Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Aktual / Kəlbəcərdə minaya düşmə anı: MN cavab verməlidir – o maşını kim sürüb?

Kəlbəcərdə minaya düşmə anı: MN cavab verməlidir – o maşını kim sürüb?

Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən minaya düşən “Kamaz” markalı sərnişin avtobusunun minaya düşmə anının videosu yayılıb.
Avtobusun daxilində çəkilən videoda “Kamaz”ın minaya düşdüyü yer əvvəlcədən görünür. Belə ki, yolun ortasında yenicə qazıntı aparıldığı, üstünün isə torpaqlandığı açıq-aşkar diqqəti cəlb edir. Bu, həmin ərazinin təhlükəli olması barədə ilkin informasiya olmalı və “Kamaz” sürücüsü bunu nəzərə almalı idi.

“Kamaz” sərnişin avtobusu olsa da, hərbi maşındır və böyük ehtimalla Müdafiə Nazirliyinin sərəncamındadır. Ümumiyyətlə, hazırda işğaldan azad edilən ərazilərə qayıdış baş tutmadığından və orda minatəmizləmə, infrastrukturun qurulması işləri getdiyindən, əraziyə daha çox peşəkarlar, istehkamçılar, o cümlədən təlimat görmüş hərbçilər buraxılır. “Kamaz” sürücüsünün də peşəkar olması vacib idi. Nəzərə alsaq ki, 27 mayda təxribat törətmək üçün Azərbaycan ərazisinə keçən 15 və 9 nəfərlik iki erməni diversiya dəstəsi aşkar olunmuş, onlardan 6 diversant Kəlbəcərdə Ordumuzun təminat yoluna mina döşəyərkən yaxalanmışdı, demək, Müdafiə Nazirliyinin daha diqqətli olması və xüsusi təlimat verməsi vacib idi.

4 iyunda Susuzluq kəndi istiqamətində minaya düşən və ikisi jurnalist olmaqla, 3 nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olan hadisə isə son 10 gündə ikinci insidentdir. 24 may tarixində Kəlbəcərdə Ordumuza aid “Kamaz” markalı avtomobilin minaya düşməsinin görüntüləri yayılmışdı. Yalnız 27 may tarixində MN hadisəni təsdiqlədi və olayla bağlı ətraflı məlumat gözlənilsə də, nədənsə MN bu olayla bağlı geniş məlumatlandırma yaymağı lazım bilmədi. Halbuki bu fakt ermənilərin Azərbaycan ərazilərinə keçərək, mina basdırmasını təsdiqləyən fakt idi. Bu olay necə baş vermişdi və orda hər hansı şəhid olmuşdumu? Bu suala indiyədək aydınlıq gətirilməyib.
Diversantların ələ keçməsindən – 27 maydan 4 iyuna qədər 7 gündən çox vaxt keçib. Həmin müddətdə MN istehkamçıları Ordumuzun təminat yollarının yenidən yoxlanılmasına səfərbər edibmi? Axı bu fakt ən azı Ermənistanla sərhədə yaxın yolların yenidən minalandığı ehtimalını gündəmə gətirmişdi.
Belə məlum olur ki, nə profilaktik tədbirlər görülüb və sürücülər, həmin ərazidə olan hərbçilər xəbərdar edilib, nə də təhlükə ehtimalına qarşı yoxlama icra edilib. Birinci halda daha peşəkar və əvvəlcədən xəbərdar edilən sürücü Susuzluq kəndinin yolunda müşahidə edilən qazıntıdan şübhələnər və oradan keçməzdi, ikinci halda isə artıq istehkamçılar yeni minaları aşkarlayardılar.
Ümumiyyətlə, son 10 gündə ermənilərin sərhədlərimiz daxilinə 400 metr girərək, düşərgə salmağa çalışmasından tutmuş, 24 nəfərlik iki diversiya dəstəsindən niyə yalnız 6 nəfərinin yaxalanması, digərlərini əldən buraxılmasının səbəbləri də daxil olmaqla, bir çox suallara MN-in aydınlıq gətirməsinə ciddi ehtiyac var. Həmçinin ötən gün baş verən olayla bağlı MN-dən başqa bütün qurumların açıqlama verməsi də narahatlıq yaradır.
Ordu – Azərbaycanın təkcə təhlükəsizlik yeri deyil, bu xalqın ən çox güvəndiyi, qürur duyduğu yerdir. MN rəhbərliyi bu məsuliyyəti anlamaq və buna uyğun davranmaq məcburiyyətindədir. Şəhidlərimizin qanı-canı bahasına Ordumuzun qalxdığı yüksək mövqeyi “nəcməddinqadıkovlar”ın siyasəti ilə itirmək bu millətə xəyanət olar.
https://www.facebook.com/plugins/video.php?height=476&href=https%3A%2F%2Fwww.facebook.com%2Felchin.zahiroglu.1%2Fvideos%2F2582815261924515%2F&show_text=false&width=261&t=0

Bakupost

Həmçinin oxuyun

“Gələn il Şuşa türk dünyasının mədəniyyət paytaxtı olacaq” – Ərdoğan

Qarabağ dünyanın ən gözəl yeri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala …