Ana səhifə / Jurnalistlərdən Aygünə cavab: “Hansı sevgilinizə güvənirsiniz?”

Jurnalistlərdən Aygünə cavab: “Hansı sevgilinizə güvənirsiniz?”

Ötən gün xalq artisti Aygün Kazımovanın “Lider” televiziyasının Dənizkənarı Milli Parkda  Yeni il çəkilişi zamanı jurnalsitlərə qarşı hörmətsizlik etməsi maqazin gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. Belə ki, tədbirə mərasimi işıqlandırmaq üçün qatılan xəbər portallarının əməkdaşları sənətçi gələn zaman ondan müsahibə almaq üçün qarşısına gəliblər. Mühafizəçi isə onları uzaqlaşdıraraq Kazımovanı çadıra salıb. Daha sonra çadırda olan media nümayəndələri müğənnilər və jurnalistlər üçün nəzərdə tutulan çadırdan çıxarılıb və çöldə olan jurnalistlər içəri buraxılmayıb. Havanın soyuq olmasına və media nümayəndələrinin etiraz etməsinə baxmayaraq, mühafizəçi rolunu oynayan telekanal əməkdaşları bildirib ki, bu, xalq artistinin istəyidir.
Hətta çadırda olan Big.az saytının fotoqrafı Elçin Əkbərov içəridən mühafizəçi tərəfindən çıxarılıb. Ona bildirilib ki, Aygün xanım kefsizdir, çəkilmək istəmir.
A. Kazımovanın bu addımı etirala qarşılanıb və mətbuatda geniş şəkildə işıqlandırılıb.
Məsələyə sənətçi ATV-də yayımlanan “Ondan sonra” verilişində açıqlama verib.  O qeyd edib ki,  jurnalistlərin orada olmasından xəbərsiz olub: “Dünən Bulvarda qardaş telekanalın Yeni il şənliyi çəkilirdi. Gözəl atəşfəşanlıq, ab-hava var idi.  O qədər sənət dostumu gördüm ki… Bilirsiniz ki, açıq hava konsertində, xüsusilə soyuq aylarda sənətçilər üçün çadır qurulur və orada öz növbəmizi gözləyirik. Çadırın  o tərəfində jurnalistlər olub. Çıxış edib gələndən sonra bir-iki jurnalistə açıqlama verdim. Evə gəldim ki, aləm bir-birinə dəyib, dostum-tanışım zəng etdi.  Anlaşılmazlıq olub, indiyə kimi mənimlə jurnalistlər arasında heç vaxt problem olmayıb. Mətbuatda yazı çıxmışdı ki, “Aygün medianı qovdu”.  Mənim elə xasiyyətim yoxdur, səhnəyə gələn gündən media ilə münasibətlərim yaxşı olub.  Elə jurnalist dostlarım var ki, onlara sirlərimi açmışam.  Orada qısqanclıq olub. Biz əvvəldə bilirdik ki, Axşam.az saytının fotoqrafı orada olub, şəkillərimi çəkəcək.  O çadıra gəlib, şəkillər çəkdi. Orada sadəcə qısqanclıq olub. Mən media ilə dostam, heç kimi qovmamışam”.
Media nümayəndələrindən A. Kazımovanın açıqlamasına münasibət də gecikməyib. Onlar konsertdə yaşananları musavat.com saytı ilə bölüşüblər:
PrimeTime.Az saytının əməkdaşı  Gülnar Qafarlı deyib ki, media nümayəndələrinin soyuqda saxladılması doğru addım deyil: “Dünən sözügedən məkana üz tutan media nümayəndələri arasında PrimeTime.Az-ın əməkdaşları da vardı. Xalq artisti Aygün Kazımova gələn zaman bütün jurnalistlər, o cümlədən biz də media və müğənnilər üçün nəzərdə tutulan çadırdan çıxarıldıq. Mühafizəçilər jurnalistlərin çadıra daxil olmasına imkan yaratmadı. Konsertin təşkilatçılarından səbəbini soruşduqda isə, Aygün Kazımovanın əhvalının yaxşı olmadığını bildirdilər. Hətta əgər A.Kazımova şəklinin çəkilməsini istəmirsə, çəkməyəcəyimizi də söylədik. Amma soyuqda qapı arxasında qalmayaq dedik. Xalq artisti səhnəyə çıxana kimi digər jurnalistlərlə soyuq havada gözləməli olduq. Bu gün Aygün xanım və onun komandası hər vəchlə özlərinə haqq qazanmağa çalışır. Amma onun komandasının hər bir üzvü biri-birinə zidd olan fikirləri şəxsən bizim saytımıza bildirib. Köməkçisi deyir ki, biz çadıra daxil olmuşuq. Halbuki bizi buraxmayıblar. Deyiblər, Aygün xanım nəyəsə qəzəblənib. Sonra xalq artisti canlı efirdə deyir ki, içəri yalnız bir sayt buraxılıb və hamı da həmin portalı qısqanıb. Biz sadəcə işimizi görməyə çalışdıq. Aygün Kazımovanı diqqətsiz saxlamaq istəmədik. Amma nədənsə xanım Kazımovanın əhvalına yalnız bir sayt düşdü. Başqa hər kəsə qəzəbi yarandı. Bizi konsertə dəvət etmişdilər. Amma indi açıqlama verilir ki, nə Aygün Kazımova, nə də mühafizəçilər medianın orda olduğunu bilməyib. Əgər mühafizəçilər həqiqətən bilmirdilərsə, xalq artistinin gəlişindən əvvəl və gedişindən sonra da bizim varlığımızdan bixəbər olardılar… Müğənnilərlə-jurnalistlər arasında mübahisələr tez-tez yaşanır. Amma biz hər zaman çalışmışıq ki, obyektivliyimizi qoruyaq. Yeri gələndə dəqiq eşidib, bildiyimiz xəbərləri də vermirik ki, ayıb olar… Amma nədənsə özümüzə qarşı eyni hörməti hər ifaçıdan görmürük. Bütün hallarda bu yaşananlar qətiyyən xoş deyil. Qarşıdan yeni il gəlir və Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Çalışaq həmrəy olaq və yeni ilə xoş xəbərlərə başlayaq”.
Əməkdaşı çadırdan çıxarılan Big.az saytının baş redaktoru Əfruzə Ağayeva bildirib ki,  xalq artstinin addımı yanlışdır: “Aygün Kazımova,  xalq artisti deyil, xalqın artisti olmaq lazımdır.  İnciməyin, bunu bacarmırsınız. Həqiqətən bu gün müğənnilər arasında Röyanın sonuncu jurnalistlərə qarşı etdiyi hörmətsizlikdən sonra iyrənc, qəribə bir tendensiya yaranıb. Siz etdiklərinizlə “hörmətli” müğənnilər özünüzü hörmətdən salırsınız, jurnalistləri yox… Bu gün Azərbaycanda 200 -300 min izləyicisi olan sayt jurnalist yollayıb sizdən xəbər hazırlayırsa, siz buna görə dönə-dönə “sağ ol” deməlisiniz. Bu gün sayt sistemi reytinq baxımdan artıq TV kanalları ilə ayaqlaşır, rəqabətə çıxır. Vaxtınız olanda qardaş Türkiyənin, ABŞ -ın müğənnilərinin sayt jurnalistləri ilə davranışlarına baxın, arada mikrofonu kənara qoyub, dünyagörüşünüzü artırın. Jurnalisti qovmaq nə deməkdir? Adama deyərlər ki, siz kim olursunuz ki, jurnalisti, fotoqrafı qovasınız. Hansı sevgilinizə güvənirsiniz ? Onlar da müvəqqətidir. Biri konsertinə buraxmır, digəri qovur… ”.
Konsertdə olan Axar.az saytının əməkdaşı Dilarə Zamanova deyib ki, xalq artistinin hörmətsizliyi onun üçün gözlənilməz olub: “Sözün əsil mənasında biabırçılıq idi. Digər sənətçiləri bir tərəfə qoyaq. Mən Aygün Kazımovadan belə bir şey heç vaxt gözləməzdim. Həmişə Aygün xanım öz səmimiyyəti ilə tanınıb. Dünən isə elə bil tamam başqa adam idi. Açığı jurnalistləri o soyuqda çölə çıxartdırıb, gözlətməyi ona yaraşdırmadım. Ayıb olsun”.
Aygün Kazımova üçün xatırlatma: 2015-ci ildə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümümünə həsr olunmuş konsert zamanı da xalq artisti gələn zaman media nümayəndələri çadıra buraxılmamışdı. O zaman sənətçinin  köməkçisi bildirmişdi ki, Aygün xanım 5 dəqiqəyə çıxıb müsahibə verəcək. Hər şey onun dediyi kimi də olmuşdu, xalq artisti çölə çıxaraq müsahibə verib, fotolar çəkdirmişdi. O zaman jurnalistlərə qarşı hörmətsizlik və kobudluq olmadığı üçün biz də onu anlayışla qarşılamışdıq.
Aygün Kazımova, kulisdə rahat oturmaq istəyi sizin haqqınız ola bilər, amma hörmət görmək də bizim haqqımızdır. Orada sizin köməkçilərə dəfələrlə bu addımın hörmətsizlik olduğunu, bu barədə mətbuatda xəbərlər yayımlayacağımızı dedik. Əgər onlar sizi məlumatlandırmayıbsa və ya media nümayəndələrini ciddiyə almayıblarsa,  bu onların qəbahətidir. Bir də zəhmət olmasa, əməkdaşlarınız sözü bir yerə qoyub eyni açıqlamanı versinlər, fərqli açıqlamalar çox gülməli görünür.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın