Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / İstiqlalçı deputatların həll olunmayan problemi

İstiqlalçı deputatların həll olunmayan problemi

Tahir Kərimli: “Onlara deputatlıq pensiyalarının verilməsi, məncə, ciddi bir problem deyil”

İstiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun ötən sayımızda deputat pensiyası ala bilməməsindən şikayətlənməsi bir sıra məsələləri yenidən aktuallaşdırıb. Sabiq nazir hazırda bir evdar qadının pensiyası qədər pensiya aldığını bildirib.

Onun bu fikirlərindən sonra 43 nəfər Azərbaycanın müstəqilliyinin lehinə səs verən istiqlalçı deputatla bağlı bəzi mövzular gündəmə gəlib.

İstiqlalçı millət vəkili, hazırda da deputat olan Vəhdət Partiyasının sədri Tahir Kərimli zaman-zaman istiqlalçı deputatlarla bağlı bir çox məsələlərin, o cümlədən onların pensiyalarla təmin edilməməsinin  gündəmə gəldiyini söylədi: “Bununla bağlı hətta məhkəmə mübahisələri belə olub. Sona qədər bu problem həllini tapmayıb. Əvvəl deyilirdi ki, bunlar təkcə Milli Məclisin deyil, həm də Ali Sovetin də deputatlarına şamil olunmalıdır. Daha bir təklif də var idi ki, Azərbaycan Konstitusiyasının yaranmasından sonra millət vəkili olanlara bunlar şamil olunsun. Bəzi dövlət qanunları var ki, sovet dövründə işləyənlərə də şamil olunur. Ona görə də sovet dövründə deputat olan şəxslərin pensiya təminatının olması heç də fərqləndirici anlama gəlməzdi. Unutmaq olmaz ki, məhz bu deputatlar Azərbaycanın müstəqilliyinin lehinə səs veriblər. Aramızdan o şəxslərdən çoxu gedib. Az bir hissə qalıb. Bunlar da yaşlanıblar. Bu baxımdan onlara deputatlıq pensiyalarının verilməsi, məncə, ciddi bir problem deyil. Biz deputatlar, bildiyimiz kimi, deputat əmək haqlarının artırılmasını qəbul etmədik, yəni özümüzü fərqləndirmək istəmədik. Baxmayaraq ki, digər dövlətlərin  deputatlarından bizimki qat-qat aşağıdır. Hesab edirəm ki, o zaman seçilən bütün deputatların pensiya hüquqları təmin olunmalıdır, bu, təkcə Milli Məclisə deyil, Ali Sovetə də şamil olunmalıdır. Baxmayaraq ki, onların içərisində müstəqilliyimizin əleyhinə səs verənlər belə var. Unutmaq olmaz ki, bunlar siyasi anlam daşıyır.

Düşünürəm ki, burada heç bir halda fərqləndirmə olmamalıdır. Pensiya hüququ təminatı hamıya aid olmalıdır. Düşünürəm ki, bununla bağlı Konstitusiya Məhkəməsinə mütləq müraciət lazımdır, məhkəmə buna rəy verməlidir. Bütün bunlar bu məhkəmənin səlahiyyətindədir. Əgər hər hansı bir vətəndaşda pensiya ilə bağlı problem yaranırsa, hüquqi normada suallar doğurarsa, həmin vətəndaş Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Ayrıca məhkəmə qərarını Konstitusiya Məhkəməsi ləğv edə bilməz, yəni hüquqi normalar izah olunmalıdır. Hər bir halda düşünürəm ki, Konstitusiya Məhkəməsinə mütləq müraciət etmək lazımdır, doğrudur, məhkəmələr bəzən  aylarla sürür. Konstitusiya Məhkəməsi izah verməlidir ki, kimə düşür, yaxud düşmür. Belə bir nümunə var. Beynəlxalq hüquq ixtisaslı şəxsləri inzibati orqanlara götürmürdülər, eləcə də hüquq-mühafizə və digər orqanlara. Səbəb kimi də onların hüquqşünas olmadığı vurğulanırdı. Amma Konstitusiya Məhkəməsi buna şərh verdi ki, bu da hüququn bir sahəsidir, qanunda hüquq təhsili sözü olduğuna görə beynəlxalq hüquq ixtisaslı şəxslər də hüquq təhsilli olduqları üçün hüquq ixtisası üzrə işlərdə çalışa bilərlər. Məhz bu baxımdan istiqlalçı və digər sabiq deputatlarla bağlı pensiya hüququ təminatı ilə əlaqədar məhkəməyə müraciət edilə bilər”.

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …