Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Keçmiş maliyyə naziri Eynulla Fətullayevi yalan məlumat yaymaqda suçlayır

Keçmiş maliyyə naziri Eynulla Fətullayevi yalan məlumat yaymaqda suçlayır

Azinforum.az keçmiş maliyyə naziri Saleh Məmmədovun statusunu olduğu kimi təqdim edir:

“Bu statusu yazmaqda əsas məqsəd kimisə müdafiə etmək və ya kiməsə haqq qazandırmaq deyil. Ciddi bir mətbu orqanda kiçik bir məqalədə olmazın sayda gedən düşünülmüş yalanlar və faktların bayağılaşdırılması və bununla əlagədar mənim Azərbaycan mətbuatı haqqında müsbət fikirlərimin alt – üst olması faktıdı. Söhbət haqqin.az saytında dərc olunmuş “Andranik Eldar Həsənovun fondunun rəhbərliyində” məqaləsindən gedir. Bu orqanı mən Elmar Hüseynovun irsinin davamı kimi hər zaman izləyirəm, yaxşı analitik təhlillər, məntiqli yazılar gedir. Amma bu müəllifsiz yazını oxuduqdan sonra yalnız buna deyil, bütün mətbuata ciddi bir inamsızlıq yaranır, axı məqalədə bir-iki səhv, hətta təhrif də ola bilər, amma tamamilə yalan üzərində qurulan bir yazını oxumaq məyusluq yaradır.

Bəlkə də bu qədər hiss etməzdim, amma bu proseslər hamısı əvvəldən mənim iştirakımla olduğundan sona qədər müəyyən edə bildim. Bir bulvar qəzeti olsaydı, heç fikir verməzdim, amma mənim hörmət etdiyim bir KİV – də bu cür uydurmanın getməsi həm də məndə şübhə yaradır ki, bütün mətbuat orqanlarına bu xəstəlik sirayət etməkdədir. İqtidar mətbuatı müxalifəti, müxalifət isə iqtidarı, yaxud qruplar biri – birini açıq qaralamaqdan başqa ortaya bir şey qoymurlar. Beləliklə, bütün yalanlar:

Yalan 1. Məqalənin adı, Andranik Eldar Həsənovun fondunda. Eldar Həsənovun fondu yoxdur, bu fond Azərbaycan və Rumıniya prezidentlərinin təşəbbüsü ilə reqion ölkələrinin iştirakı ilə yaradılmış beynəlxalq fonddur. Eldar Həsənov sağ olsun ki, fondun yaradılmasında səfir kimi aktiv iştirak edib, fondun idarəçiliyində Azərbaycan tərəfinin hegemonluğunu təmin edib. Andranik adda rəhbərlikdə elə bir adam olmayıb və adları çəkilən şəxslərin xidmətidir ki, bu fonda bütün reqion dövlətlərinin daxil olmasına baxmayaraq Ermənistan üzv ola bilməyib. Fondun bir neçə ölkədə filialları və nümayəndəlikləri var və fəaliyyətlərində onlar sərbəstdirlər. Eldar Həsənov orada sədr olan ərəfədə heç bir erməni hətta filiallarda işləməyib. Rəhbərlik dönəmlə periodik olaraq dəyişdirilir. Fondun saytında hər şey çox açıq yazılıb (bscsif.ru).

Yalan 2. Eldar Həsənov dostu Rumıniya prezidenti vasitəsilə bu fondu yaratdı: hər kəsə məlumdur və fondun bütün tədbirlərində qeyd olunur ki, fond Azərbaycan və Rumıniya prezidentlərinin təşəbbüsü ilə yaradılıb, fond qətiyyən hər hansı səfirə və ya oliqarxa mənsub deyil.

Yalan 3. Türkiyə BMM-nin üzvü millət vəkili Ismail Safi güya ölkə prezidentinin qohumudu və Eldar Həsənova biznesdə hər cür kömək edir, birgə biznes qurublar. Ismail Safi dövlət məmurudu, heç bir biznesi də yoxdur, prezidentlə qohumluğu da yoxdu, onlar AKP qurulanda tanış olublar, Rize vilayətinin müxtəlif bölgələrindəndi və ən əsası da odur ki, Azərbaycanın ən yaxın dostlarındandı, bizim ölkəmiz üçün hər cür zəhmətə qatlaşan adamdı, fondda təmsil olunur.

Yalan 4. Eldar Həsənəv Şeremetyev layihəsinə 2,5 -3,0 mlrd dollar vəsait xərcləyib: bu lap allahsız yalan oldu. Əvvəldən axıra bu layihənin işində iştirak etmişəm. Əvvəla, layihənin Eldar Həsənova heç bir aidiyyatı yoxdu, bu məskəndə heç vaxt olmayıb da. Layihə hələ 90-cı illərin sonunda Türk və Azərbaycan vətəndaşları ilə Moskva vilayət hökümətinin birgə layihəsidi, Şeremetyev aeroportunun yaxınlığında təqribən 800 min kv metrlik topdan ticarət mərkəzinin qurulmasını nəzərdə tutur. Layihənin topdan dəyəri cəmisi 1 mlrd dollara yaxındı. Layihə sahiblərinin indiyə qədər yerinə yetirə bildiyi iş layihələndirmə olub. Investisiya, kredit axtarışı heç bir nəticə verməmişdi. Bir neçə il öncə layihə sahiblərinin vergiyə, yerli orqanlara borçlarını ödəmək məqsədilə V. N. Xmarindən xahiş etmişik və o borcları ödəyərək layihənin bir qismini almışdı. Layihə üzrə zabor və layihədən başqa heç bir iş görülməyib. Jurnalistin göstərdiyi məbləğin yüzdə birini o jurnalist versəydi, böyük məmnuniyətlə layihə sahibləri ona bagışlaya bilərdi.

Yalan 5. Bu layihəni E. Həsənov oliqarxlar Ilham Rəhimov və Viktor Xmarinlə birgə yerinə yetirir. Ilham Rəhimovun da bu layihəyə heç bir aidiyyatı yoxdu, Viktor Xmarinin iştirakı haqqında yuxarıda yazdım. Şəxslərin adında o qədər əmlaklar var, onlardan yazmaq olar, amma heç bir aidiyyatı olmayan əmlakı onların adına yazmaq heç bir jurnalistə baş ucalığı gətirmir. Digər tərəfdən, hər iki şəxsi oliqarx damğası vurmazdan öncə izahlı lügəti qaldırıb, oliqarx sözünün mənasını öyrənmək lazımdı. Bu şəxslərin heç biri dövlətdə işləmir, sadə hüquqşunas və iş adamlarıdı, onları necə oliqarx adlandırmaq olar? Ən vacibi də odur ki, hər ikisi Azərbaycan üçün çox ciddi işlər görən adamlardı. Bunu Azərbaycanda əksəriyyət, xüsusilə xüsusi xidmət orqanları bilməmiş deyil, tarix hər şeyi yerinə qoyacaq, vaxt gələcək, hər şey açılacaq… Amma hər kəs bilir ki, məşhur üçlük çox yaxın dostdurlar. Amma bizi maraqlandıran odur ki, bunun Azərbaycana yalnız çox xeyri dəyir: məlum tarixdən sonra Rusiya ərazisində bir neçə azərbaycanlı milyarder statusu, minlərlə Azərbaycanlı milyoner statusu almış, Azərbaycanlılardan heç biri Qusinski, Berezovski, Xodorkovski vəziyyətinə düşmədi. Amma öz ölkəmizdə bir nəfər də rəsmi milyarder ola bilməmişdi. Azərbaycan Rusiya münasibətlerinin davamlı yaxşı qalmasında hökümətlerin böyük rolu ilə yanaşı, bu şəxslərin də rolu az olmayıb.

Yalan 6. Çox gülməli və komik daha bir yalan: E. Həsənov Rumıniyadan qaçmış. Səfir özəl bir vəzifədi, o ölkədə prezidenti və höküməti təmsil edir, hətta müharibə, çaxnaşma dövründə xüsusi göstəriş olmadan səfir yerini tərk edə bilməz. Bütün ölkə yerdəyişmə haqqında prezidentin sərəncamını oxudu, səfir başqa ölkəyə göndərildi. Hansı ölkəyə getmişsə, o ölkə ilə ciddi dostluq münasibətləri qurulub. Azərbaycana bu gün dost qazanmaq lazımdı, düşmənlər özləri gəlib ilişir.
Bu siyahını davam etdirmək olardı, amma sözüm jurnalistlərədir: mətbuat güzgüdü, onu elə qurmalıyıq ki, gerçək nə var onu göstərsin. Gerçəkliyi yazın, etibar qazanın, heç vaxt peşman olmazsınız.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …

Bir cavab yazın