Ana səhifə / Aktual / Kasıblar üçün olan “ümumi çimərlik”dən REPORTAJ, FOTOLAR

Kasıblar üçün olan “ümumi çimərlik”dən REPORTAJ, FOTOLAR

Artıq çimərlik mövsümü başlayıb. Məlumdur ki, paytaxt sakinlərinin əksəriyyətinin qızmar günəşdən qaçıb sərinlənmək, dincəlmək üçün üz tutduqları yer çimərliklərdir.
Bakıda çimərliklərin sayı kifayət qədər çoxdur. Bu çimərliklərin demək olar ki, əksəriyyəti bir sıra biznesmenlər tərəfindən zəbt edilərək, özəlləşdirilib. Pullu olan bu çimərliklərdə giriş haqqı bəzən 20 manatadək qalxır.
Lakin burada səliqə-səhmanın, dincəlmək üçün hər çür şəraitin və ləvazimatın olması da danılmazdır. İmkanlı şəxslər üçün olan bu cür pullu çimərliklərdə bahalı restoranlar, otellər, çay evləri, idman və əyləncə meydançaları, hətta konsert və rəqs üçün məkanlar da var. Əhalinin daha çox şikayət etdiyi sahildəki yosunlar da belə çimərliklərdə demək olar ki, gözə dəymir.
Bəs görəsən, sadə insanların üz tutduqları “ümumi çimərliklər”in vəziyyəti necədir?
Qeyd edək ki, “ümumiu çimərliklər” daha çox yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşir.
Musavat.com-un əməkdaşı Buzovnadakı “ümumiu çimərlik”də müşahidələr aparıb. Çimərliyə daxil olar-olmaz sahildəki səliqə-səhman diqqəti cəlb etdi. Sahildə çox az sayda içki qablarına rast gəlmək olurdu.
Xatırladaq ki, bir neçə gün öncə bu çimərlikdə İDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC tərəfindən “Çimərlikləri təmiz saxlayaq” şüarı altında təmizlik aksiyası keçirilib.
Aksiya zamanı gənc iştirakçıların köməyi ilə sahildəki tullantılar toplanaraq, xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Təmizliyə daim riayət olunması üçün sahilboyu bir neçə zibil qabları da yerləşdirilmişdi. Lakin buna baxmayaraq, hələ də tullantıları, içki qablarını yerə atanlar var idi.

Çətir 5, kottec 20 manat…

Çimərliyə giriş pulsuz olsa da, yaddaqalan istirahət etmək üçün mütləq cibə əl atmaq lazım gəlir. Çətir, masadan istifadəyə görə 5 manat, kottec 20 manat, duş 1 manat, üzərində uzanmaq üçün işlədilən ləvazimata 3 manat ödəmək lazım gəlir. Bunun müqabilində soyunub-geyinmə kamerası pulsuzdur.
Kotteclərin əksəriyyətinin boş olmasına baxmayaraq, insanlar daha çox masada əyləşməklə və yaxud da elə qızmar qumun üstündəcə dicəlməyə üstünlük verirdi. Kottecin qiymətinin baha olduğunu bildirib, onun qiymətində endirim edilməsini istədik. Bu zaman bizə bildirdilər ki, hava küləkli olduğundan kottecdən istifadəyə 15 manata razılaşmaq olar.
“Bunun qarşılığında çek verəcəksinizmi?” sualımıza xidmət göstərən oğlan çiynini çəkərək, cavab verdi:“Biz heç vaxt çeklə xidmət göstərmirik. Ümumiyyətlə, sizdən başqa bir kimsə bizdən çek tələb etməyib”.
Duş kabinəsinə nəzər yetirdikdə oradakı şəraitin heç də yaxşı olmadığını gördük. Çimərliyin kənarında sadə bir restoran faəliyyət göstərirdi. Yemək, çay dəstgahı, su sifarişi etmək istəyənlər restoranın işçilərinə müraciət edirdilər.

“Çimmək qadağandır”

Çimərliyin ortasında sahilə yaxın bir neçə yerdə “Çimmək qadağandır” sözləri yazılmış lövhələr yerləşdirilmişdi. Buna səbəb isə havanın küləkli olması idi. Buna baxmayaraq, dənizdə çimməyə cana atanlar kifayət qədər idi.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularında Xilasetmə Xidmətinin (DSXX) əməkdaşları mütəmadi olaraq, dənizə girənlərə çağırış edib, onlara dənizdən çıxamaqları haqda göstərişlər verirdilər. FHN əməkdaşları bir dəqiqə də olsun, çimərliyi nəzarətsiz qoymurdular. Onlar həm avtomobillər, həm də kiçik motosikletlər vasitəsilə sahili gəzərək, insanları dənizə girməkdən çəkindirməyə çalışırdılar.
Lakin xilasedicilərin növbədə durduğu qüllədə bir kimsəni görmədik. Bunun səbəbini öyrənmək üçün sahildə var-gəl edən FHN əməkdaşına yaxınlaşdıq.
Onun sözlərinə görə, yalnız əhali çox olan vaxtlarda qüllədə nəzarətçi olur: “Dənizə gələnlərin sayı çox olanda nəzarət etmək çətinləşir. Bu zaman qülləyə çıxıb, dənizdəkiləri izləyirik. Gördüyünüz kimi, hava küləkli olduğundan insan sayı azdır və biz yalnız sahil kənarında dənizə nəzarət edirik”.
FHN əmkdaşı əhalinin onların xəbərdarlıqlarına əhəmiyyət verməməsindən də gileyləndi: “Həm lövhələrin yerləşdirilməsinə, həm də əməkdaşlarımızın xəbərdarlıqlarına baxmayaraq, insanlar yenə də öz həyatlarını təhlükə altına ataraq, dənizə girirlər. İlk növbədə hər bir insanın özü öz təhlükəsizliyini təmin etməlidir”.
FHN əməkdaşının sözlərinə görə, yaxın zamanlarda nazirliyin əməkdaşlarına xüsusi müasir ləvazimatlar veriləcək. Bunun sayəsində dənizdə baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısı vaxtında alınacaq: “Hazırda 3 istiqamətdə nəzarət olunur, bu işdə motorçular və dalğıclar da iştirak edirlər. Əməkdaşlarımız 24 saat fəaliyyət göstərirlər”.
Qeyd edək ki, FHN əməkdaşlarının fəaliyyət göstərdiyi bütün qanuni çimərliklərdə xilasetmə məntəqələri yerləşdirilib. Həmin çimərliklərdə həmçinin təcili tibbi yardım məntəqələri də növbəli olaraq, fəaliyyət göstərir. Bu cür məntəqəsi olan qanuni çimərliklərdə bir sanitar avtomobili də olmaqla, bir tibbi briqada çalışır.

Çimərlikdə heyvan bazarlığı…

Çimərliyə özləri ilə bərabər ev heyvanlarını  gətirənlər də var idi. Xüsusən də, itlər öz sahibləri ilə birlikdə dənizdə çimir və isti qumda oynayırdılar. Heyvanların da bu istirahətdən zövq aldıqları açıq-aşkar hiss olunurdu.
Çimərlikdə olduğumuz müddət ərzində iri cüssəli bir it hər kəsin diqqətini cəlb etmişdi. Görənləri vahiməyə salan itin sahibi çalışırıdı ki, heyvanı insanlardan kənar yerdə gəzdirsin. Yaxınlaşıb, itin növünü soruşduq.
Sahibinin dediyiniə görə, it “qafaz ovçarkası” idi: “Gün ərzində 5-6 kilo bişmiş ət yeyir. Çox diqqətcil və sahibinə sədaqətlidir. Alan olsa, 10 000 manata sataram. Balasını isə 500 manata razılaşaram”.
Sahilboyu at çapanlara da rast gəldik. Əvvəl bizə elə gəldi ki, onları da dənizə günəşlənməyə gətiriblər. Lakin sonradan məlum oldu ki, atlar xidmət üçündür. Belə ki, sahildə bir dəfə atla gəzişmək 3 manatdır.
Sahildə böyüklərlə yanaşı, uşaqların da sayı çox idi. Onlar əsasən azyaşlılar idi. Bəzən valideyn nəzarətindən yayınan uşaqları FHN əmkdaşları daim nəzarətdə saxlayırdılar. İsti qumdan ayaqları yanan uşaqlar dənizə qaçıb, suda sərinləməyə xüsusi həvəs göstərirdilər.

Çimərlik balıqçıları…

Günortadan sonra çimərlikdə balıqtutanlar gözə dəyməyə başladılar. Onların arasında gənc, yaşlı, hətta qocası da var idi. Çimərlikdə hansı növ balığın olması marağımıza səbəb oldu.
Balıqçıların dediklərinə görə, çimərlikdə balıqlar daha çox daşların arasında olur. Burada əsasən iki növ – “vobla” və “kefal” balıqlarına rast gəlinir. Lakin günün sonunadək balıqçıların tilovuna balıq düşdüyünü görə bilmədik.
Qeyd edək ki, olduğumuz Buzovna çimərliyi digərlərinə nisbətən həm təmiz, həm də təhlükəsiz və yararlı çimərlik hesab edilir. Çimməyə yaralı hesab edilənlərin sırasında Abşeron kanalizasiya şəbəkəsi olmayan Buzovna ilə yanaşı, Bilgəh, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və ”Amburan”, eləcə də Novxanı və Corat bağlarının sahilboyu ərazilərindəki çimərlikllərin də adları çəkilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, adıçəkilən ərazilərdə beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Bunun nəticəsində də dənizdə mikrobioloji baxımdan, çirklənmənin dərəcəsi tədricən azalaraq, bağırsaq çöplərinin və şərti patogen bakteriya olan “Escherichia coli”nin miqdarı minimum həddə enib.
Bir məqamı da qeyd edək ki, keçirilən monitorinqlər zamanı məlum olub ki, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsindəki çimərliklərdə ötən illərdə olduğu kimi, bu il də mikroboloji baxımdan, çirklənmə var.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın