Ana səhifə / Aktual / “İslamda “qara bayram” anlayışı yoxdur” – ilahiyyatçılar

“İslamda “qara bayram” anlayışı yoxdur” – ilahiyyatçılar

İlahiyyatçılar qəbir üstünə xonça aparıb, Novruz sovqatını israf etməyi doğru hesab etmirlər…

Novruz və Ramazan bayramı ərəfəsində qeyd  olunan mərasimlərdən biri də “qara bayram”dır. Yaxınları rəhmətə gedən şəxslər onsuz keçirdikləri ilk bayramı “qara bayram” kimi keçirirlər.

Ramazan bayramında adətən iftar süfrəsi təşkil edilir, ölünün ruhuna ehsan verilir, Quran oxunur. Daha sonra həmin şəxsin məzarı ziyarət edilir. Novruz bayramında isə insanlar müxtəlif Novruz şirniyyatları ilə xonça bəzəyib qəbirüstünə gedir, oraya səməni və xonçanı  qoyurlar. Bununla rəhmətə gedən yaxınlarının ruhunu şad etməyə çalışırlar. Novruz bayramına 10 gün qalsa da,  artıq insanlar “qara bayram”ı qeyd etməyə başlayıblar.

Bəs görəsən, İslamda  “qara bayram” anlayışı varmı? Novruz xonçasını aparıb məzar üstə qoymaq doğru addımdırmı?

“Yeni Müsavat”ın sualını cavablandıran ilahiyyatçı, “Əjdərbəy” məscidinin imamı Hacı İlham Səlimov bildirdi ki, müxtəlif nemətlərdən xonça bəzəyib, onu məzarın üstündə qoyub getmək doğru deyil: “Novruz bayramı İslam dininin bayramı deyil, ancaq dinin sevdiyi bir bayramdır. Çünki bu bayramda olan adət-ənənələr dinimizin adətləri ilə uyğun gəlir. Məsələn, qohumların görüşü, insanların bir-biri ilə ünsiyyət yaratması, küsülülərin barışması və s. bu kimi şeylər dinimizin əsas göstərişlərindən sayılır. Novruz da bu adətlərin üzərində qurulub. Sonradan İslam peyğəmbəri və imamlarımız Novruz bayramının İslama uyğun gəlməsi səbəbindən qəbul ediblər. Qəbir üstə xonça aparıb, oraya şəkərbura, paxlava və sair qoyub gəlmək israfçılıqdır. Din buna icazə vermir. Qurani-Kərimin ”Ənam” surəsində Allahın israf edənləri sevməməsi ilə bağlı ayə var. Ola bilər ki, bu nemətləri qəbiristanlığa aparıb oradakı işçilərə paylasın. Ancaq aparıb qəbrin üstünə qoyub oradan ayrılmaq dinimizə ziddir”.

İlahiyyatçı hesab edir ki, bunun əksinə, Novruz bayramında bir xonça bəzəyib imkansız bir ailəyə aparmaq, o ailədəki yetim uşaqları sevindirmək, yetimlərin könlünü xoş etmək və savabını rəhmətə gedən həmin şəxsə göndərmək olar:“Bu dinimizin ən böyük savab işlərindən sayılır. Novruz elə bir bayramdır ki, bizim imkansız insanları sevindirməyimizə bir vasitə olur. Ancaq bəzi qapı pusmaq, tonqal üstündən tullanmaq kimi adətlər var ki, din bunları qəbul etmir”.

Qara bayram anlayışına gəlincə, ilahiyyatçı bildirdi ki, İslamda qəti şəkildə belə bir anlayış yoxdur: “Bu, sadəcə, el adətidir. Mahiyyəti isə odur ki, ötən il əgər  ailə 5 nəfərlə Novruz bayramını qeyd edibsə və bu il artıq onlardan bir həyatda yoxdursa, o zaman həmin insanlar üçün bu bayram süfrəsi qara olur. Bu, sadəcə, bir adətdir və demək olar ki, başqa xalqlarda da yoxdur”. 

Картинки по запросу Hacı Şahin Həsənli

“Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli isə Modern.az-a açıqlamasında dini baxımdan qəbirlərin ziyarət edilməsini müsbət bir əməl, savab iş kimi qiymətləndirib: “Bayram günlərində ailə üzvləri bir yerə toplaşır, itki daha çox hiss olunur. Hədislərdə də qeyd olunur ki, ölüləri ziyarət edin, axirətinizi yada salın. Eyni zamanda, məhz bayram günlərində qəbirləri ziyarət etmək yaxşı bir haldır. Sadəcə, olaraq qəbirlərin üzərinə səməni, şəkərbura, paxlava qoyulmasının İslamla heç bir əlaqəsi yoxdur. Bu, dini adət-ənənə deyil. Din də bunun əleyhinə çıxır, şəriətdə belə bir hökm yoxdur. İnsanların bir birinə yaxınlaşması, dərdinə şərik olması yaxşı haldır. Lakin İslam dinində ”qara bayram” anlayışı yoxdur”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …