Ana səhifə / Aktual / İstiqlalçı deputatların pensiya problemi: İsa Qəmbər niyə yaşa görə müavinət alır?

İstiqlalçı deputatların pensiya problemi: İsa Qəmbər niyə yaşa görə müavinət alır?

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Azərbaycan Milli Məclisinin üzvü və sədri olmuş, ölkə prezidenti vəzifəsini icra etmiş İsa Qəmbərə pensiya deyil, yaşa görə müavinət təyin olunub. Ölkə qanunvericiliyinə əsasən, yaşa görə müavinət zəruri iş stajı, yaxud sığorta kapitalı olmayan şəxslərə təyin olunur. Hazırda yaşa görə müavinətin həcmi 180 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondundan “Yeni Müsavat”a bildirildiyinə görə, “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: “Fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda. İsa Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib. Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi millət vəkili, Milli Məclis sədri olan şəxslərin sosial təminatı üçün kifayət qədər yüksək məbləğlər nəzərdə tutur. Bəs nədən ölkənin iki ən yüksək vəzifəsini tutmuş İ.Qəmbərin pensiya təminatı bu qanunvericilik əsasında həyata keçirilməyib?

Sualın cavabı ilk baxışdan çox sadədir: “Əmək pensiyaları haqqında” qanuna Milli Məclis deputatları üçün nəzərdə tutulan pensiya təminatı Azərbaycan SSR Ali Sovetinin 1990-cı ildə keçirilmiş seçkilərdə formalaşan və 1995-ci ilədək fəaliyyət göstərən tərkibinə şamil edilməyib. Özü də bu məhdudiyyət qanunda nəzərdə tutulmur, o, Milli Məclis aparatının artıq sabiq olan rəhbəri Səfa Mirzəyevin 2000-ci ildə Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi şərhə əsasən tətbiq edilir.

2000-ci ildən indiyədək Azərbaycanın istiqlalında mühüm rolu olan şəxslərin apardığı mübarizəyə rəğmən, bu məhdudiyyət aradan qaldırılmır. Belə ki, sabiq millət vəkilləri, Azərbaycanın İstiqlal bəyannaməsinin müəllifləri olan Məryəm Həsənova (vəfat edib) , Hacıbaba Əzimov, Firudin Cəlilov Milli Məclis Aparatı rəhbərinin qanunvericiliyə şərh vermək səlahiyyətinin olmadığını əsas gətirərək, pensiya hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət ediblər.

Firudin Cəlilov: "Mən və mənim kimi alimlər qara siyahıya salınıb" -  MÜSAHİBƏ

Firudin Cəlilov: “Mütəllibov, Elçibəy prezident kimi tanındı, onların təyin etdiyi nazirlər nazir kimi tanınmır”

Həm də sabiq təhsil naziri olan Firudin Cəlilovun “Yeni Müsavat”a dediyinə görə, onlar seçki yolu ilə Ali Sovetin deputatı, daha sonra Milli Şuranın üzvü olublar: “Siz təsəvvür edin, mən həm də baş nazirin müavini, təhsil naziri olmuşam. Bu vəzifələrdə olarkən maaşı nazir kimi deyil, Ali Sovetin üzvü kimi almışam. Düz beş il – 1990-1995-ci illərdə əmək haqqını oradan almışam. Məhkəməyə bunu təsdiq edən əmək kitabçamı təqdim etmişəm. Demişəm, Ali Sovetin sənədlərinə baxın, orada hamısı var. Üzümə dayanıblar ki, siz deputat olmamısınız, nazir olmamısınız. Yəni qədər haqsızlıq olmaz axı”.

F.Cəlilov qeyd edir ki, Sovet dövründə hüquq-mühafizə, dövlət qurumlarında işləyən şəxslərin hamısına indiki qanunvericilikdə nəzərdə tutulan haqlar tanınır: “Yəni Sovet dövründə nazirliklərdə, rayon idarələrində, hüquq-mühafizə orqanlarında vəzifə tutanlara bu gün dövlət qulluqçusu, yaxud xüsusi statuslu şəxs kimi yüksək pensiya verilir. ”Əmək pensiyaları haqqında”, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanunlar onlara şamil edilir. Hətta rayon sovetlərinin deputatlarına da imtiyazlar tanınır. Yalnız Ali Sovetin sonuncu çağırış üzvlərinə qarşı ayrı-seçkilik edilir. Ayaz Mütəllibov, Əbülfəz Elçibəy eks-prezident kimi təminatlar aldı, amma onların nazir təyin etdiyi adamlar dövlət qulluqçusu kimi tanınmır. İki il nazir işləyən adam bu gün nazir işlədiyini sübuta yetirə bilmir. Nədi-nədi Səfa Mirzəyev öz səlahiyyətlərini aşaraq, ölkə qanunvericiliyini kobud şəkildə pozaraq Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəyərək qanuna şərh yazıb ki, Milli Məclis deputatlarının pensiya təminatı üzrə qanunda nəzərdə tutulan müddəalar bizə şamil olunmur. “Əmək pensiyaları haqqında” qanunda ayrıca maddələr üzrə “əmək pensiyası yaşına çatmış sabiq deputatlar” üçün məhz qulluq stajına görə əmək pensiyası müəyyən edilib və deputatların qulluq stajına görə əmək pensiyasına fəaliyyətdə olan deputatın əmək haqqının sonrakı artımları da nəzərə alınmaqla əlavələr təyin edilməsi nəzərdə tutulub. Həmin qanunla sabiq deputatlar üçün nəzərdə tutulan əmək pensiyası Milli Məclisdə daimi iş yeri olaraq qanunverici səlahiyyətli deputat statusunda qulluq etmiş, əmək fəaliyyətinə görə oradan əmək haqqı almış bütün sabiq deputatlara şamil olunmalıdır. İsa Qəmbər Ali Sovetin sədri olub, prezident vəzifələrini icra edib. Yüzlərlə dövlət sənədində imzası var. Bunu necə danmaq olar? Bu illər ərzində neçə insan məhkəmə yollarında qaldı, vəfat etdi. Bu, çox dəhşətlidir, çox ağrıdır insanı”.

Sabiq nazirin fikrincə, istiqlalçı deputatlara qarşı bu pozuntunun arxasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dayanır: “Rusiyanın beşinci kolonunun fəaliyyətinin nəticəsidir bu. Onlar Rusiya qoşunlarını Azərbaycandan çıxaran komandanı həzm edə bilmirlər”.

İstiqlalçı deputatlardan daha biri, hazırda da Milli Məclisin üzvü olan Sabir Rüstəmxanlı ötən ilin payızında həmkarlarının pensiya təminatında yol verilən ayrı-seçkiliyin aradan qaldırılması üçün sənədin hazırlandığına dair məlumatla çıxış etmişdi.

Sabir Rüstemhanlı - Vikipedi

Sabir Rüstəmxanlı: “İsa Qəmbərə xüsusi yanaşma mütləq olmalıdır”

Bununla bağlı “Yeni Müsavat”ın sualını cavablandıran millət vəkili həmin sənədlə bağlı işlərin dayandırıldığını bildirdi: “Bu məsələ ilə bağlı təəssüf ki, irəliləyiş yoxdur. Konkret İsa Qəmbərlə bağlı məsələyə gəlincə, ona xüsusi istisna kimi yanaşılmalıdır. Bu adam Milli Məclisin sədri olub, prezident səlahiyyətlərini icra edib, dövlət adamı olub. Hesab edirəm ki, ona xüsusi yanaşma mütləq olmalıdır”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 20.3-cü maddəsinə  əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilibsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

“Milli Məclisin deputatının statusu haqqında” qanuna əsasən Milli Məclisin sədri 2475 manat miqdarında, Milli Məclis sədrinin birinci müavini bunun 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Eyni zamanda Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar. Bu isə o deməkdir ki, istiqlalçı deputatlar mövcud qanunvericilik əsasında kifayət qədər yüksək məbləğdə pensiya ala bilərlər. Lakin 2000-ci ildən bəri onlar buna nail ola bilmirlər.

Maraqlıdır ki, ötən müddət ərzində Milli Məclis üzvlərinin bir çoxu sələflərinə qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsü ilə çıxış ediblər. Hətta 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfüzlu deputatı, o cümlədən V.Əhmədov, Ə.Məsimli, İ.İsmayılov, C.Həsənli, Q.Paşayeva, S.Rüstəmxanlı, Q.Həsənquliyev, A.Mollazadə, A.Quliyev və başqaları ilk Milli Məclisin deputatlarının pensiya təminatı məsələsində Konstitusiyanın bərabərlik hüququ prinsipinin pozulması ilə bağlı dövlət başçısına məktubla müraciət ediblər.

Yeri gəlmişkən, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. O, 1990-1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

Həmçinin oxuyun

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək …