Çərşənbə , İyul 24 2019
Ana səhifə / Aktual / JURNALİSTDƏN ELDAR SABİROĞLUNA SƏRT SÖZLƏR: “SUSUN! UNUDULUN”

JURNALİSTDƏN ELDAR SABİROĞLUNA SƏRT SÖZLƏR: “SUSUN! UNUDULUN”

Tanınmış hərbi jurnalist Rəşad Süleymanov Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğluna sərt məzmunlu  açıq məktubla müraciət edib. Azinforum.az Eldar Sabiroğlunun da, cavab haqqını tanımaq şərtilə  həmin məktubu olduğu kimi  təqdim edir.

Eldar Sabiroğlu, elə Sizin özünüzün sevdiyiniz janrda bir açıq məktub yazmaq istədim.Artıq on gündür yazım yazmayım deyib düşünürdüm. Nəhayət məqamı olduğu üçün qısa da olsa bəzi fikirlərimi zati-alinizə çatdırmağa qərar verdim. Bəlkə bizi indi anlayasınız. Məktubum kiminsə sifarişiylə deyil. Biləsiniz. Və yaxşı bilirsiniz ki, mən heç zaman kiminsə sifarişini yerinə yetirməmişəm. Belə bir istəyim olsaydı Müdafiə Nazirliyində Sizinlə bir yerdə çalışmış olardım. Eldar müəllim, əvvəla ailənizin yaşadıqlarından dolayı keçmiş olsun deyirəm. Allah heç bir ataya oğul, oğula atanın dərdini çəkməyi qismət eləməsin. Amma biz nə deyirik deyək, hər şeyi görən və bilən Allahdır. Bu da Allahın Sizin üçün yazdığı qəza qədərdir. Deyə bilərsiniz nə etmişəm? Günahım nədir cəzalanım? Sizin bu sualınızın cavabının birini mən verə bilərəm. Qalanlarını Müdafiə Nazirliyinin sözçüsü olduğunuz zamana nəzər salsanız bəlkə də xatırlayarsınız. Əgər onları xatırlamaq istəsəniz.

Özünüzdə təpər, cəsarət tapsanız. Yəqin bu arada rəhmətlik İlqar Verdiyev yuxunuza girmiş olar. Tanıdınızmı? Sizin güdazınıza gedib, rütbəsi endirilmiş, 2012-ci ildə Goranboyda şəhid olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor İlqar Verdiyevi deyirəm. Üç balası atasız qaldı. Mən Sizə bu məktubu neçə vaxtdır yazmaq istəyirdim. Amma hər dəfə rəhmətlik İlqar gözümün önünə gəlir, “səbr elə, Allahın günahkara verəcəyi cəzanı gör” deyirdi. Çox çəkmədi gördüm. Allah Sizə üç körpənin yaşadığının mində bir mislini yaşamağı qismət elədi. Allahın verdiyi cəzadan söhbət açmışkən, bir olayı xatırladım. Yaxşı yadımdadır., İlqar Verdiyev vəzifəsindən azad edilib cəbhəyə göndəriləndə sizinlə bu barədə danışmışdım. Hələ də məsələyə aydınlıq gətirmək yerinə söylədiklərinizi unuda bilmirəm: “Gedib cəzasını çəkər” deyirdiniz. Mən bunu o vaxt rəhmətlik İlqara və jurnalist həmkarlarıma da danışmışdım. Cavabınıza təəccüblənmədim də.

Çünki sizin kimi təsadüfi “zabit”lərin ordu barəsində düşüncəsi bundan o tərəfə keçməzdi. Hər qarışına Vətən dediyimiz bu məmləkətdə düşmənlə üz üzə dayanmaq Sizin və o zaman özünüzü sipər etdiyiniz Əbiyevin düşüncəsində “cəza” idi. Orduda xidmətə “cəza” olaraq baxırdınız. Amma İlqar bu gedişi cəza deyil, şərəf saydı. Şərəfli həyat sürdü. Şəhidlik mərtəbəsinə ucaldı. Əminliklə deyirəm, Siz İlqarın etdiklərinin heç birini bacarmazdınız. Bacarmadınız da. Çünki orduya iş yeri kimi baxdığınızdan Sizdə o cəsarət, o amal, o sevgi yox idi. İlqar əsl Azərbaycan zabiti idi. Sizin kimi təsadüfdən orduya gəlib paqon taxmamışdı. Heç bir hərbi təhsil olmadan sizin kimi kapitandan polkovnikə 4 il ərzində yüksəlməmişdi. 1992-ci ildə Kara Hərb Okulunda başlayıb, 2012-ci ildə ön cəbhədə bitən hərbçi karyerasını şərəflə yaşadı. İlqar qəhrəmanlığı ilə tarixə düşdü. Tarix yazdı. Amma Siz…. Siyasətdə uğursuz, öz siyasi cəbhədaşlarınızın belə sərt tənqidlərinə ürcah olan siyasətçi. Müdafiə Nazirliyində uğursuz, təsadüfi “zabit”…. Siyasi həyat yolunuz barədə danışmaq istəmirəm. Hərbidə Siz Müdafiə Nazirliyində yalnız vəzifə tutdunuz. Rütbəli mundir daşıdınız. Lakin İlqar Verdiyiev qədər zabit qürurunu daşıya biləcək zabit olmadınız. Bu gün İlqarı mətbuatımızda tanıyan hər bir kəs rəhmətlə yad edir. Sizi necə yad edəcəklər? Bunu heç olmasa özünüzə sual edirsinizmi? Bəlkə də emosiyalara qapılıb, bu sözlərimdə qərəzli ola bilərəm. Amma imkanız varsa adınızı “Google”yə yazın. Baxın nə çıxacaq… Ya emosiyalı, bər-bəzəkli sözlərlə dolu bəyanatınız, ya da Siyavuş Novruzovun haqqınızda səsləndirdiyi fikirlər. Bu qədər. Vəssalam.

“Qaynar qazan”dakı müsahibənizlə üstündən aylar keçəndən sonra tanış oldum. Günahı İlqarda görmüş, özünüzə alibi qazandırmağa çalışmışdınız. Verdiyiniz cavablar süni idi. Başqaları bilməsə də mən MN ilə uzun müddət çalışmış, orada baş verənləri yaxından bilən biri kimi səmimi deyirəm. Etiraf eləməyi bacarmadınız. Amma bütün bunlarla belə düşünürəm ki, Siz İlqara qarşı etdiyinizə görə daxilən əzab çəkir, özünüzü günahkar sayırsınız. Əgər belə olmasaydı bir ilə yaxın bir yerdə çalışdığınız zabitin dəfninə qatılar, ailəsinə başsağlığı verərdiniz. Eldar müəllim Siz Azərbaycan Müdafiə Nazirliyinin tarixində necə qalmısınız? Bu barədə də bəzi fikirlərimi qeyd etmək istəyirəm. Geriyə boylanıb, bir arayın, fəaliyyətinizi monitorinq edin. Ordunun, dövlətin imicinə xələl gətirən açıqlamalar, hərbçilərin kütləvi etirazı ilə bağlı imzatoplamalar (hansı ki, bu nizamnamələr və qanunvericiliklə qadağan idi. Siz təsadüfi olduğunuzdan nizamnamələr sizin üçün kağızdan fərqlənmədi), öz özünüzdən bəyanat hazırlayıb, sual-cavab qoyub mətbuata yaymanız, Əbiyevin qəsdi-qərəzi olan zabitlər barədə müxtəlif KİV-lərə ötürülən kompramatlar… Hansını deyim. Hə sonuncu fikrim çoxlarını maraqlandırar deyib, Sizdən sual gəlməmiş birini xatırladıram. Milli Qəhrəman general Rövşən Əkbərov barədə mətbuata ötürdüklərinizi.

Telefonun o başında Əbiyev, bu başında Əkbərov. Nazirin generala telefonla elan etdiyi töhmət necə oldu KİV—lərə sızdı? Bəlkə bu sualın izahını verəsiniz ki gec də olsa millət hal-qəziyədən agah olsun. Mətbuatla Müdafiə Nazirliyinin arasındakı yarğana körpü salmaq yerinə uçurum yaratdınız. Jurnalistləri “ordunun dostları” və “düşmənləri” olaraq iki yerə ayırdınız. Nazirliyin tarixinə yazılan bu yeniliklərin də müəllifi məhz Siz oldunuz. Bilirəm bu yazıdan sonra nə isə yazacaqsınız. O sizin cavab haqqınızdır. Biləsiniz ki, mən həyatımda ilk dəfədir açıq məktub janrına müraciət edirəm. Bu janrda Sizin qədər peşəkar sayılmaram. Geniş, səhifə-səhifə məktub yaza bilmirəm. Yaşda Sizdən kiçik olsam da Sizə bundan sonra susmanızı tövsiyyə edirəm. Ən gözəli budur. Susun! Unudulun. Bundan sonra uca Allahın sizə yazdığı qədəri gözləyin! Allah sizə səbr versin!

 

Həmçinin oxuyun

Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi

Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya mənzil hədiyyə edib.  Azinforum .az  xəbər verir ki, bu …

Bir cavab yazın