurub görüşmək istədiyini  bildirib. Onlar təyin edilən vaxtda Akademiyanın bağında görüşüblər.

Bəxtiyar Vahabzadə Cəlal müəllimə məlumat  verib ki, Heydər Əliyevə zəng vurub ona  çatdırın ki, Bakıya gəlməsin. Çünki, Mütəllibov mənə dedi ki, mən onun təhlükəsizliyinə zamin dura bilmərəm, hər şey baş verə bilər.
(Yeri gəlmişkən, qeyd edim ki, mayın 27-də saat 6-da Əjdər Xanbabayev, Bəxtiyar Vahabzadə və Nazim İbrahimov şəhidlər xiyabanında  görüşüb Mütəllibovun cavabını müzakirə etmişdilər.
Mayın  28 -də Əjdər  müəllim Heydər  Əliyevə zəng edib demişdi  ki, Mütəllibov  istəməsə də siz mütləq gəlməlisiniz, mən sizi  aeroportda qarşılayacağam.)
Cəlal müəllim təcili məsləhətləşmək  üçün Əjdər  Xanbabayeva  zəng  vurur. Və onlar mayın 30 -da  saat 10-da Əjdər müəllimin iş otağında görüşürlər. Əjdər  Xanbabayev Moskvaya danışıq sifariş verir. Xeyli vaxt  keçir Moskvanı birləşdirmirlər. Əjdər müəllim hökumət telefonu ilə rabitə nazirliyinə zəng vurur. Nəhayət, Heydər Əliyevlə əlaqə yaratmaq mümkün olur. Məlumatı ona çatdırırlar.

Heydər Əliyev inanmaq istəmir və qətiyyətlə cavab verir:
-Mən onsuz da gələcəyəm!
Bundan sonra Cəlal müəllim Əjdər Xanbabayevdən ayrılır. Çünki, Heydər Əliyevi qarşılamaq üçün bəzi işləri yekunlaşdırmaq lazım imiş.
Axşam Cəlal müəllim yenidən  Əjdər müəllimin  evinə zəng  vurur. Eşitdiklərinə inana bilmir:
Celel_A-4.jpg

“Əjdər müəllim ağır yaralanmışdır. Hazırda xəstəxanadadır.”
Heydər Əliyev Əjdər Xanbabayevin qətli barədə axşamdan bir qədər keçmiş  Bakıya – Cəlal Əliyevə zəng vurarkən xəbər tutur. Zəng  etməkdə məqsəd, mayın 31-də özündən bir gün əvvəl Moskvadan təyyarə ilə Bakıya yola düşəcək İlham Əliyevi qarşılamağı qardaşına tapşırmaq idi.

O dəhşətli xəbəri  eşidəndən sonra Heydər Əliyev İlham Əliyevə zəng  vurub deyir ki, səfəri təxirə salsın, Bakıya getməsin.
Cəlal  müəllim mayın  31-də Heydər Əliyevə zəng  vurub Əjdərin dəfninin iyunun 1-nə  təyin edildiyini deyir. Həmin gün Heydər Əliyev Bakıya yola düşməyə hazırlaşırdı…
Heydər Əliyev iyunun 6-na yenidən Bakıya bilet sifariş edir. Amma bu da sonuncu sifariş deyildi. Hələ bundan sonra Bakıya qayıdışın vaxtı bir-neçə dəfə dəyişəcəkdi.
Bu o demək idi  ki, hələ Cəlal Əliyevi qarşıda daha çətin və həyəcanlı  günlər gözləyirdi…
Cəlal müəllimin prinsipiallığını sübut edən bir faktın üzərində xüsusilə dayanmaq  istərdim.

O, yeganə elm xadimidir ki, Sov İKP-nin rəsmən buraxılmasından xeyli əvvəl Kommunist  partiyasından çıxmaq haqqında qərar qəbul etmişdir.
O 1991-ci ildə Elmlər  Akademiyasının partiya  komitəsinə  ərizə  yazdı və partiyadan  çıxdı. Onun yazdığı ərizənin mətni bir daha  sübut  edir  ki, Cəlal  müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır.
Cəlal müəllim ərizədə yazırdı: “Bütün 62 illik ömrüm boyu xalqa , vətənə təmənnasız xidmət etmişəm. Sağlamlığımı, firəvanlığımı ailəmin səadətini elmə fəda etmişəm. Bəs  nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz  ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız  qanlarda xalqın alçaldılmasında iştirakçı olmaq deməkdir, bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir.”
Cəlal müəllim 1987-93-cü illərdə yeriyən, döyüşən, canlı Heydər Əliyev mərkəzi idi.
O, Ulu Öndərin müdafiəsi naminə cəmiyyətimizin  təşkilatlanmasında müstəsna xidmətlər göstərdi.

Cəlal  müəllim qardaşlıq  anlayışını ailə-qohumluq çərçivəsindən çıxarıb əqidədaşlıq, vətəndaşlıq məqamına yüksəltdi.
O, Heydər Əliyevi təkcə bir doğması kimi müdafiə etmirdi .Onun mübarizəsi məişət-qohumluq  müstəvisinə sığmırdı.
Cəlal müəllim  Heydər Əliyevin timsalında Azərbaycan xalqının qurtuluşu uğrunda savaşırdı.
O, yeri  gəldikcə, onu(eyni zamanda bizim hamımızı)  narahat edən -milli taleyimizlə  bağlı bəzi problemlər haqqında çox sərt danışırdı. Təhsilimiz, mətbuatımız haqqında.
Və  həmişə də haqlı idi..
Mən Cəlal müəllimi bir-neçə  səfərdə müşaiət  etmişəm. Onun qaçqınlara necə nəvazişlə yanaşdığı, onların problemlərinə təmkinlə qulaq asması hafizəmdən silinmir.
O maraqlı yol  yoldaşı, sərt olduğu  qədər  də mülayim ,incə yumor  hissinə malik həmsöhbət  idi.
30-iyun  Cəlal müəllimin doğum günüdür
Bu gün  Cəlal müəllim xalqımızın Fəxr ünvanı olan bir müqəddəs Xiyabanın əbədiyaşar sakininə  çevrilib.
Doğum  günün  mübarək, Cəlal  müəllim!

 

Rizvan_Vahabov.jpg

Rizvan Vahabov,
YAP Siyasi Şurasının üzvü