Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “İzvestiya”nın təxribatı və Zakir Qaralovun demarşı…

“İzvestiya”nın təxribatı və Zakir Qaralovun demarşı…

Baş prokuror Zakir Qaralov “İzvestiya” qəzetinin “İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, “İzvestiya” qəzetinin saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir seçilən Serj Sarkisyanla müsahibə yer alıb. Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin “bayrağı” və “Azad Artsaxa xoş gəlmisiniz” yazılan lövhə əks olunub.
Fakitiki olaraq Rusiya çox çətin bir vəziyyətədir. Ona qarşı ABŞ və Qərbdən ciddi basqı var, həmin ölkəyə qarşı sərt sanksiyalar tətbiq olunur. Təbii ki, Rusiyanın təkləndiyi belə bir vəziyyətdə onun ətrafında olan ölkələr, xüsusilə də Azərbaycanla daha yaxın olmasına zərurət var. Baş redaktoru erməni əsilli şəxs olan bir nəşrin bu cür davranışını Rusiyanın özünə qarşı bir təxribat kimi dəyərləndirmək olarmı? Belə bir situasiyada Rusiyaya bu qalmaqal lazımdırmı?

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, baş prokuror Zakir Qaralovun rusiyalı həmkarına etdiyi müraciət tam qanunauyğundur: “Tanınmış bir nəşrin belə bir yanlışlığa yol verməsi mümkünsüzdür. Çünki müsahibənin ruhundan da bəllidir ki, jurnalist bölgədə gedən proseslər və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı bilgilərə malikdir. Onun Sarkisyanla müsahibəsinə hardasa normal yanaşmaq olar. Mən bunu zaman baxımından qeyd edirəm. Çünki məhz indiki məqamda Ermənistanda maraqlı proseslər cərəyan edir. Təbii ki, bu amilllər jurnalistlərin marağına səbəb olmalıdır. Jurnalist gəlib İrəvana müsahibəni götürüb və aparıb redaksiyaya. Siz özünüz qəzet işçisisiniz. Bilirsiniz ki, redaksiyaya təqdim edilən bu sayaq məlumatlar bir neçə süzgəcdən keçirilir və sonda onun dərcinə baş redaktor icazə verir. Bunu niyə diqqətə çatdırıram? Məsələnin detallarına vararaq, bildirmək istəyirəm ki, burada təxribat izləri mövcuddur. Yəni jurnalist o tip təxribatçı xarakter daşıyan şəkilləri qəzetə vermək və ya sayta yerləşdirmək istəsə belə, rəhbərliyin icazəsi olmadan bu, mümkün deyil. “İzvestiya”nın rəhbəri erməni əsilli şəxsdir. Bax, bütün bunları nəzərə aldıqda məlum olur ki, elə bu təxribatın arxasında erməni barmağı var. Təbii ki, belə ermənipərəstliyin Rusiyanın adı ilə ifadəsi Bakı-Moskva münasibətlərini soyuda bilər və bunun Rusiyaya zərrə qədər də xeyri yoxdur. Bu təxribat elə birbaşa Rusiyaya qarşı törədilib. Çox maraqlıdır ki, baş prokurorun müraciətindən sonra da həmin şəkillər saytdan çıxarılmayıb. Mən həmin müsahibəyə yenidən nəzər saldım. Bax, buna əsl erməni həyasızlığı adını vermək olar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“The New York Times” qəzeti Ağdamın Çıraqlı kəndindən yazdı

“The New York Times” qəzetində nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun Azərbaycanın Ağdam rayonunun Çıraqlı …