Şənbə , Aprel 20 2024
Ana səhifə / MTN-in 96 illik tarixi

MTN-in 96 illik tarixi

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olur. Yarandığı tarixdən bu günə kimi Azərbaycanın təhlükəsizlik orqanları böyük və keşməkeşli inkişaf yolu keçib. Əsası Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən qoyulmuş bu mühüm dövlət təsisatında milliləşmə prosesində, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara xidmət edən peşəkar qurum kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Bu gün MTN-in şəxsi heyətinin Azərbaycanın dövlət təhlükəsizliyinin möhkəmləndirilməsində və qorunmasında xüsusi rolu var.

Sizlərə təqdim etdiyimiz bu məqalə sabiq Sovet kəşfiyyatçısı, Əsildar Hüseynbəyliyə məxsusdur. Qeyd edim ki, Sovet dövründə uzun illər Türkiyə Cümhuriyyətində SSRİ kəşfiyyatçısı kimi çalışmış Əsildar Hüseynbəyli ilə 90-cı illərdə tanış olmuşdum. Tale hər ikimizə eyni ali məktəbdə çalışmaq imkanı vermişdi – o, müəllim, mən universitetin əməkdaşı kimi… İllər keçdikcə, bu tanışlıq dostluğa çevrildi. Rəhmətliyin “Mühacirlər”, “Casusun etirafı” kimi əsərləri, hesab edirəm ki, o dövrlər üçün həqiqətən Azərbaycanın memuar və dedektiv ədəbiyyatında yenilik idi. Əsildar müəllim indi sizlərə təqdim etdiyim bu məqaləsini də, həmin vaxtlarda dövrü mətbuatda dərc olunmaq üçün rus və sonradan tərcümə elətdirdiyi Azərbaycan dilində mənə təqdim etmişdi. Məqalədə Azərbaycan xüsusi xidmət orqanlarının keçdiyi tarixə bir daha nəzər salınır.

İlham Tumas

Xüsusi xidmətlər bütün dövrlərdə dünya tarixinin gedişatına böyük təsir göstərsə də, onların fəaliyyətindəki ciddi gizliliyin ucbatından, bir sıra ölkələrdə kəşfiyyat xidmətlərinin iştirakıyla baş vermiş bu və ya digər tarixi hadisələr daha çox hansısa siyasi sistemin, yaxud ayrı-ayrı siyasi xadimlərin maraqları ucbatından təhrif olunmuşlar. Kəşfiyyatın xüsusi arxivlərində saxlanan məlumatların son vaxtlar xalqa çatdırılması ictimaiyyətin gözünü xeyli açmış, alimləri onların ölkələrinin tarixinin az qala qanun halını almış fəsillərini yenidən qiymətləndirməyə, bəzənsə yenidən yazmağa vadar etmişdir.

Belə kəşflər ehtimalı, məsələn, Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrə aid, uzun müddət gizlədilən faktların ayrı-ayrı həvəskarlar sayəsində məlum olduğu Azərbaycanda da istisna deyil. Heyf ki, «köhnə şakərə görə», həmin faktlar çox vaxt həddən ziyadə ideallaşdırılır, şadidlərinin hələ salamat olduğu ən yeni dövrün tarixi hadisələri isə təhrif edilir.

Azərbaycan xarici kəşfiyyatının fəaliyyəti haqqında məlumatlar, məsələn, Rusiyanınkından, yaxud ABŞ-ınkından fərqli olaraq, kütləvi informasiya vasitələrində çox xəsisliklə dərc olunur. Bununla belə, orada, təkcə, özünü kəşfiyyata həsr etmək qərarına gəlmiş kəsin deyil, Azərbaycan Respublikasının hər bir vətəndaşının bilməli olduğu çoxlu ibrətamiz amillər var. Ən azı, ondan ötrü ki, qüvvə və sağlamlığını əsirgəməyərək öz vətəninə vicdanla xidmət etmiş və xidmət edən və onların insani rəşadətini təhqir etməyə imkan verməyənlərin işini mümkün qədər obyektiv qiymətləndirəsən. Bir də ona görə ki, minlərlə günahsız insanın məhvində həqiqətən təqsirkar olanların, yaxud xidməti vəziyyətindən mənsəbəçatma məqsədilə istifadə edənlərin fəaliyyətini totalitar rejim məngənələrinin təzyiqi altında əyilməyərək, çox vaxt özü onun qurbanına cevrilənlərin fəaliyyətindən fərqləndirməyi bacarasan.

Bu tarixi oçerk üzərində işləyərkən, müəllif qarşısına elmi və tam araşdırma vəzifəsi qoymamışdır. O, yalnız Azərbaycan dövlətçiliyinin təşəkkülündə və onun müdafiəsində müəyyən rol oynamış bu xidmətin əsas mərhələlərini bilməkdə oxuculara müəyyən dərəcə kömək edəcək artıq dərc olunmuş məlumatları, eləcə də onun veteranlarının xatirələrini zərrə-zərrə seçib ümumiləşdirmişdir.

Praktiki olaraq, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında müstəqillik qazanıldıqdan dərhal sonra onun dövlət strukturu sistemində öz milli kəşfiyyat və əks-kəşfiyat xidmətlərinin yaradılması üzrə işlərə başlanıldı ki, bunu hər şeydən əvvəl gənc ölkəni əhatə edən geosiyasi şərait tələb edirdi. Bundan başqa bu, aparıcı dövlələrin xüsusi xidmətlərində daxili milli təhlükəsizliyin və xaricdə kəşfiyyat fəaliyyətinin təminatı üzrə tədbirlər arasındakı fərqləndirmə prosesinin artıq başa çatdırıldığı dövr idi.

ADR-in aralarında hərbi nazir artilleriya general-leytenantı Səməd bəy Mehmandarovun rolunun xüsusi qeyd edilməli olduğu hərbi və mülki mütəxəssisləri Azərbaycanda kəşfiyyat sisteminin işlənib hazırlanmasında, bu məqsədlə müxtəlif hakimiyyət təsisatlarını, o cümlədən xarici və daxili işlər nazirliklərini, eləcə də hərbi nazirliyi cəlb etməklə iştirak etmişlər. O vaxtkı şərait əsas diqqəti hərbi aspektə yönəltmək, belə informasiyanın toplanmasına görə məsuliyyəti isə hərbi strukturların üzərinə qoymaq zərurəti doğururdu ki, bu səbəbə əvvəlcə Baş Qərargahın himayəsi altında ayrıca hərbi kəşfiyyat və əks-kəşfiyyat orqanı yaradıldı. 1919-cu il il martın 28-də Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general-leytenant Məmməd Sulkeviçin imzaladığı 157N-li əmrlə Gəncədə yerləşən Baş Qərargah İdarəsində general-kvartirmeyster şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölmələri yaradıldı. Əmrə uyğun olaraq, hərbçilər və digər mütəxəssislər göstərilən bölmələrin komplektləşdirilməsi, eləcə də onların zəruri fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üzrə işə başladılar. Hərbi kəşfiyyatın prioritet istiqamətləri ehtimal olunan düşmən haqqında məlumatların toplanması, xaricdə agentura aparatının yaradılması, hərbi əks-kəşfiyyatınkı isə – ölkə daxilində casusluqla mübarizə idi. Etiraf edilməlidir ki, xüsusi xidmətlərin yaradılması prosesində xarici dövlətlərin, ilk növbədə rus və bəzi Avropa ordularının bu sahədəki çoxillik təcrübəsindən istifadə olunurdu.

Dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan demokratik hökumətinin tam yurisdiksiyasına keçdikdə isə mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti sisteminin yaradılması haqqında da məsələnin nəzərdən kecirilməsi mümkün oldu. 1919-cu il iyunun 9-da Parlamentin qərarına müvafiq olaraq, Azərbaycan hökuməti tərəfindən, dövlətin müdafiəsi üzrə xüsusi orqan – Nazirlər Şurası sədrinin, hərbi nazirin, yollar nazirinin, xariçi işlər nazirinin və ədliyyə nazirinin daxil olduğu Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Artıq elə həmin il iyunun 11-də DMK bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. Həmin günlərdəcə parlament əksər səs çoxluğu ilə Əks-inqilabla mübarizə Təşkilatının (ƏMT) yaradılması haqqında qərar qəbul edir ki, ona müvafiq olaraq Hərbi nazirliyin Baş Qərargah İdarəsi kəşfiyyat və əks-kəşfiyyat bölmələrinin fəaliyyəti axırıncının tabeliyindən çıxarılaraq ƏMT-yə tabe etdirilir. Hərbi idarənin öhdəsində isə yalnız hərbi kəşfiyyatla məşğul olan bölmə qalır. Elə ilk günlərdən Hərbi nazirliyin kəşfiyyat bölməsi ilə ƏMT arasında sıx əməkdaşlıq yoluna qoyulur. O cümlədən, nazirlik ƏMT-yə sonradan əks-kəşfiyyat tədbirlərində istifadə olunmaqdan ötrü, kəşfiyyat xarakterli informasiyalar göndərirdi. ƏMT Dövlət Müdafiə Komitəsi tərəfindən maliyələşdirilirdi.

ƏMT-nin ilk rəisi parlamentin və Müsavat partiyasının üzvü Məmmədbağır Şıxzamanov təyin olundu. Ancaq 1919-cu il avqustun 20-də DMK M.Şıxzamanovu ərizəsinə müvafiq olaraq onu işdən azad etdi və onun yerinə kiçik qardaşı Nağı Şıxzamanovu təyin etdi. ƏMT rəisinin müavini Hümmət partiyasının üzvü Mirfəttah Musəvi təyin olundu: ilkin mərhələdə təşkilat əsasən Denikin emissarlarına qarşı işləyir və buna görə, fəaliyyəti həmin sol partiya tərəfindən dəstəklənirdi. Sentyabrın 5-də M.Musəvi öldürüldükdən sonra isə ƏMT rəisinin müavini Mahmud Səfikürdski təyin olundu. Tezliklə ƏMT bolşeviklərə qarşı fəaliyyətdə aktiv iştiraka başladığından Hümmət partiyasının dəstəyini itirdi. «Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti rütbəlilərinin hüquq və vəzifələri haqqında Əsasnamə»yə uyğun olaraq, əks-kəşfiyyata «casusları və onların təşkilatlarını, eləcə də, öz fəaliyyətləri ilə Azərbaycana və onunla müttəfiq dövlətlərə qarşı düşmənçilik, yaxud digər hərəkətlərində düşmənə kömək edə, ya da şərait yarada biləcək şəxsləri aşkara çıxarmaq» həvalə olundu. İlk iş aylarında ƏMT-nin aparatında cəmi 19 nəfər vardısa, sonradan əməliyyat heyəti 27 nəfərə çatdı. 1920-ci ilin əvvəllərində Bakı şəhərinin 7 rayonunda ƏMT-nin rayon şöbələri yaradılmışdı və beləliklə, bu təşkilatın fəaliyyət göstərdiyi cəmi 9 ay ərzində (1919-cu ilin iyunundan 1920-ci ilin martınadək) ƏMT-də ümumilikdə yüzə yaxın adam işləyirdi. Milli əlamətə görə, şəxsi heyət əsasən azərbaycanlılardan, eləcə də ruslardan, ukraynalılardan, gürcülərdən və digər millətlərdən ibarət idi. Ermənilərsə, siyasi oriyentasiyalarından asılı olmayaraq, artıq, o zamandan ƏMT-nin öyrənilmə obyektləri idilər.

Tez-tez baş verən hökumət böhranları və müxtəlif parlament partiyaları arasındakı siyasi mübarizə ƏMT-nin və hərbi nazirliyin kəşfiyyat bölməsinin, yeri gəlmişkən, nazirliyin özünün də iş səmərəliliyinə mənfi təsir göstərirdi. 1920-ci ilin martına yaxın Azərbaycan Respublikasında hökumət böhranı güçləndi, müxtəlif parlament cərəyanları və partiyaları arasında siyasi mübarizə kəskinləşdi. Bu şəraitdə 1920-çi il martın 6-da ƏMT buraxıldı, hərbi nazirliyin kəşfiyyat bölməsinin işinə də xitam verildi.

1920-ci il aprelin 28-də XI Qızıl Ordunun Bakıya girməsi ADR hökumətinin müstəqil respublika çərçivəsində milli kəşfiyyat və əks-kəşfiyyt sisteminin gələcək inkişafı üzrə planlarını dayandırdı. Azərbaycan Demokratik Respublikasının xüsusi xidmətlərində işləmiş bir çox kadrlar, o cümlədən ƏMT-nin ilk rəisi M.Şıxzamanov repressiyaya məruz qaldılar.

ƏMT-nin onlarla sıravi əməkdaşı müxtəlif müddətlərə azadlıqdan məhrumedilməyə məhkum edildi. N.Şıxzamanov və bir müddət sovet xususi xidmətlərində də qulluq etmiş M.Səfikürdski Türkiyəyə mühacirət etdilər.

Sovetlər dövründə Azərbaycanda, Oktyabr İnqilabından və 1917-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsindən dərhal sonra yaradılmış FK (Fövqəladə Komissiya), sonradan isə XDİK (Xalq daxili işlər komissarlığı), BBSİ (Birləşmiş Baş siyasi idarə), DTN (Dövlət təhlükəsizliyi nazirliyi) və nəhayət, DTK (Dövlət təhlükəsizliyi komitəsi) strukturları mövcud idi.

Azərbayçan Fövqəladə Komissiyası 1920-ci il aprelin 29-da təşkil olunmuşdu. O vaxtlar hələ lazımı sayda qüvvəyə malik olmadığından, AzFK kecmiş XI Qızıl Ordunun Xüsusi şöbəsi (orduda əks-kəşfiyyat) ilə əlbir işləyirdi. Azərbaycanın daha iri rayonlarında diviziyaların xüsusi şöbələri nəzdində FK-lar təşkil olunmuşdu. Bakı şəhərinin özündə isə mərkəzi orqanı köməkçilər şəklində Balaxanı-Sabuncu, Qaraşəhər və Bayıl-Bibiheybət FK-rı təşkil edildi. Qeyd olunmalıdır ki, əslən Azərbaycandan olan peşəkar əməkdaşlar çatışmadığından, müstəqil Fövqəladə Komissiyalar deyildi. Onlar o zaman daha çox yerli vətəndaşlar arasından Qızıl Ordunun xüsusi cəbhə şöbələrinə kömək ücün ayrılmış ayrıca işçi qruplarına bənzəyirdi.

Lakin artıq 1920-ci il mayın 18-də Bakıya XI Ordunun Xüsusi şöbəsindən Azərbaycan İnqilabi Xalq Komissarlığı (Azrevkom) hüquqlu müstəqil Fövqəladə Komissiya ayrıldı. AzFK-nın ilk sədri və İnqiladi hərbi tribunalın sədri kəndli ailəsindən olan, ixtisisca fəhlə Babaəli Əliyev təyin olundu. Balaxanı-Sabunçu, Qaraşəhər və Bayıl-Bibiheybət FK-rı bir müddətdən sonra onlara ehtiyac olmadığından ləğv edildilər. Öz fəaliyyətlərində AzFK-nın bütün strukturları ÜFK-ya (VÇK) tabe etdirildi. Və sonradan – SSRİ-nin süqutunadək Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat bölmələri Moskvada yerləşən müvafiq ümumittifaq mərkəzi aparat srukturlarının bir hissəsi idi.

İlk illərdə AzFK-nın fəaliyyəti Azərbaycanın Gəncə, Qarabağ, Zaqatala, Nuxa və digər rayonlarında üsyanların yatırılmasına yönəldilmişdi. Gəncə üsyanı susdurulduqdan dərhal sonra fəaliyyəti əyalətlərdə üsyanlarla mübarizəyə yönəldilmiş Gəncə Quberniya Fövqəladə Komissiyası (QubFK) da təşkil olundu. Sonralar AzFK-ya kömək məqsədilə, bilavasitə FK-ya tabe olmaqla, eyni vaxtda həm də əyalət milisinin siyasi şöbəsi olan əyalət Siyasi büroları təşkil edildi. Onlar Ermənistan və Gürcüstanda sovet hakimiyyəti qurulduqdan dərhal sonra ləğv olundu. Gürcüstanda sovet hakimiyyətinin qurulması ilə oradakı Azərbaycan, Dağıstan, dağ və Şimali Qafqaz antisovet təşkilatlarının qərargahları da darmadağın edildi. Buna uyğun olaraq, Gəncə FK-sı kimi iri aparata ehtiyac da aradan qalxmağa başladı və artıq 1921-ci ildə bütün Azərbaycan ərazisində fövqəladə səlahiyyətli yeganə orqan – mərkəz Bakı olmaqla AzFK-sı qaldı.

AzFK-nın fəaliyyəti hər şeydən əvvəl üzvlərinin Azərbaycanın həmsərhəd rayonlarındakı tərəfdarlarının onları Ermənistana birləşdirmək üçün müvəffəqiyyətinə ümidini itirməyən erməni Daşnaksütyun partiyasına, «Müsavat» partiyası əvəzinə gəlmiş «İttihad-İslam» partiyasına, eləcə də işlərini əsasən Bakının sənaye fəhlələri arasında aparan və pravoslav kilsəsinin dindarlarından istifadə edərək, rus fəhlələri arasında fəallaşan «Soyuz russkoqo naroda»-nın kecmiş üzvlərindən olan qaragüruhçulara, eserlərə qarşı yönəlmişdi.

20-ci illərdən başlamış əslində 80-cı illərin sonunadək Azərbaycanın xarici kəşfiyyatı İran və Türkiyə ərazilərində yerləşmiş mühacir təşkilatlarla əlaqədar iş aparırdı. Bundan ötrü həmin ölkələrdəki diplomatik və ticarət missiyaları yanında kəşfiyyat rezidenturaları yaradılır, xüsusi agentura göndərilirdi. Onların rəhbərləri (rezidentlər) açıq himayə altında işləyir və onları kəşfiyyatcı kimi yalnız götürüldükləri missiyaların başçıları tanıyırdılar. Bundan başqa 1920-ci il oktyabrın 20-də yaradılmış müstəqil bölmə – ÜFK-nın Xariçi şöbəsi (XRŞ) ilə bilavasitə əlaqəyə girən qeyri-leqal rezidenturalar da yaradılırdı.

1922-ci ilin fevralında ÜFK XRŞ-i öz növbəsində 1923-cü ilin noyabrında SSRİ xalq kommisarları Soveti yanında Birləşmiş dövlət siyasi idarəsinin Xariçi şöbəsinə cevrilən Xalq daxili işlər kommisarlığının Baş siyasi idarəsinin Xarici şöbəsi (DSİ XRŞ) kimi təşkil olundu. BDSİ XRŞ-i özündə altı, o cümlədən Şərq sektorunu ehtiva edirdi. Türkiyə və İranla əlaqədar işi iqamətgahı Tbilisi şəhərində yerləşən Qafqaz üzrə səlahiyyətli nümayəndə aparırdı.

1938-ci ildə sovet kəşfiyyatına 450-dək kəşfiyyatçının işlədiyi 45 leqal və 14 qeyri-leqal rezidentura yaratmaq müəssər oldu. Stalin totalitar rejimi xarici kəşfiyyatın işinə də mənfi təsir göstərirdi. Əvvəlcə Nikolay Yejov, sonra isə Lavrenti Beriyanın apardıqları «təmizləmə» nəticəsində 275 kəşfiyyatçı «xalq düşməni» elan olunaraq repressiyaya məruz qoyuldu, yalnız tək-tükünə öz təqsirsizliyini sübut etmək və xarici kəşfiyyata qayıtmaq nəsib oldu.

Tədricən hərbi kəşfiyyat da yenidən təşkil olunurdu. Sovet hərbi kəşfiyyatını tam mənada inqilabaqədərki ordu kəşfiyyatı orqanlarının hüquqi varisi saymaq olar, belə ki, onda əslində, çar Rusiyasının strukturu və əksər kadrları qorunub saxlanılmışdı.

Bu zamanlar hərbi kəşfiyyatın ən prioritet istiqamətlərindən birinə həm də hərbi-texniki kəşfiyyat çevrilir. Sovet hərbi kəşfiyyatının ilk rəhbəri kecmiş ştabs-kapitan, sonralar Rusiyanın Türkiyədə səfiri olmuş bolşevik Semyon Aralov təyin edildi. Artıq 20-çi illərin sonlarına yaxın hərbi kəşfiyyatın sərəncamında rəsmi himayə altında işləyən, güçlü xarici leqal rezidentura aparatı və şaxələnmiş qeyri-leqal şəbəkə var idi.

1937-1938-ci illərdə sovet hərbi kəşfiyyatı yenə amansız dağıntıya məruz qaldı. Stalin «təmizləmələri» nəticəsində SSRİ-nin bütün xarici kəşfiyyatında İkinci dünya müharibəsi ərəfəsində Almaniyadan və onun işğal etdiyi ölkələrdən strateji cəhətdən mühüm dürüst məlumatların alınması kəsildi ki, sonradan bu, sovet xalqının, o cümlədən azərbaycanlıların Böyük Vətən müharibəsində saysız-hesabsız itkilərinin başlıca səbəblərindən birinə çevrildi.

Əsildar Hüseyinbəyli

Davamı sabah

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın