Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Jurnalistlərə hörmət etməyən müğənnilər boykot edilməlidir?

Jurnalistlərə hörmət etməyən müğənnilər boykot edilməlidir?

Əməkdar artist Röya Ayxanın bir qisim jurnalsiti konsertinə buraxmaması, onun bu addımını tənqid edən media nümayəndəsini təhqir və təhdid etməsi bir neçə gündür ki, mətbuatın gündəmini zəbt edib. Ölkənin əsas xəbər portallarında müğənninin bu addımını qınayan yazılar dərc olunub. Hətta, bir qrup jurnalist Röyanın iştirakı ilə dekabrın 31-i Olimpiya stadionunda baş tutacaq konsertlə bağlı keçirilən mətbuat konfransına da qatılmaqdan imtina edib və onlar Röyanı boykot etdiklərini bildiriblər.  
Bəs, media nümayəndələrini konsertinə buraxmayan sənət adamları ilə bağlı hansı ölçü götürülməlidir? Onlar boykotedilməlidirmi?
Musavat.com məsələ ilə bağlı sorğu keçirib. Uzun illərdir ki, şou-biznes və mədəniyyət  yazarı olaraq fəaliyyət göstərən Zülfiyyə Qurbanova bildirib ki, müğənnilərin jurnalistlərə qarşı bu cür rəftarı illərdir ki, davam edir:  “Müğənnilərin konserti zamanı həmişə problemlər yaşanıb. Düşünürəm, hətta, əminəm ki, yaşananlar müğənnilərin kaprizləri deyil. Onların komandası xəbər saytlarının əməkdaşlarına qadağa qoyurlar, televiziyanın əməkdaşlarını isə təmtəraqla dəvət edirlər. Xəbər saytlarının sayı getdikcə artır. Onların çoxu reytinq xətrinə müğənnilərdən yazırlar. Hal belə olanda, sənətçilər də özlərini çox önəmli hesab edirlər. Düşünürlər ki, konsertə buraxsaq da, buraxmasaq da, bizdən yazacaqlar. Əlbəttə, jurnalisti saymayan, hörmət etməyən, onu konsertində görmək istəməyən müğənnini boykot etmək lazımdır. 10-15 maqazin jurnalisti var. Seçilən xəbər portalları və maqazin jurnalistləri isə lap  azdır. Onları dəvət etməmək doğru deyil. Röyaya gəldikdə isə o, ağıllı qızdır. İnanmıram ki, özünə düşmən qazanmaq istəsin. Nə qədər emosional və dəli-dolu olsa da, ağılla hərəkət edir. O, istəməz ki, jurnalistlərlə problemi olsun. Çox zaman məşhurların komandası səhvlər edir, onlara canı yanan kimi özlərini göstərirlər, amma əslində pislik edirlər. Əminəm ki, Röyanın da məsələsində günah komandasındadır”.
“Bəs, medianın boykot etdiyi adamın konserti ona sərf edərmi” sualı ilə PR menecer Vüqar Babaya müraciət etdik. O bildirdi ki, bəzən müğənnilər PR üçün qalmaqala əl atır:
“Röya məsələsi ilə bağlı konkret məlumatlı deyiləm. Amma konsert barədə danışılması üçün bu tip gedişlərdən istifadə olunur, adətən. Hansısa hadisə törədilir, qalmaqal yaradılır ki, konsert barədə mediada daha çox yazılsın.
Bu tip hallarda həm oxunma çox olur, həm də ucuz (və ya çox vaxt pulsuz) tirajlanma. Yəni konsertin təşkilatçıları hər növ media vasitələrinə ödənişli çoxlu reklam versəydi, belə konsertdən bu qədər danışılmazdı. Bu dəfə qalmaqalın tərəfi kimi jurnalistlərin olması bu tirajlanmanı təbii yolla 1-ə 5 artırıb.
PR üçün düşünülmüş addım olub-olmamasını hadisələri dəqiq analiz etdikdən sonra demək olar, amma bunu müəyyən etməyin sadə üsullarından biri nəticəyə baxmaqdır. Nəticə qalmaqal tərəfinə sərf edirsə, adətən, böyük ehtimalla onun tərəfindən planlı formada yaradılmış olur.
Digər tərəfdən, müğənni medianın bir az antipatiyasını qazandı. Bildiyim qədəri ilə jurnalistlər onun əleyhinə kampaniyaya başlayıb. Yəqin ki uzun müddət bəzi media orqanlarında Röyaya qarşı neqativ münasibət qalacaq. Ona görə, indi müğənni xanım özü hesablamalıdır ki, 3 günlük konsertə yığılan auditoriya bir çox media qurumlarının antipatiyasını qazanmağa dəyərdimi? Ən yaxşı cavabı özü verə bilər”.
Teleaparıcı Rövşanə Ağasəfqızı da məsələ ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb: “Röyanın konsertindəyik. Qız ruhunu, canını verir musiqiyə. Zalda əyləşənlərlə səmimi ünsiyyəti də cox bəyəndim. Xeyli güldük. Amma bəyənmədiyim bir şey var. Oxudum ki, xəbər portallarının jurnalistləri saraya buraxılmayıb. Əcəba, niyə? Reklam olunanda, müsahibə istəyəndə, danışmaq, söz demək istəyəndə jurnalist yaxşı, konsertdə iki şəkil çəkmək istəyəndə pis olur? Bizim jurnalistlərə bu da azdır, yaxşı edirlər. Kefləri istəyəndə sizi sayırlar, kefləri istəməyəndə heç qapıdan buraxmırlar. Hələ deyirlər ki, siz kimsiniz? Səsim var, istedadım var, siz olmasanız da ulduzam ki, ulduz. Di qalın indi qapı dalında!”
Qeyd edək ki, əməkdar artisti Röya Ayxan Heydər Əliyev Sarayında baş tutan konsertinə media nümayəndələrinin bir qismini buraxmayıb. Əməkdar artistin bu addım barədə musavat.com saytı maqazin jurnalistləri arasında sorğu keçirib, sorğuda səsləndirilən fikirlər isə sənətçinin xoşuna gəlməyib.
Röya, “İnstaqram” səhifəsində Qafqazinfo.az saytının əməkdaşı Elvin Elxanı rəyinə görə təhqir edib. Lakin daha sonra statuslarını silib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın