Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Keyfiyyətsiz dondurma biznesi: Standartlaşdırma Komitəsi niyə “donub”?!

Keyfiyyətsiz dondurma biznesi: Standartlaşdırma Komitəsi niyə “donub”?!

Ötən yay mövsümündə İqtisadiyyat və Sənaye Nazirliyinin belə məzmunlu açıqlamalarına tez-tez rast gəlirdik: “Dondurma alarkən ehtiyatlı olun”, “Daha bir istehsal sexində yoxlama aparıldı”, “Saxta dondurmalar satışdan çıxarıldı”…

Hətta mövsüm boyu dondurma istehsalı müəssisələrində yoxlamalar aparılır, sahibkarlar cərimələnirdi.

Məsələn, ötən ilin iyununda “AER” şirkətində aparılan yoxlamalar zamanı müəssisədə istehsal edilən “Flaminqo”, “Oazis”, “Oreşek”, “Çornoye zoloto”, “Lipetskiy”, “Maqnat”, “Komandor”, “Daşa”, “Belıe noçi”, “Mitya”, “Boqatır”, “Perezaqruzka”, “Plombir”, “Lubimım”, “Piramida”, “Lakomka”, “Maqnuliya”, “Beloçka”, “Snequroçka”, “Cornella”, “Zimaletta”, “Sfinks”, “Anata”, “Ptiçye moloko”, “Futik”, “Vernisaj”, “Oryol”, “Aysberq”, “Klimanka”, “Zimuşka-Zima” markalı dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq sertifikatının olmadığı, məhsulun qablaşdırılmasında istifadə edilən vaflilərin yararlılıq müddətinin göstərilmədiyi aşkar edilmişdi.

Bununla əlaqədar müəssisənin anbarında olan tonlarla hazır məhsulun satışı dayandırılmış və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə firmaya göstəriş verilmişdi.

Daha bir yoxlama S.A.B.A. şirkətinə məxsus istehsalat sexində aparılmışdı. Yenə də nöqsanlar aşkarlanmış,  hətta müəssisə istehlakçılar arasında çaşqınlıq yaratmaqda günahlandırılmışdı.

Yalnız nazirlik deyil, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də dondurmalarla bağlı palaz-palaz tənqidi açıqlamalar verirdilər. Yaddaşlara istehsal müəssisələrinə sertifikat paylayan qurum kimi həkk olunmuş komitənin yoxlamaları xüsusilə diqqət çəkirdi.

Amma builki mövsümdə vəziyyət fərqlidir. Nazirlik dondurma bazarını nəzarətə götürdüyünü, lakin hələlik nöqsanlar aşkarlanmadığını bildirir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də narazılığını ifadə etmir.

Mal və məhsulların standartlarını müəyyənləşdirməklə məşğul olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətli şəxsləri isə müəyyən nöqsanların qeydə alındığını söyləsə də konkret ad, ünvan bildirmir. Necə deyərlər, tənqidlərini müəyyən həddə qədər davam etdirir, sonra “dondurur”. Bunun özü də çox maraqlıdır…

Hazırda ölkə bazarına çıxarılan dondurmalar doğrudanmı keyfiyyətli, yüksək gigiyenik şəraitdə, müasir texnologiya əsasında istehsal edilib? Neçə illərdir tənqid hədəfinə çevrilən dondurma istehsalı müəssisələrində vəziyyət dəyişibmi? Ölkə bazarında satışa çıxarılan dondurmaların keyfiyyətinə təminat verilirmi?

Virtualaz.org saytı bu suallara cavab axtarıb.

Öncə dondurma istehsalı ilə bağlı statistikaya nəzər salaq. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu ilin 4 ayında Azərbaycanda 315,1 ton dondurma istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 faiz azdır. Hazır məhsul ehtiyatı isə 224 ton olub.

Ölkə əhalisinin 9 618,2 min nəfər olduğunu nəzərə alaraq ölkədə adambaşına dondurma istehsalının təxminən 33 qram olduğu təxmin edilir. Rəsmi statistikada ildə 500 ton məhsul edildiyi də qeyd olunur. Hərçənd ki, müstəqil ekspertlər yayda on minlərlə ton dondurma istehsal edildiyini açıqlayırlar. Azərbaycana Rusiya və Türkiyədən dondurma gətirilir. Hazırda mağazalarda qiyməti 30 qəpikdən tutmuş 50 manatadək olan müxtəlif çeşiddə dondurma satılır.

30 qəpiklik keyfiyyət və…

“Dondurmaların keyfiyyəti ilə bağlı təşkilatımıza hər həftə azı 8-10 müraciət daxil olur” – bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat dondurma sexləri ilə bağlı araşdırma aparıb: “Hətta dondurma istehsalı ilə məşğul olan müəssisələrin yerləşdiyi ərazidə ətraf mühitin monitorinqini də aparmışıq. Bəlli oldu ki, yalnız bir istehsal müəssisəsində bütün standart və tələblər yerinə yetirilir”.

E.Hüseynov daha çox məhsulun yararlılıq tarixinin bilərəkdən artırılması, ötən ildən qalan məhsulların təkrar bazara çıxarılması və saxlama şəraiti ilə bağlı problemlərlə qarşılaşdıqlarını deyir: “Dondurma yüksək kolorili məhsul olduğundan saxlama şəraitinə və yararlılıq tarixinə riayət edilməsi vacibdir. Dondurma istehsalında yalnız kərə yağından istifadə edilməlidir. Lakin çox zaman məhsula kərə yağı deyil, marqarin və bitki yağları qarışdırırlar. Bu da öz fəsadlarını dondurmanı yeyən zaman göstərir. Bundan əlavə, reklamlarda dondurmaların tərkibinə yüz faiz süd qatıldığı bildirilsə də əslində quru süddən istifadə edilir. Aparılan monitorinqlər zamanı məhsulun tərkibinə qatılan südlərin yararlılıq tarixinə əhəmiyyət verilmədiyi, köhnə quru südlərdən istifadə olunduğu aşkarlanır. Bu südlərin tərkibinə baytarlıq dərmanları vurulur. Buna görə də yararlılıq müddəti bitəndən sonra istifadəsi təhlükəlidir”.

Daha bir problem isə dondurmaların tərkibinə vurulan rənglərlə bağlıdır.

E.Hüseynov iddia edir ki, dondurmaların tərkibinə dadlandırıcı və rəngləndirici qatılsa da bu məlumatlar qablaşdırmanın üzərində yazılmır: “Kimyəvi tərkibli qatqılar daha çox xaricdən gətirilən dondurmaların tərkibinə qatılır. Onlar məhsulun üzun müddət saxlanılması üçün bu qatqılardan istifadə edirlər”.

Qeyd etdiyimiz kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nöqsanlar olduğunu etiraf edir. Qurumun açıqlamasında bildirilir ki, aparılan yoxlamalar zamanı bir neçə keyfiyyətsiz məhsul istehsal edən müəssisə aşkarlanıb.

Komitə əlavə məlumatlar verməkdə xəsislik etsə də istehlakçılardan kömək istəməyi unutmayıb: “Bu yoxlamaların daha səmərəli keçirilməsi üçün istehlakçılar da bizə kömək etməlidir. Belə ki, keyfiyyətsiz, vaxtı ötmüş məhsul gördükdə dərhal məlumat verilməlidir”.

Biz də bir istehlakçı kimi komitəyə yardım etmək istəyirik. Dondurmaların keyfiyyəti ilə bağlı iddialarının doğru olub-olmadığını yoxlamaq üçün zirzəmi və ya tinlərdə açılmış kiçik köşklərdə, bağ və parklardakı soyuducularda deyil, iri ticarət mağazalarında kiçicik araşdırma aparmaq belə kifayətdir.

Mağazalarda üzərində istehsal və yararlılıq tarixi göstərilməyən, yaxud sonradan silinmiş müxtəlif çeşiddə məhsullara rast gəlmək mümkündür. Üstəlik, bu məhsullar hansısa sexlərdə deyil, bazarı məhsulla təmin edən iri müəssisələrdə istehsal edilib. Bəs həmin müəssisələr bunu hansı standart əsasında istehsal edib? Buna kim nəzarət edib? Suallara komitə cavab verməlidir hər halda.

Amma komitənin “görmədiyi” problemlər bununla da bitmir. Ötən ildən qalmış məhsulların təkrar bazara çıxarılması faktları da mövcuddur. Bunun hansı standarta uyğun gəlməsi sualı da açıq qalır.

İstehsal müəssisələri, yoxsa qapalı qurumlar?

Ölkədə dondurma istehsalı ilə məşğul olan 50-dək müəssisə var. İstehsal müəssisəsinin gigiyenik şəraiti, məhsulun tərkibinə qatılan xammallar, saxlama və qablaşdırma prosesini öyrənmək üçün müəssisələrə üz tutduq.

Əvvəlcə müraciət etdiyimiz Xətai rayonu, Məhəmməd Hadi 77a ünvanda yerləşən “AER Ko” firmasından “yox” cavabı aldıq.

Özünü firmanın mühafizəçisi kimi təqdim edən şəxs rəhbərliyin icazəsi olmadan istehsal prosesi ilə maraqlanmağın qadağan olduğunu dedi: “Müəssisədə iş getsə də rəhbərlik burada yoxdur. Rəhbərliyimiz hazırda dincəlir. Onun icazəsi olmadan heç bir məlumat verə bilmərik. Siz əgər icazə verilərsə, məzuniyyət bitəndən sonra gələ bilərsiniz”.

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Camal LTD” şirkətinin əməkdaşı da xüsusi icazə almadan müəssisəyə girməyin qadağan olduğunu dedi.

Qeyd edək ki, “Camal LTD” ölkə bazarını dondurma ilə təmin edən əsas şirkətlərdən biridir. Üstəlik, istehsal etdikləri dondurmaların keyfiyyətli olmasına iddialıdır. Biz də “olsun” deməklə seçimi alıcıların ixtiyarına buraxırıq.

Dondurmadan zəhərlənmə riski böyükdür

Qida gigiyenası üzrə ekspert Vaqif Məmmədov deyir ki, digər qidalar kimi dondurmalardan zəhərlənmə ehtimalı yüksəkdir. Xüsusilə açıq halda satılan və təkrar dondurulan məhsullar təhlükəli ola bilər: “Açıq halda, yəni çəki ilə satılan dondurmaların rəng, görünüş və dadının dəyişib-dəyişmədiyinə diqqət yetirmək lazımdır. Məhsulun saxlama şəraitinə, yararlılıq tarixinə baxmaq lazımdır. Açıq halda satılan dondurmaları evə apararkən dərhal yemək lazımdır, soyuducuda saxlamaq olmaz”.

V.Məmmədov onu da qeyd edir ki, açıq havada satılan dondurmaların çirklənməyə məruz qalma ehtimalı yüksəkdir: “Mağazalarda köhnə dondurmalara rast gəlinir. Bu dondurmalar əriyəndən sonra təkrar dondurulduqda görünüşünü dəyişir”.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildirilər ki, dondurmaların keyfiyyətini müəyyənləşdirmək üçün müəyyən əlamətlərə diqqət yetirilməsi kifayətdir. Belə ki, donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristallarının əmələ gəlməsinə səbəb olur. Bu isə onun keyfiyyətinin aşağı salır.

Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir.

Dondurmaların yararlılıq tarixinə gəldikdə isə meyvəli və aromatik dondurmaları müəssisələrin xüsusi soyuducularında 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 C-dən yüksək olmayan temperaturda 5 gün saxlamaq olar. Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir.

…Sonda onu da bildirək ki, ölkədə qida məhsullarının keyfiyyətini 3 qurum yoxlayır. Onların isə biri problemlə qarşılaşmadıqlarını deyir, digəri nöqsanlar olduğunu söyləyir, başqa birisi şikayət gözləyir…

Dondurma mövsümü isə cəmi 100 gündür. Bu yüz gün ərzində neçə dəfə dondurma alacaqsınızsa, siz də yüz ölçüb bir biçin…

RÖVŞƏN ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirili

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir. Unikal.org xəbər verir ki, işğal olunmuş torpaqlamızın …

Bir cavab yazın