Ana səhifə / Aktual / İstefaya məcbur edilən türk kökənli Boris Conson kimdir?

İstefaya məcbur edilən türk kökənli Boris Conson kimdir?

Ötən gün istefa verən Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri Boris Conson son dövrlərin əsas qəhrəmanlarından sayılırdı.  Onun həyatı ilə bağlı bir çox maraqlı məqamlar mövcuddur. Bunlardan ən əsası britaniyalı dövlət adamının əslinin Osmanlı türkü olması ilə bağlıdır.

Boris Conson 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub.

Onun ata tərəfdən ulu babası türk jurnalisti Əli Kamal bəydir. Əli Kamalın əsli Türkiyənin Çankırı vilayətinin Orta rayonundandır.

İstanbulda və Avropada ali təhsil aldıqdan sonra ictimai həyata atılan Əli Kamal əsasən diplomat və jurnalist fəaliyyəti ilə məşğul olub.

1903-cü ildə yay tətili üçün Londona gedən Əli Kamal burada Vinayfr Bran adlı ingilis xanımla evlənir. Həmin evlilikdən onun Selma adlı qızı, Osman adında oğlu dünyaya gəlir.

Gənc jurnalist xanımı öldükdən sonra İstanbula geri dönür. Əli Kamal bəy burada jurnalistlik fəaliyyəti ilə yanaşı siyasətlə də məşğul olmağa başlayır. Qatı ingilispərəst baxışlara sahib olan Əli Kamal damad Fərid paşanın hökumətində təhsil naziri və daxili işlər naziri postlarını tutub. Sonuncu vəzifəsində Türkiyənin gələcək lideri Mustafa Kamal paşa və yeni yaranan Kuvayi Milliye adı ilə bilinən azadlıq hərəkatına qarşı mövqe alır və onun həbs əmrini verir. Bu dövrlərdə Əli Kamalın ermənilərə simpatiya bəsləməsi xalq arasında ona ikrahla “Artın Kamal” ismi qoyulmasına gətirib çıxarır. Belə ki, Əli Kamal İstanbulda ermənilərlə, əsasən də Mehran adlı dostu ilə oturub-durur, Qarsı ermənilərdən geri alan Mustafa Kamal paşanı qəzetində təhqir edirdi.

Elə onun müxtəlif qəzetlərdə hərəkat liderlərinə qarşı yazılarına görə xüsusi əmrlə Ankara hökumətinin qurduğu “Təşkilati-mahsusa”nın (xüsusi xidmət orqanı) əməkdaşları tərəfindən İstanbulda bir bərbərxanada ələ keçirilir. İzmir bölgə komandanı Saqqallı Nurəddin paşaya təslim edilən Əli Kamal burada gənc zabitlər tərəfindən 1922-ci ilin noyabr ayının 6-da vəhşicəsinə öldürülür.

Atasının ölümündən sonra oğlu Osman Böyük Britaniyaya, qohumlarının yanına qaçır. Sonradan Osmana Wilfred (Vilfrid) adı da verilir və o, nənəsinin Conson soyadını götürür. Vilfrid Conson daha sonra İren Uilyamsla evlənir. Onların Stenli adlı oğlu dünyaya gəlir. Stenli Conson Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının fəal üzvlərindən olur. Onun öz ölkəsini Avropa Parlamentində təmsil etdiyi də bilinməkdədir. Boris Conson həmin Stenli Consonun oğludur.

Boris Johnson, peçe takan kadınları posta kutusuna benzetti - BBC News  Türkçe

 Əli Kamalın İstanbuldakı ikinci evliliyindən dünyaya gələn Zeki Küneralp cümhuriyyət dönəminin tanınmış diplomatlarından olub.

 İsveçrədə təhsil alan Zeki Küneralp İsmət İnönünün dəvəti ilə vətəninə geri dönüb. Daha sonra peşəkar diplomat olan Zeki Küneralp Türkiyənin müxtəlif dönəmlərdə Fransa (1956-1957), İsveçrə (1960-1964), Böyük Britaniya (1964-1966) və İspaniya (1972-1979) səfiri olub. Bir müddət xarici işlər nazirliyinin aparatına da rəhbərlik edib.

 1978-ci ildə Zəki Küneralpın xanımı Necla Küneralp, bacanağı diplomat Bəşir Balçıoğlu və sürücüləri Anronito Torres erməni terror təşkilatı ASALA-nın 3 üzvü tərəfindən açılan atəşlə öldürülür. Yəni ermənipərəst “Artın Kamal”ın gəlini erməni terrorçularının qurbanına çevrilir.

 Zeki Küneralpın oğlu Səlim Küneralp da (1951) peşəkar diplomatdır və yüksək vəzifələrdə yer alıb.

 Maraqlıdır ki, Boris Consonun özü də jurnalist və diplomat fəaliyyətini birləşdirən siyasətçi olub.

Gənc yaşlarından Böyük Britaniyanın prestijli məktəblərində təhsil alan Boris Conson Oksford Universitetinin Balliol kollecinin məzunudur. 1983-1984-cü illərdə onu zadəganların yer aldığı Ballinqdon klubuna üzv edirlər. Burada o, şahzadə Diananın qardaşı Çarlz Spenser, gələcək baş nazir Devid Kameronla tanış olur.

 Boris Conson məslək həyatına 1987-ci ildə “Daily Telegraph” qəzetində başlayır. Bu qəzetdə o, aparıcı siyasi analitik və baş redaktorun müavinliyinə qədər yüksəlir.

 2001-ci ildə Boris Conson Mühafizəkarlar Partiyasından Henli dairəsindən İcmalar Palatasına deputat seçilir. 2004-cü ildə o, müxalifətin kölgə kabinetində mədəniyyət naziri olur.

2007-ci ilin martında Boris Conson London merliyi uğrunda mübarizəyə qatıldığını bəyan edir və 2008-ci ilin mayın1-də keçirilən seçkilərdə qalib gəlir. O, bu vəzifəsini 2012-ci ildə ikinci dəfə qələbə qazanaraq sürdürür. Boris Consonun 2012-ci ildə Londonda keçirilən Yay olimpiadasındakı təşkilatçılıq qabiliyyəti yüksək qiymətləndirilib.

Boris Johnson: The billionaires' useful idiot | Middle East Eye

 2015-ci ilin may ayının 7-də keçirilən seçkilərdə İcmalar Palatasının deputatlığına seçilən Boris Conson mer postunu da qoruyub saxlayır.

Boris Consonun London merliyi dövründə Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün “Breksit” kampaniyasının ən aktiv üzvlərindən birinə çevrilir. Ada dövlətinin Avropa İttifaqı ailəsindən ayrılması, onun fikrincə, Böyük Britaniyaya beynəlxalq arenada daha müstəqil imkanlar bəxş etməli idi. Avropa Birliyində Fransanın, xüsusilə Almanyanın hakim mövqelərə sahib olması Britaniya elitarlarını olduqca narahat edirdi. Tarix boyunca Avropa siyasətinin aparıcı dövləti rolunu oynayan İngiltərə üçün Avropa Birliyində 3-cü sırada yer almaq xüsusilə mühafizəkar dairələrdə də qəzəblə qarşılanırdı. Onlaırn bu mövqeyi Bukinqem sarayı, yəni kraliça II Elizabet tərəfindən dəstəklənirdi. Boris Conson isə həmin dairələrin aparıcı fiqurlarından birinə çevrilməyi bacardı. Həmin dövrdə Avropa Birliyindən çıxmaq üçün deyil, bu məsələyə Britaniya cəmiyyətində mübahisələrə son qoymağa çalışan Devid Kameron üçün referendumun nəticələri əsl şoka çevrilir. Bu sarsıntıdan özünə gəlməyən baş nazir vəzifəsindən istefa verir və onun yerinə Mühafizəkarlar Partiyasında az tanınan Tereza Mey gətirilir. Əslində isə bütün bunlar öncələr kölgədə qalan, “Breksit”dən sonra ulduzu parlayan Boris Consonun zirvəyə yolunu açır.

“Breksit”dən sonra, 2016-cı ilin iyul ayının 13-də Boris Conson baş nazir Tereza Mey tərəfindən xarici işlər naziri vəzifəsinə təyin edilir. Bu vəzifədə o, Böyük Britaniyanın Avropa Birliyindən az zərərlə çıxması üçün rəsmi Brüssellə əsl “savaş” aparır.

Boris Conson 2018-ci il iyulun 9-da hökumət başçısı Tereza Meylə “Breksit” anlaşması ilə bağlı ziddiyyətə düşməsi səbəbindən vəzifəsindən istefa edir. Lakin bu onun hökumət pilləsində yüksəlişini dayandırmır.

2019-cu ilin may ayının 24-də Tereza Meyin Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən getməsindən sonra Boris Conson bu vəzifəyə, yəni həm də baş nazirliyə namizədliyini irəli sürdüyünü açıqlayıb. Onun namizədliyi həmin vaxt ABŞ prezidenti Donald Tramp tərəfindən də dəstəklənib.

Hakim partiya daxilində 2019-cu ilin iyun ayının 13-dən 20-dək keçirilən səsvermənin ilk beş turunda Conson hər dəfə rəqibləri üzərində əhəmiyyətli fərqlə birinci yeri tutub. İyunun 20-də baş tutan beşinci raundun nəticələrinə görə, o, xarici işlər naziri Ceremi Hantla birlikdə sonuncu, altıncı tura çıxıb. Bu səsvermədə Boris Conson 92 min 153 səslə qalib gəlib. İyulun 23-də o, rəsmən Britaniya Mühafizəkarlar Partiyasının yeni lideri, ertəsi gün isə ölkənin baş naziri vəzifəsinə seçilir…

“Yeni Müsavat”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …