Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / JURNALİSTLƏR BAŞLARINA GƏLƏN KURİOZ HADİSƏLƏRDƏN DANIŞIR –  MARAQLI SORĞU

JURNALİSTLƏR BAŞLARINA GƏLƏN KURİOZ HADİSƏLƏRDƏN DANIŞIR –  MARAQLI SORĞU

Hər bir jurnalist demək olar ki, hər gün deputat, siyasi və sosial ekspertlər olmaqla bir neçə müsahiblə əlaqə saxlayır.

Hər bir şəxsin fərqli xarakter, savad, intellekt və dünya görüşə malik olduğunu nəzərə alaraq deyə bilərik ki, az qala jurnalistlərin də başına hər gün ən azı bir fərqli hadisə və ya əhvalat gəlir.
Biz də bu məsələnin maraq doğuracağını düşünərək “Peşə fəaliyyətini yerinə yetirərkən başınıza gələn bir maraqlı hadisəni ərz edə bilərsinizmi? sualı ilə yazar həmkarlarımız arasında soğru keçirdik.
Deyəsən elə həmkarlarımızın da ürəyi doluymuş. Hətta jurnalist dostlar arasında jurnalistik fəaliyyəti zamanı başına gələn maraqlı hadisələrlə bağlı kitab çıxarmaq eşqinə düşdüyünü söyləyənlər də oldu.

 

Bakı-Xəbər qəzetinin əməkdaşı Məhəmmədli Qəribli politoloqun kobud səhvini düzəldib:

” Milli Məclisdə işləyən bir politoloq var Aydın Ağayev. Əvvəllər ondan tez-tez münasibət öyrənirdim. Çox diqqətçil adamdı. Hər dəfə fikrindəki hətta bir sözün kontekstdən çıxarılmasına görə, sabahısı gün zəng vurub etiraz edirdi. Hətta başqa gənc jurnalistləri belə misal çəkirdi ki, onlar ağzımdan nə çıxır onu da yazırlar. Hörmətli Aydın müəllimin tələbi bundan ibarət idi ki, onun fikirləri qətiyyən redaktəyə məruz qalmasın. Bir dəfə Aydın müəllimdən bir məsələ ilə bağlı münasibət öyrənəndə, gördüm ki, mühüm bir tədbirlə bağlı danışanda texiniki olmayan bir səhvə yol verdi. Sonra dəqiqləşdirmə aparıb görüb ki, münasibət bildirdiyi tədbirin adı və mahiyyətini başqası ilə səhv salıb. Artıq mən işdən çıxmışdım, gördüm Aydın müəllim zəng etdi və düzəlişin vacib olduğunu bildirdi. Mən isə onun nəzərinə çatdırdım ki, artıq işdən çıxmışam, yazı da çapa gedib. Hiss etdim ki, çox narahat oldu. Təbii ki, mən illərin təcrübəsinə əsaslanaraq, Aydın müəllimin fikirləri ilə bağlı lazım olan düzəlişi etmişdim. Səhər qəzeti oxuyandan sonra zəng vurub təşəkkür etdi”.

“Cümhuriyət” qəzetinin əməkdaşı Mənsur Rəğbətoğlu  danışır:

“Bir dəfə millət vəkili Rasim Musabəyova zəng etmişdim. Yalan olmasın, bir səhifəlik sual verdim. Qayıdıb cavab verdi ki, buna inanmıram. Sonra susdu. Mən də gözləyirəm ki, indi danışacaq. “Başqa sualın”, deyəndə ayıldım ki, kişi məsələni həll edib. Qayıdıb cavab verdim ki, Rasim bəy, geniş, sürrealist, naturalist cavaba görə, təşəkkür edirəm. Hər dəfə zəng edəndə belə cavab verir. Mən də bir saata yaxın dil-ağız edirəm ki, bəs gərək məni bağışlayasız, hər dəfə sizi zəhmətə salıram. Deyir ki, narahat olma, nə vaxt lazım oldu zəng elə. Başa düşə bilmirəm, qışın ayazında, yayın tüpürcək qurudanında Rasim Musabəyov künc-bucaqda, parklarda saatlarla özünü titrədə-titrədə, sel kimi tər tökə-tökə danışır, elə ki, iş sayt və qəzetə gəldi, sözü ağzından kəlbətinlə də çıxarmaq olmur”.

“Ekspress” qəzetinin əməkdaşı Aynura Məmmədovanın da başı ekspertlərdən çox çəkib.

“Novruz bayramı ərəfəsində çərşənbələrlə bağlı yazı hazırlamalı idim. Bundan bir il əvvəl də Folklor Institutuna gedib orada Seyfəddin Rzasoydan müsahibə almışdım. Və o mənə Novruz bayramı haqqında ətraflı məlumat almağım üçün müəllifi olduğu kitabı hədiyyə etmişdi.  Amma ekspertlər çox olduğundan bir il müddətində o yadımdan çıxıb. Və Folklor Institutunun mərasim falkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədliyə zəng vurub özümü təqdim edəndən sonra onu S.Rzasoy bilib xatırladıram ki, sizdən müsahibə almışdım, mənə kitab da hədiyyə etmişdiniz Yəqin o da məni başqa bir jurnalistlə səhv saldığı üçün deyir ki, bəli, yadımdadır. Həm də məndən soruşur ki, o, hansı kitab idi. Mən də cavab verirəm ki, üzərində folklor geyimində olan maskalı kişi şəkli olan Novruz bayramı ilə bağlı olan kitab. O bir qədər tərəddüd etsə də, tam inkar etmir. Mən də elə bilirəm ki, o, S. Rzasoydur. Sonradan bir dəfə A.Əhmədliyə zəng vurmaq istədikdə O, televiziyada qonaq kimi dəvət olunduğu üçün ondan müsahibə ala bilmir, əlaqə saxlaya bilmirəm. Yəni onların adını unutmuşdum. Və telefon kitabçamda Folklor bölməsi altında S. Rzasoyun nömrəsini yığıb onunla danışıram Amma elə bu zaman danışıq tərzindən həmin canlı müsahibə aldığım ekspertin olduğunu anlayıram. Dəqiqləşdirmək üçün evdə kitabı tapıb müəllifin adını da oxuyuram.

 

 

“Elşad Eyvazlı və redaktorumuz Azər Hüseynbala çox gülmüşdü həmin hadisəyə”

Modern.az saytının əməkdaşı Gülşən Raufqızı deyir ki, hər gün ən azı 10-15 müsahiblə sosial şəbəkə və telefon vasitəsilə əlaqə saxlayır. Və bu mənada maraqlı hadisələr çox olub:

“Amma təəssüf ki, bir anda hamısını xatırlaya bilmirəm. Təxminən 2 il bundan əvvəl şənbə günü növbədə idim. Redaktorumuz Azər Hüseynbala təcili olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayevlə əlaqə saxlamağı tapşırdı. Mən siyasət sahəsindən yazmadığımdan sədrlə danışmamışdım, yəni səsindən tanımırdım. Adətən hər gün danışdığım müsahiblərin səsini “alo” deməsindən tanıyıram. Sual Razi Nurullayevin siyasət arenasını tərk edib-etməməsilə bağlı idi. Nömrəni yığdım salamlaşıb özümü təqdim edəndən sonra sualımı verdim. Telefonun o biri ucundakı şəxs də böyük həvəslə danışmağa başladı. O qeyd etdi ki, artıq siyasətlə məşğul olmayacaq. Özünü bu sahədə görmür. Mən də müsahibin dediklərini olduğu kimi yazdım. Redaktorumuz Azər Hüseynbala bizim otağa gəlib dedi ki, “ay Gülşən, Razi doğurdan belə dedi?” Dedim bəli, səsi də diktafonda var. Dedi “yaxşı, yazını manşet edirəm, amma səs yazısını silmə”.
Yazı “Razi Nurullayev siyasətdən getdi” başlığı ilə sayta qoyuldu. Bu vaxt Azər müəllimin “səs yazısını silmə” sözləri elə bil məni ayıltdı. Siyahıda nömrəyə baxıb yenidən Razi bəyə zəng vurdum. “Alo” deyilən an, bir az əvvəl danışdığım adamın Razi bəy olmadığını anladım. Nə isə heç nə olmamış kimi sualımı verdim. Razi bəy də cavab verdi. Sağollaşan kimi əvvəl zəng etdiyim nömrəyə baxdım. Sondakı bir rəqəmi yanlış yığmışdım. Məsələnin üstündən elə-belə ötüb keçmədim. Yenidən əvvəlki nömrəyə zəng vurub həmin şəxsdən nə üçün məni yanıltdığını soruşdum. Məlum oldu ki, həmin adamın da adı Razi imiş. Bir müddət hansısa siyasi partiyanın üzvü olub. İdmanla məşğul olduğundan siyasətin “daşını atıb”. Nə isə yazını tez yazdım redaktor saytdakı yazıya düzəliş verdi. Yadımdadır, baş direktorumuz Elşad Eyvazlı və redaktorumuz Azər Hüseynbala çox gülmüşdü həmin hadisəyə”.

 

“Bakı- Xəbər” qəzetinin əməkdaşı İradə Sarıyeva həm sualı unudub, həm də müsahibin səsini yaddaşa verməyi:

“Rəhmətlik Akif Səmədlə çox səmimi münasibətlərimiz vardı, tez-tez ondan açıqlama, müsahibə götürürdüm. Məni görən kimi bığaltı gülürdü. Bilirdi ki, nə isə söz “oğurlayacağam”. Deyirdi ki, yenə a qardaşım qızı, məni imtahan edəcəksən? Gülüşürdük. Deyirdim ki, bir sualım var cəmi. Onunla sonuncu üzbəüz müsahibəmi heç unutmuram. Vaxtı danışdıq, məkanı müəyyənləşdirdik. Yayın qızmar günlərindən biri idi. “Hürriyyət” qəzetində mədəniyyət yazarı idim. Dediyi vaxtda “Müxalifət” qəzetinin ofisində oldum. Salamlaşdıq. Dedi ki, vaxtım azdı qardaşqızı, suallarını tez ver. Akif bəyin gözlərinə baxanda dəli bir qüssə yayıldı ürəyimə. Sual yadımdan çıxdı. Dedi görürəm, sualı unutmusan özüm başlayım danışmağa. Nə isə ədəbiyyatla bağlı sual verdim, yənu suallarım elə bu mövzuda idi. Çox yaxşı danışdı. Bəlkə də ən canlı, güclü müsahibəsi idi həmin müsahibə. Məndə bir adət var, müsahibəni götürəndən sonra mütləq yazıb yazmadığını yoxlayıram, amma bu dəfə yoxlamamışdım. Sağollaşıb redaksiyaya yollandım. Özümü tənginəfəs işə çatdırdım ki, müsahibəni yazım, diktafonun düyməsini basdım, gördüm ki, bir cümlə də olsa söz yoxdu. Diktafon namərdlik edib. Elə peşman oldum, öz-özümə o qədər vaysındım ki…Müsahibəni yaza bilmədim. Akif bəydən elə utanırdım ki, deyirdim məni harda görsə biabır edəcək, odur ki, gözünə görünmürdüm. Bir dəfə rəhmətlik özü zəng vurub məni axtardı, uşaqlar dedi ki, Akif Səməd səni axtarır. Nə isə gəldim telefona, salamlaşdıq. Soruşdu ki, a qardaşımqızı, səndən bir xəbər çıxmadı. Başıma gələnləri danışdım, üzr istədim. Dedi ki, deyəsən diktafonun təzə idi. Dedim hardan bildiniz? Yumorla ğavab verdi:”Ondan bildim ki, diktafonun məni tanımadı, tanımadığı üçün də səsimi yazmadı. Köhnə diktafon olsaydı köhnə tanış kimi tanıyardı”. Sonra könlümü aldı, dedi ki, inciməmişəm, aparat bəzi etibarsız dostlar kimidi, ehtiyatı əldən vermə, qeyd də götür müsahiblə danışanda. Bu mənim üçün böyük dərs oldu, ondan sonra müsahibə zamanı dəftərçəmə qeydlər də edirəm ki, diktafon yazmasa qeydlər əsasında yazımı hazırlayım.

İradə xanımın istəyini nəzərə alıb, başına gələn ikinci hadisəni də təqdim edirik:

Jurnalistikaya yeni gəldiyim dövrlər idi. Deyim ki, sənət adamlarının repertuarını, rollarını, əsərlərini əzbər bilirdim, amma nə gizlədim, çoxunu üzdən tanımırdım. Kənd uşağıydım də. Bir dəfə redaktor mənə dedi ki, muğamdan, xalq mahnılarından, onların ifaçılarından çox yazırsan, amma bir nəfər gözəl sənətkarı unutmusan. Soruşdum ki, hamını əhatə etməyə çalışıram, yadımdan kim çıxıb ki? “Yaqut Abdullayevadan niyə yazmırsan?” dedi redaktor. Yaqut xanımın səsini eşitmişdim, ifasını dinləmişdim, sevimli sənətkarımızdı. Nömrəsini tapıb zəng etdim. Dedi ki, qızım, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyirəm, ora gəl. Mən də getdim, onu soruşdum, məni bir xanımın yanına gətirdilər. Qadın məni görüb çaş-baş qalmışdı ki, bu kimdi. Mən də çılğın bir qız idim, dil-boğaza qoymadan suallar yağdırırdım ona. Dedi ki, xanım, bir dəqiqə dayan. Sizə kim lazmdı, dedim xanəndə Yaqut abdullayeva, Dedi mən o deyiləm… Belə hallar olub, Ayət, nə gizlədim, təcrübəsiz vaxtlarımda”.

 

 

Ədalət qəzetinin əməkdaşı Rüfət Soltanı çox gözlədiblər:

“Bir dəfə Arif Hacılıya zəng eləmişdim. İclasda idi dedi bir saat sonra zəng edərsən. Gözlədim bir saat sonra yığdım dedi bircə saatda gözlə danışacam. Səbir elədim gözlədim, növbəti dəfə zəng edəndə mənə nə desə yaxşıdı? Dedi iclasdayam hələ. Soruşdum ki, bəs Arif müəllim 2 saatdır bitmiyib iclas. O da cavabında iclas hələ indi başlıyır nə 2 saat – dedi. Mən error vermişdim. Yəqin gərgin işləri olur ona görədir nəbilim”.

 

“Kaspi” qəzetinin əməkdaşı Aygün Asimqızı da əməlli- başlı təlaş yaşayıb:

“Düzü, elə də maraqlı hadisə ilə qarşılaşmamışam. Çünki müsahibələrimdə nəsə əks bir məqamın olmaması üçün həmişə diqqətli olmağa çalışmışam. Amma bir dəfə buna nail olmadım. Deməli, psixoloq Narınc Rüstəmovadan müsahibə almışdım. Müsahibə geniş olduğu üçün dedim göndərərəm oxuyarsız, yanlışlıq olmasın. Müsahibə gedən gün Narınc xanımın vaxtı olmadı, dedi Elnur Rüstəmova (həyat yoldaşı) göndər o baxsın. Psixoloq olduğu üçün nəsə düzəldiləsi olsa, o edər. Mən də göndərdim. Bir saatdan sonra Elnur Rüstəmov mənə cavab verdi. Müsahibəni bəyəndiyini yazdı, təşəkkür etdi. Qısa-qısa yazdığı üçün feysbukda açılan pəncərədə bunlar göründü. Mən də elə bildim ki, yazıda düzəlişə ehtiyac olmayıb. Yazımın özümdə olan variantını qəzetə verdim. Ardınca Narınc xanım yazdı ki, Elnur sizə düzəlmiş variantı göndərib. Dedim ki, yox, yazıb ki əladır hər şey. O dedi ki yox düzəlmiş variantını göndərib. Mən də israr etdim ki, göndərməyib. O da heç nə demədi, təşəkkür etdi, sağollaşdıq. Nəysə yazını verib getdim evə. Gecə yatmışdım, saat 2-də oyandım, ağlıma ilk gələn o oldu ki, Narınc xanım niyə dedi ki, düzəldilmiş variantı göndərib. Nəysə feysbuku açıb baxdım ki, həqiqətən mənə yeni variant göndəribmiş, amma fayldan sonra mesaj çox yazdığı üçün görməmişəm və köhnə variantı gedib. Elə gecə saytda qəzetin PDF variantını açıb Elnur bəyin göndərdiyi ilə tutuşdurdum. Bəzi hərf səhvlərini nəzərə almasaq, elə düzəliş edilməmişdi. Sonra fikirləşdim ki, Narınca xanıma deyim, üzrxahlıq edim. Çünki o dedi yeni varinat göndərmişik, mən dedim yox. Bunla bağlı geniş mesaj da yazdım, amma bilmirəm oxudu ya yox. Əgər oxusaydı, ondan sonrakı müsahibələrdə nəsə deyərdi, oxumayıbsa indi mütləq oxuyacaq”.

Hazırladı: Ayyət ƏHMƏD

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın