Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Jurnalist nazirə təşəkkür etdi – “Sağ olsunlar, cinayəti isti izlərlə açdılar”

Jurnalist nazirə təşəkkür etdi – “Sağ olsunlar, cinayəti isti izlərlə açdılar”


Azərbaycan polisinin fəaliyyəti barəsində indiyədək mediada çoxsaylı yazılar təqdim olunub. Bunların arasında polis işçiləriniun fədakar əməyini təbliğ edənlər də olub, qanun keşikçilərini öz təbirləri ilə tənqid edənlər də. Mən də əli qələm tutan jurnalist kimi, dəfələrlə bu mövzuya müraciət etmişəm. Təbii ki, dövlətini və vətənini sevən insan kimi, hər zaman polisimizin müsbət keyfiyyətlərini önə çəkməyə və oxucuya “yaxşı polis”in simasını təqdim etməyə çalışmışam. Lakin indiyədək, konkret olaraq, öz həyat təcrübəmdə polislə kəsişdiyimiz məqamlar olmamışdı. Lap bu yaxınlaradək…

Qeyd edim ki, jurnalist fəaliyyətimdən başqa sahibkarlıqla da məşğul oluram. Bir neçə ildir istixanada tərəvəz yetişdirib, satışa çıxarıram. Təəssüf ki, bu il bəzi obyektiv səbəblər ucbatından istixanadakı işləri müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qaldım və işçilər oranı tərk etdilər. Bir gün darvazanı açıb içəri daxil olanda xoşagəlməz mənzərə ilə qarşılaşdım: istixanadan oğurluq olmuşdu. Demək olar ki, bütün dəmir əşyalar oğurlanmışdı. Hətta işçilər üçün tikdirdiyim evin qapılarını da çıxarıb aparmışdılar. Təcili olaraq, “102” xidmətinə zəng etdim və heç 15 dəqiqə keçməmişdi ki, əməliyyat qrupu gəlib, hadisə yerinə baxış keçirdi. Sözün açığı, bu işin açılacağına ümidim az idi. Həyətdə heç videokamera da quraşdırmamışdım. Buna baxmayaraq, yenə də şikayətimi etdim və nazirliyə onlayn müraciət də ünvanladım.

Aradan bir gün keçmişdi ki, Xəzər rayon Polis İdarəsindən telefon nömrəmə zəng gəldi. İdarə rəisinin müavini İlham müəllim işlə bağlı konkret məsələləri dəqiqləşdirmək üçün məni idarəyə dəvət etdi. Rəis müavini ilə çox səmimi söhbətimiz oldu. Və o bildirdi ki, “bizim rayonda, demək olar ki, açılmamış cinayət qalmır və istixanadan edilən oğurluq faktının da tezliklə üstü açılacaq”.

İlham müəllimlə görüşəndən sonra mənimlə 1-ci bölmənin rəisi Habil müəllim əlaqə saxladı və işə aid bəzi suallar verib, dəqiqləşdirmə apardıqdan sonra bir qədər səbr etməyimi məsləhət gördü. Səhərisi gön mənimlə Balaca adlı gənc əməliyyat müvəkkili əlaqə saxladı və onun da suallarına dəqiqliklə cavab verdim. Bundan sonra bir aya yaxın müddət ərzində heç kəs məni aramadı. Lakin bu yaxınlarda mənə zəng olundu və polis idarəsinə dəvət olundum. Məlum oldu ki, oğurluq hadisəsi baş verəndən az sonra isti izlərlə cinayərkarlar ifşa edilmiş və bu istiqamətdə cinayət axtarış tədbirləri həyata keçirilmişdir.

Həmin uğurlu tədbirlərin yekunu olaraq, cinayətkarlar saxlanılaraq, onların barəsində qanuni hüquqi hərəkətlər icra olunmuşdur. Mənim həyətimdən oğurlanan əşyaların, demək olar ki, hamısı qaytarılmış və mənə dəyən maddi ziyan ödənilmişdir. Sözün açığı, belə qısa müddətdə bu işin açılacağını heç yatsam yuxumda da görməzdim. Lakin Xəzər rayon Polis İdarəsinin çevik və operativ fəaliyyət göstərən əməkdaşları bunun mümkünlüyünü mənə sübut etdilər və Xəzər polisinin simasında Azərbaycan polisinin professionallığını ortaya qoydular.


Nə deyə bilərəm? Əlbəttə ki, belə qanun keşikçilərinə səmimi qəlbdən təşəkkür etmək lazımdır. Ayrıca, hörmətli Daxili İşlər Nazirimiz general Vilayət Eyvazova da uğurlu kadr siyasətinə və polisin operativ fəaliyyətini ustalıqla təşkil etdiyinə görə minnətdarlığımı bildirirəm.
Azər Abbasov,


jurnalist

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …