Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Jurnalistlər alpinistlər itkin düşən əraziyə aparıldı – FOTOLAR, VİDEO

Jurnalistlər alpinistlər itkin düşən əraziyə aparıldı – FOTOLAR, VİDEO

Nazir müavini: “İtkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək”

Yanvarın 9-da FHN-in təşkilatçılığı ilə bir qrup yerli jurnalist  Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi əraziyə aparılıb. Jurnalistlər aparılan axtarış prosesi ilə yaxından tanış olublar. Həmin jurnalistlərin arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı da olub.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib ki, itkin düşən üç alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. O bildirib ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var.

F.Tağızadə qeyd edib ki, itkin düşən alpinistlər düzgün marşrut üzrə getməyiblər: “Onlar ən asan – B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib”.

Nazir müavini həmçinin deyib ki, alpinistlərin üzərində GPS sistemi olmalı idi: “Lakin təəssüf  ki, onların üzərində bu cihaz olmayıb”.

F.Tağızadə vurğulayıb ki, alpinistlərin axtarışı ilə peşəkar heyət məşğul olur: “Burada qeyri-peşəkarlar çalışa bilməzlər. Burada avstriyalı mütəxəssislər iştirak edirlər”.

Artıq xeyli vaxt keçdiyi üçün alpinistlərin sağ qalmalarına da ümidlər tükənib. Təcrübəli alpinistlərin sözlərinə görə, dağçılar yalnız qar uçqunu altında qalarlarsa və hərəkət zamanı buz çatlarına düşərlərsə, onlarla bağlı heç bir izə rast gəlinməz. Hazırda da faktiki olaraq itkin düşən 3 alpinistlə bağlı heç bir izə rast gəlinmir. Lakin hələ onların başlarına yuxarıda qeyd etdiyimiz halların gəldiyini də söyləyə bilmərik. Çünki bu barədə də heç bir rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur.

Ümumiyyətlə, Azərbaycanda bu kimi böyük axtarış tədbirləri ilk dəfə aparılsa da dünyanın hündür zirvələri belə hallara çox şahidlik edib. Hətta bəzi zirvələr var ki, orada alpinistin ölümü adi haldır. Məsələn, 8848 metr hündürlüyü olan “Everest”ə qalxmaq istəyən hər 10 adamdan birinin həyatını itirməsi ilə bağlı faktlar var. Bu gün də “Everest”də tapılmayan və ya illər öncə tapılıb, kimliyi məlum olmayan alpinistlərə rast gəlinir. Məsələn, 1924-cü ildə “Everest” zirvəsinə qalxmağa çalışan  Gerorge adlı alpinistin cəsədi yalnız 1999-cu ildə tapılıb. Bu dağda istirahət zamanı fırtınaya düşüb ölənlər də az deyil. 1979-cu ildə alman alpinist qadın Hannelore də “Everest”də dünyasını dəyişib. Məlumatlardan belə görünür ki, hündür zirvələrə qalxan zaman alpinistlər əsasən istirahət etdikləri zaman donaraq və ya qar uçqununa düşərək dünyalarını dəyişirlər. Onların cəsədləri isə tapılanda bəzən artıq tanınmaz halda olurlar. Məlumatlara görə, “Everest”də  200 alpinist meyiti var…

“National Geographic” nin məlumatına görə, 1990-cı ildə zirvəyə qalxmaq istəyənlərin 18 faizi buna nail ola biliblər. 2012-ci ildə isə bu rəqəm 56 faizə qədər qalxıb. Bir zamanlar keçilməz görünən “Everest”ə artıq bəzən eyni anda 200-dən çox alpinist dırmanmağa cəhd edir. Onu da qeyd edək ki, “Everest”ə qalxmaq təkcə fiziki güc deyil, pul da tələb edir. Belə ki, məlumatlara görə, təlimatçılara, bələdçilərə və dırmanma zamanı digər bu kimi məsələlərə 10-100 min dollar arasında xərc çəkilir.

Təbii ki, Azərbaycan zirvələrini “Everest”lə müqayisə etmək olmaz. Çünki Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü 4466 metrdir. Bu isə “Everest”in yarısı qədər edir.

“Yeni Müsavat”a danışan “Vertical group” dağ və sənaye alpinizm şirkətinin rəhbəri Emil Vəliyev bildirib ki, onlar tez-tez “Elbrus”da olurlar və orada da itkin düşənlərlə bağlı xəbərlər alırlar: “Orada hətta öyrəndim ki, ”Elbrus”da bir yapon itib və hələ də tapılmır. Ailəsi onu tapan şəxsə 1 milyon dollar ödəyəcəyini deyib. Yəni dünyanın hər yerində bu kimi hadisələr baş verir. Onlar əsasən çatlara düşürlər. Dağlar var ki, orada 200-300 metr dərinliyində çatlar var. Adam çata düşür, üstünə qar yağır, su axır, çat bağlanır. 50 metr çata düşən adam olar ki, heç 100 il tapılmaz. Ancaq bizim dağda tapılmama ehtimalı yoxdur. Azərbaycanda elə də böyük dağ yoxdur. İkincisi də dağ relyefimizdə dərin çatlara da rast gəlinmir. Alpinist buzlaqda, uçqunda qala bilər və hava açılanda tapılar. “Kazbek”, “Elbrus”a baxanda alpinizm baxımından dağlarımız qorxulu sayılmır. Sadəcə olaraq, uyğun hava şəraiti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının işləməsi üçün şərait lazımdır. Hazırda alpinistlərin itkin düşdükləri yerdə, dərədə axtarış işləri gedir və inanın ki, hər an orada 3 alpinisti axtaran ən azı 10 əməkdaşa zərər dəyə bilər. Çünki dərədir və qar uçqunu qaçılmazdır. Doğrudur, orada bütün bunlar nəzərə alınıb. Ancaq yenə də təhlükə hava şəraitindən asılıdır. Bizim dağlarda “Kazbek” kimi buzun altından çay axmır. “Kazbek”də buzun altında adam itib, illərdir ki, tapa bilmirlər. Çünki buzlaqlar böyükdür. Buzlağa düşdünsə, tapılma şansı çox azdır. İki dəfə “Tufandağ”dan hava şəraitinə görə geri qayıtmışam. Bizim məntiqlə “dağ qaçmır”. Yəni dağ hər zaman ordadır, əsas həyatda qalmaqdır. Alpinistlər də var ki, onlar hər hava şəraitinə uyğunlaşmaq istəyir. Yəni ümumi götürəndə Tufandağda da çatlar var. Ancaq onlar üç alpinisti içinə alacaq ölçüdə deyil. Hansı ki, bu alpinistlərdən də biri Namindir ki, o da dünyanın ən çətin zirvələrində olub. İkisi belə getsə çatlara yalnız biri düşə bilər. Üçüncünün düşmə ehtimalı yoxdur. Biz şirkət olaraq “Kazbek” və “Elbrus”a peşəkar turlar təşkil edirik. Orada çatlar var ki, düşdünsə çıxa bilmirsən. 5-6 metr iplərlə işləyirik ki, çatın təhlükəsindən qoruna bilək. Azərbaycanda isə “Tufandağ”da 3 nəfər iplə işləyirsə, onların çata düşmə ehtimalı yoxdur”.

 

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …