Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Aktual / “Karabakh Telecom”un Qarabağda qanunsuz fəaliyyətinin qarşısını necə almaq olar? (ŞƏRH)

“Karabakh Telecom”un Qarabağda qanunsuz fəaliyyətinin qarşısını necə almaq olar? (ŞƏRH)

Xankəndidə ermənilərin “mobil operator” savaşı: Arutunyan oyundan kənarlaşdırılır?
2021-ci ilin avqust-sentyabr aylarında Erməni mətbuatında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində fəaliyyət göstərən yeganə mobil operator – “Karabakh Telecom”un gələcək taleyi ilə bağlı bir sıra yazılar gedib. Məlumatlarda mobil operator şirkətinin satıldığı və artıq yeni sahibinin məlum olduğu bildirilir. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, keçmiş qondarma rejimin “Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası”nın rəhbəri Georq Qrigoryan mətbuata son açıqlamasında “Karabakh Telecom”un alqı-satqısına dair sorğunun daxil olduğunu təsdiqləyib və alıcının “Artsakhtel” QSC olduğunu bildirib. Hüquqi şəxslərin elektron qeydiyyatı sistemində əks olunan məlumatlara əsasən şirkət İrəvanda qeydiyyatdadır və 2021-ci il iyulun 6-da təsis edilib. Şirkətin Nizamnamə kapitalı 100 min dramdır, şirkətin direktoru və səhmdarı kimi isə İrəvanda, Sayat-Nova küçəsi 40 ünvanında qeydiyyatda olan Arsen Xaçatryan göstərilir. 
A.Xaçatryan həmçinin 2012-ci ildə təsis edilmiş “Echnet” MMC-nin səhmlərinin 50%-nin sahibi kimi göstərilir ki, bu şirkət informasiya-kommunikasiya xidmətləri provayderidir və “Fastnet” ticarət markası adında tanınır. 
Qeyd edək ki, 2020-ci il oktyabrın 2-də II Qarabağ müharibəsinin gedişində keçmiş separatçı rejimin qondarma rəhbəri Arayik Harutunyan tərəfindən “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunun 8 və 10-cu maddələri rəhbər tutularaq şirkət əvvəlki sahibi – Livan əsilli Fatuş qardaşlarının əlindən alınaraq “dövlət mülkiyyətinə keçirilməsi” adı altında faktiki olaraq özəlləşdirilmişdi. Bu zaman rəsmi mənbələrdə şirkətin idarəçiliyinin qondarma rejimin İqtisadiyyat və istehsalat infrastrukturları nazirliyinə həvalə edildiyi bildirilsə də, faktiki olaraq şirkət Arayik Harutyunanın komanda üzvü hesab edilən Mxitar Mirzoyan tərəfindən idarə edilirdi. 
“Karabakh Telecom”a sahiblik uğrunda mübarizənin birinci dalğası 2018-ci ilə təsadüf edir. 2018-ci ilin iyulunda Ermənistanın Soros fondu tərəfindən maliyyələşdirilən “Lragir.am” saytında “Artsaxın strateji obyektlərinin milliləşdirilməsi zəruridir” adlı məqalədə, habelə bu ərəfədə erməni mətbuatında gedən digər məqalələr silsiləsində “Karabakh Telecom”un monopoliyasına son qoyulmasının zəruri olması mesajları verilmiş, habelə bu zaman dövlət naziri postunu tutan Arayik Harutunyan işğal edilmiş ərazilərə alternativ mobil operatorların cəlb edilməsi üçün danışıqlar aparmışdı. Buna baxmayaraq, “Karabakh Telecom”un monopoliyasına hələ də son qoyulmayıb. Ehtimal etmək olar ki, müharibənin başa çatması ilə mobil operatorun A.Harutunyandan Ermənistanın hazırki hökuməti və yaxud şirkətin keçmiş sahibləri olan Fatuş qardaşları tərəfindən geri alınması planlaşdırılır.  
“Karabakh Telecom” 2002-ci ildə fəaliyyətə başlayıb. Təsisçisi və səhmdarı Livan vətəndaşı, iş adamı Pyer Fatuşdur. Qardaşı Musa Fatuşla birlikdə o, həmçinin “Vivasell-MTS” şirkətinin səhmdarı olmuş, lakin 2020-ci ilin yanvarında məlum olduğu kimi, bu şirkətin səhmlərinin 20%-i Rusiyanın MTS şirkətinə satılıb. “Karabakh-Telecom” da livanlı Pyer Fatuşa məxsus olsa da, aksiyaların bir hissəsinin sahibləri Rusiyanın МТS şirkətinin rəhbərliyində təmsil olunan Artyom Vasilyev və Pavel Maşarovdur.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, “Karabakh Telecom” təxminən 20 il ərzində işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərib:
“İndi də Xankəndidə və ətraf kəndlərdə fəaliyyətini davam etdirir. Mobil internet, fiber optik və sabit şəbəkə üzərindən digər rabitə xidmətləri təklif edir. Ermənistanın bütün telekommunikasiya və internet şəbəkəsinə Rusiya şirkətləri rəhbərlik edir və güman ki, elə onların köməyi ilə də “Karabakh Telecom” yenidən Xankəndində telekommunikasiya xidmətlərini bərpa edə bilib”.
Ekspert qeyd edib ki, bu şirkət qanunsuz fəaliyyət göstərdiyi 20 il ərzində təxminən 15 milyon dollar investisiya yatırmışdı, 70 baza stansiyası vardı, 100 mindən çox mobil istifadəçisi qeydiyyatdan keçmişdi: 
“Azərbaycan hökumətinin uzun illər davam edən etirazlarına baxmayaraq, şirkət Ermənistana məxsus beynəlxaq kodlardan və Beynəlxalq Telekommunikasiya İttifaqından qanunsuz olaraq əldə etdiyi mobil kodlardan istifadə edərək işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərib.Əgər Azərbaycan hüquq-mühafizə qurumları, prokurorluq Fatuş qardaşlarını axtarırsa, təxmini istiqamət verə də bilərəm, onlar adətən bütün dünyada işğal olunan ərazilərdə, beynəlxalq birliklərin tanımadığı ərazilərdə biznes qururlar. Güman etmək olar ki, onlar Krımdadırlar, 2014-cü ildə onların orada mobil rabitə biznesləri olub.
Fikrimcə, Pyer və Musa Fatuş haqqında, yaxud elə Arutunyan haqqında konkret bu məsələlərlə bağlı, Azərbaycana vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyatı beynəlxalq qurumlara müraciət etmək doğru olardı”.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya …