Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İsrailin qorxulu röyası: övladını mübarizəsinə qurban verən “Hizbullah” lideri Seyid Həsən Nəsrullah
epa03025677 Hezbollah leader Sayyed Hassan Nasrallah leaves with his bodygards after he delivered his speech in his first public appearance since 2008, during Ashura day in southern Beirut, Lebanon, 06 December 2011. Shiite Muslims are observing the holy month of Muharram the climax of which is the Ashura festival commemorating the martyrdom of Imam Hussein a grandson of the Prophet Mohammed in the Iraqi city of Karbala in the seventh century. EPA/WAEL HAMZEH

İsrailin qorxulu röyası: övladını mübarizəsinə qurban verən “Hizbullah” lideri Seyid Həsən Nəsrullah

Son günlər dünya mətbuatında adı ən çox hallandırılan islamçı liderlərdən biri Seyid Həsən Nəsrullahdır. Livandakı “Hizbullah” partiyasının sədri olan bu adamın isminə, demək olar ki, Yaxın Şərqin bütün coğrafiyalarında baş verən hadisələrdə rast gəlinir: gah Suriyada, gah İraqda, gah Yəməndə baş verənlərlə bağlı önəmli açıqlamalarda bulunur və tökülən qan durmazsa, “Hizbullah”ın hadisələrin mərkəzində yer alacağını açıq mətnlə bildirir, beləcə, davamlı olaraq kimlərisə təhdid edir…

Həsən Nəsrullahın bu emosional açıqlamaları yalnız məzhəb savaşlarının getdiyi bölgələrlə məhdudlaşmır. O, zaman-zaman xüsusən İsrailin bostanına daş atır, yəhudi siyasi iradəsinin təhdidlərinə adekvat cavablar verir. Elə “Hizbullah” liderinin bu yaxınlarda Livana hədə-qorxu gələn rəsmi Təl-Əvivə barmaq silkələyərək onu “özünü ağıllı aparmağa” dəvət etməsini xatırlayaq.

Qeyd edək ki, həmin çıxışında Həsən Nəsrullah deyirdi: “İsrail Livana qarşı təhdidlər yağdırmasın! Bizi yandırıb-yaxacağı, yurd-yuvamızdan didərgin salacağı ilə qorxutmasın! Unutmasın ki, İsrailin heç bir zərər görmədən bölgədə at oynatması 2006-cı ildə qaldı. Əgər siz başladacağınız savaşda 1.5 milyon livanlını didərgin edəcəyinizlə bizə hədə-qorxu gəlirsinizsə, biz də müqavimətimizlə sizi – milyonlarla yəhudini işğal etdiyi torpaqlardan süpürüb atacağımızla hədələyirik! Sanmayın ki, başımız Qalamun, Ərsalda islamdaxili hesablaşmalara qarışıb. İsraillə mübarizəmiz heç bir zaman ikinci planda olmayıb!”.

Ərəb dünyasının qorxulu röyasına çevrilmiş İsrailə qarşı bu qədər kəskin çıxış etməkdən çəkinməyən Nəsrullahın cəsarəti bir çoxlarına təəccüblü görünə bilər. Fəqət onun İsrailə ünvanladığı mesajında 2006-cı il tarixinin xüsusi vurğulanmasının altında yatan məna və bu mənanın söykəndiyi faktları xatırlayanda, “Hizbullah” liderinin boşboğazlıq etmədiyi aydın olur. Onun tam olaraq nə demək istədiyini anlamaq üçün, gəlin, aşağıdakı suallara cavab axtaraq.

Seyid Həsən Nəsrullah kimdir? Onun qurduğu “Hizbullah” təşkilatı öz gücünü haradan alır? 2006-cı ildə nə olmuşdu ki, livanlı lider bunu əlində bayraq edir?

Bir zamanlar İslam dünyasında həm şiələrin, həm sünnülərin adını böyük hörmətlə zikr etdiyi Həsən Nəsrullah 1960-cı ildə kasıb bir ailədə dünyaya göz açıb. Atası kiçik məhəllə dükanında meyvəsatanmış. Zamanını atasına kömək etməklə keçirən balaca Həsənin gələcəyin tanınmış sərkərdəsinə çevrilməsində bu dükanda öyrəndiklərinin az rolu olmayıb. Onun bir dini-siyasi şəxsiyyət kimi qiyabi olaraq tanıdığı ilk adam atasının dükandan şəklini asdığı Musa əs-Sədr idi.

İraq şiələrinin görkəmli alimlərini yetişdirən Sədr ailəsinin bu üzvü o dövrdə xüsusilə Livanda çox populyarıydı. Dini rütbəcə höccətülislam olan Musa əs-Sədr ayətullah Bürucərdinin təmsilçisi kimi, 1959-cu ildə Livana gəlmiş, böyük bir maarifçilik və dirəniş hərəkatının təməllərini atmışdı. Bu, həmin Musa əs-Sədrdir ki, ötən yazılarımızda qeyd etdiyimiz kimi, 1978 ildə Qəddafinin dəvətiylə Liviyaya getmiş və yoxa çıxmışdı. O vaxtdan indiyə qədər, 40 ilə yaxın zaman keçməsinə baxmayaraq, höcətülislamın taleyi əsl müəmmaya çevrilib. Hətta son zamanlara qədər şiə aləmində onun yaşadığına dair əfsanələr dolaşırdı.

Müəmmalı yoxaçıxmadan dolayı bir çox şiə tərəfindən “itmiş imam” adlandırılaraq, az qala, Mehdi əleyhissalama bənzədilən Musa əs-Sədrin xüsusilə Livanı irşad yeri kimi seçməsinin bir sıra səbəbləri var.

İlk səbəb höccətülislamın ata-baba ocağı baxımından Livan əslli olmasıydı. Tərcümeyi-halına baxdığımızda, onun atasının Livandan Nəcəfə köçdüyünü görürük. Təbii ki, öz doğma diyarının acınacaqlı vəziyyəti Musa əs-Sədri xeyli narahat edir və onu öz irşadçı fəaliyyətinə bu torpaqlardan başlamasını şərtləndirirdi.

Musa əs-Sədrin Livanı seçməsinin digər səbəbi buradakı şiələrin başsız qalması, ölkənin olduqca mürəkkəb şəraitində nə edəcəklərini bilməməsi və onları yumruq kimi birləşdirəcək liderə duyduqları ehtiyacla bağlıydı. Soydaşların bu sosial sifarişini müsbət cavablandıran Musa əs-Sədr, bəlkə də, bu səbəblərdən ayətullah Bürucərdinin İtaliyadakı təmsilçisi olmaq təklifindən imtina edərək, eyni missiyanı Livanda sürdürməyə qərar verir. İtaliya kimi rahat bir ölkədənsə Livan kimi problemlərlə çalxalanan torpaqları seçməsi onun irşad üçün gəldiyi bölgədə nüfuzunu birə-beş artırır.

O dövrdə Livan “Yaxın Şərqin Parisi” adlandırılsa da, ölkədəki rifahdan ancaq xristian əhalisi yararlanırdı. Müsəlmanlar, özəlliklə də şiələr isə Livanın ən kasıb əhalisi kimi həyat sürürdülər. İslami yüksəlişin təhsillə ərsəyə gələcəyinə inanan əs-Sədr Livanda təməlini atdığı maarifçilik hərəkatını daha sonra müqavimət hərəkatına çevirəcək və bu proses 1975-ci ildə ölkədə vətəndaş müharibəsi başlandıqdan sonra daha geniş vüsət alacaqdı.

Təxminən, 1990-cı illərə qədər davam edən dünyanın ən qarışıq vətəndaş müharibəsi üzərində çox dayanmadan, yalnızca onu ifadə etmək istərdik ki, bu savaş sırasında tez-tez dəyişilən siyasi situasiyaya uyğun strategiyalar müəyyənləşdirən Musa əs-Sədr şiələrin özünü müdafiə etməsi üçün “Əməl” təşkilatını yaratmış və bu təşkilat canlarını təhlükədə hiss edən əhali tərəndən böyük coşquyla qarşılanmışdı.

Uşaqlıq illəri Livanın bu çətin dövrlərinə təsadüf edən gələcək lider Həsən Nəsrullahın həm din xadimi, həm də döyüşçü kimi yetişməsində yaşadığı mühitin, təbii ki, ciddi təsirləri olmuşdur. 15 yaşında vətəndaş müharibəsinin gətirdiyi zəruri köçkünlük həyatı gələcək sərkərdəni bərkə-boşa salmış, möhkəmləndirmiş və siyasi əqidə sahibinə çevirmişdi. Elmə, təhsilə aşinalığı, oxumaq istəyiylə də “Əməl” yetkililərinin diqqətini öz üzərinə çəkən 16 yaşlı Həsən İraqa oxumağa göndərilir.

Nəcəfdə oxuduğu illərdə livanlı tələbələrin aktivliyindən çəkinən Səddam Hüseyn rejiminin təqibləri nəticəsində təhsilini yarımçıq dayandırıb 1978-ci ildə vətənə qayıdan Həsən Nəsrullah “Əməl” hərəkatına qoşulur və təşkilatın Bəqa vadisi üzrə siyasi rəhbərliyinə təyin olunur. Musa əs-Sədrin yoxa çıxmasıyla parçalanan “Əməl”dən ayrılıb Seyid Əhməd Müsəvinin qurduğu “Hizbullah”a üzv olur. Əsas mübarizəsi İsrailə qarşı yönələn “Hizbullah”ın sabiq lideri İsraillilər tərəfindən öldürülüncə, təşkilatın sədri vəzifəsini yürüdür.

1992-ci ildə başladığı yeni vəzifəsi Həsən Nəsrullahın tezliklə parlamasına səbəb olur. Onun məzhəb münaqişələrindən daha çox islami vəhdət yolunda irəliləməyə çalışması, özünün şiə olmasına baxmayaraq, sünni fələstinlilərlə isti münasibətləri İslam dünyasında böyük rəğbətlə qarşılaşmasıyla nəticələnir.

Bu rəğbətin artmasında 1993 və 1996-cı illərdə İsrailin “Hizbullah”ı yox etmək üçün keçirdiyi hərbi əməliyyatlarda heç bir nəticə əldə etməməsinin də mühüm rolu olub. Amma ona ən çox nüfuz gətirən olay isə 1996-ci ildən sonra baş verən hadisələrdir.

1997-ci ildə iki livanlı döyüşçünü sərhəddə İsrailə raket atarkən öldürdüyünü və meyitlərini ələ keçirdiyini açıqlayan İsrail ordusu onların qana qəltan olunan şəkillərini televiziya ilə nümayiş etdirir. Məhz bu hadisə də Həsən Nəsrullahı bütün ərəb dünyasının ən sevimli qəhrəmanına çevirir.

Nədən ki, meyitləri televiziya ilə göstərilən bu döyüşçülərdən birinin Həsən Nəsrullahın öz doğmaca oğlu Seyid Hadi olduğu üzə çıxır.

hesen nesrullah-2.jpg

Həsən Nəsrullahın müqəddəs bildiyi davadan öz övladını belə əsirgəməməsi o dövrə qədər ərəb dünyasında görünməmiş hadisə sayılırdı. Düzdür, bundan əvvəl Müqtəda əs-Sədrin iki qardaşı Səddam Hüseyn rejimi tərəfindən avtoqəzaya salınaraq qətlə yetirilmişdi. Fəqət Sədr ailəsinin bu itkisi birbaşa döyüş şəraitində baş vermədiyindən və ərəblərin ümumi düşmən hesab etdikləri İsrailə qarşı savaşda yox, daxili mübarizələrdə öldürüldüyündən, böyük əks-sədaya səbəb olmamışdı.

Üstəlik, şiə Nəsrullahın oğlu sünni fələstinliləri dəstəkləmək üçün girdiyi bir döyüşün qurbanı idi. “Hizbullah” liderinin islami vəhdət təbliğatında nə qədərəcədə səmimi olduğunu təsdiqləyən bu ağır itki onun ərəb coğrafiyasında geniş tərəfdar toplaması ilə nəticələnmiş, bütün məzhəb təmsilçilərinin ən sevimli qəhrəmanına çevirmişdi. Hətta iş o yerə çatmışdı ki, o zamana qədər və əslində indi belə, şiələri “kafirdən betər düşmən” kimi görən Səudiyyə kralı Abdullah da Nəsrullaha başsağlığı məktubu göndərmiş, dərdinə şərik çıxmışdı.

Nəsrullahın artan bu nüfuzu süünülü, şiəli bütün ərəb dünyasında İsrailə qarşı döyüşmək istəyən hər kəsin “Hizbullah”a axışmasıyla nəticələnəcək və 2000-ci ildə ona ilk qələbəni gətirəcəkdi.

Həmin il Fələstin Azadlıq Hərəkatının sədri Yasir Ərafatın ABŞ və İsraillə apardığı müzakirələrdə heç bir nəticə əldə etməməsi və açıq etiraf etməsə də, mübarizədən geri çəkilməsi bütün ümidlərin HAMAS və “Hizbullah”a tərəf çevrilməsinə səbəb olmuşdu. Nəsrullahın fəaliyyəti də bu ümidləri doğruldacaq mahiyyətdə idi. O, İsrail qarşısında bir addım belə, geri addım atmır, islam dünyasından aldığı mənəvi güclə döyüşürdü. İranın və Suriyanın verdiyi kiçik həcmli silahlarla qeyri-bərabər döyüşlərdə inadla müqavimət, dirəniş göstərir, təslim olmurdu.

Nəhayət, elə həmin il Nəsrullah İsrailə qarşı apardığı əsəb və iradə savaşında ilk meyvələrini toplamağa başladı. İndiyə qədər ərəblərlə girdiyi bütün döyüşlərdən zəfərlə ayrılan İsrail tarixdə ilk dəfə heç bir imtiyaz əldə etmədən, 2000-ci ildə “Hizbullah” qarşısından səssiz-səmirsiz geri çəkildi. Bu addım ərəb dünyasında haqqın batil üzərində ilk zəfəri kimi qəbul edildi və onlarda assimmetrik müharibədə belə, qələbə çalmağın mümkünlüyü barədə qənaət formalaşdırdı.

Bir çox müşahidəçilərə görə, bütün çatışmazlıqlara baxmayaraq, HAMAS belə, apardığı mübarizədə öz mənəvi gücünü “Hizbullah”ın bu zəfərindən alıb. Göründüyü kimi, Nəsrullah hələ o dövrdə belə, yalnız İsrailə qarşı vuruşmaqla qalmır, həm də ərəb dünyası üçün bir örnəyə çevrilirdi.

Nəsrullahın rəhbərliyi altında mübarizəsini davam etdirən “Hizbullah” 2006-cı ildə İsraillə apardığı mübarizədən də zəfərlə ayrıldığını düşünür. Doğrudan da, 33 gün davam edən bu müharibədə Beyrut darmadağın olunsa da, həmin bombardımanlar “Hizbullah”ın gücünü nəinki zəiflətmədi, əksinə, evi-eşiyi dağıdılan, yaxınları öldürülən insanların mübarizəyə qoşulmasıyla onu daha da möhkəmləndirdi. Nəticədə, atılan hər bombanın “Hizbullah”ın işinə yaradığını görən İsrail tutduğu səhv yoldan geri qayıtmaq məcburiyyətində qaldı. İsrail müharibədən əvvəl Həsən Nəsrullahın irəli sürdüyü bütün şərtlərin, demək olar, hamısını savaşdan sonra yerinə yetirdiyindən, 2006-cı il müharibəsi də “Hizbullah”ın aktivinə yazıldı.

Dövlət sərhədlərində yaranan və getdikcə sıraları genişlənən təhlükəni aradan qaldırmaq üçün İsrail yenidən əvvəlki “parçala, hökm sür” srtategiyasına qayıtdı: nəyin bahasına olursa-olsun, artıq cücərməyə başlayan islam vəhdətini pozmaq, müsəlmanları bir-birinə qırdırmaq, bununla da onlar üzərində öz hegemonluğunu qurmaq. Hazırda Yaxın Şərqi qana bələyən məzhəb müharibələri məhz bunun nəticəsidir. İsrailin dövlət adamları tərəfindən belə etiraf olunan və “Davamlılıq” strategiyası adlandırılan bu siyasətin həyata keçirilməsində isə Nəsrullah və onun rəhbərlik etdiyi “Hizbullah”ın sıradan çıxarılması indi əsas hədəflərdən biri kimi qarşıya qoyulub…

Heydər Oğuz

Strateq.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın