Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / İslahatlar prosesinin növbəti mərhələsində nələr olacaq? – ŞƏRH
Financial accounting stock market graphs analysis

İslahatlar prosesinin növbəti mərhələsində nələr olacaq? – ŞƏRH

Hökumət islahat prosesinin növbəti mərhələsinə  start verəcək. Belə ki, Nyu-York şəhərində keçirilən “2019 Xəzər Biznes Forumu”nda  çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək. Onun sözlərinə görə, ümumilikdə, əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək.

XİN rəhbərinin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcək. Həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının hazırlanmasına başlanılıb”.

Bəs görəsən bu islahatlar paketinin tərkib hissəsi olaraq hansı addımların atılması nəzərdə tutulub? Azərbaycanda əlverişli iş mühiti yaradılması üçün nə kimi dəyişikliklərə ehtiyac var?
Milli Məclisin İqtisadi Siyasət və Sənaye Komitəsinin üzvü Vahid Əhmədov musavat.com-a açıqlamasında bildirdi ki, ümumiyyətlə islahatlar prosesi tamamalanmayıb, hələ islahatların birinci mərhələsidir: “ Strateji Yol Xəritəsində 11 istiqamət göstərilib. Bu islahatlar sona çatdırılmalıdır. Məsələn, bank sistemində islahatlar aparmamışıq. O islahatlar aparılmalıdır, siyasi sahədə islahatlara böyük ehtiyac var. Məhkəmə-hüquq sistemi ilə bağlı cənab prezident sərəncam versə də, biz hələ bu istiqamətdə islahatların şahidi deyilik. Mətbuat sahəsində islahatlara ehtiyac var. Sahələr çoxdur, hamısında islahat aparılmaldıır. Təkcə iqtisadi sahələr nəzərdə tutulmayıb. Paralel olaraq , həm iqtisadiyyatda, həm siyasətdə, həm də humanitar sahələrdə kadr islahatları və institutsional islahatlar getməlidir. Mən Elmar Məmmədyarovun fikri ilə razıyam ki, biz islahatlara hələ təzə başlamışıq, bunlar davam etməlidir. Artıq müəyyən qədər bəhrəsini görmüşük. Sosial sahədə aparılan islahatlar öz bəhrəsini gedir, acaq burada da sona  çatmayıb. Kadr islahatları sona çatdırılmayıb, struktur islahatları da davam etməlidir. Həddindən çox sayda strukturlar var, onlar birləşdirilməli və ya ləğv edilməlidir. Struktur islahatları heç zaman dayanmalıdır. Biz elə bir nöqtəyə gəlib çıxmalıyıq ki, Azərbaycan dövləti normal fəaliyyət göstərə bilsin”. 

Deputatın sözlərinə görə, xarici investorların cəlb edilməsi üçün ilk növbədə mülkiyyət toxunulmazlığı haqqında xüsusi qanun qəbul edilməlidir: “Buna çox böyük ehtiyac var. Əgər insan hər hansı mülkiyyəti özəlləşdiribsə, ona hökumətdən çıxarış alıbsa, ona heç kim toxunmamalıdır. İstər xarici vətəndaş, istərsə də Azərbaycan vətəndaşı fərq etməz, bu hamı üçün eyni olmalıdır. Digər tərəfdən, bank sistemində problemlər var. Xarici banklar Azərbaycanda nəqliyyat sisteminə maraq göstərirlər. Dünya bankı, Asiya İnkişaf Bankı və digərləri Azərbaycana maraq göstərirlər, müəyyən müqavilələr imzalayırlar. Ancaq elə etmək lazımdır ki, xarici investorlardan əlavə, daxildəki investorlar da Azərbaycana investisiya yatırsınlar. Yerli investorlar hesabına kifayət qədər zavodlar, fabriklər , istehsal müəssisələri yaradıla bilər. Burada da problemlər var”.

İqtisadçı ekspert Natiq Cəfərli də qəzetimizə danışarkən qeyd etdi ki, hökumət tərəfdən dəfələrlə islahalatların aparılacağı, başlaması və davam etməsi ilə bağlı bəyanatlar verilsə də, bu islahatlar əməldə olmalıdır: “İslahatların aparılmasının bəlli indiqatorları var, ilk növbədə qanunvericilik bazası olmalıdır, atılan addımların effektivliyi ölçülməlidir. Bu islahatlar gözlə görünə biləcək rəsmi rəqəmlərdə, makroiqtisadi göstərilərdə özünü təsdiq edəcək məlumatlar olmalıdır. Azərbaycan  Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır ki, həqiqətən də beynəlxalq oyun qaydalarını qəbul etdiyini dünyaya bəyan eləsin. Bununla bağlı ölkə qanunvericiliyini də beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Bundan başqa, Azərbaycanda məhkəmə islahatları aparılmalı, ədalətli və azad məhkəmə sisteminin təmin olunması üçün işlər görülməlidir. Bunun üçün hakimiyyətin icra qolundan asılı olmayan məhkəmə sistemi yaradılmalıdır. Bu gün istənilən səviyyəli məhkəmə sədrlərini prezident təyin edirsə, bu artıq məhkəmənin hakimiyyətin icra qolundan asılılığını yaradır. Bu asılılıq aradan qaldırılmalıdır. QHT-lərlə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır. Bu ona görə vacibdir ki, Azərbaycanda sivil toplum quruluşlarının aktivliyi iqtisadi aktivliyə də təsir göstərir. Onların xarici portnyorlarla işləməsi, xarici investorların ölkəyə cəlb edilməsi üçün müəyyən araşdırmaların aparılması , ölkə iqtisadiyyatı haqqında doğru məlumatların toplanması və müzakirəsi üçün sivil toplum quruluşları vacibdir”. 

İqtisadçının sözlərinə görə, islahatların nəticəsi olaraq Azərbaycanın xarici ticarət balansında dəyişiklik olmalıdır: “Uzun illərdir eyni həcmlər aktualdır və xarici ticarətdə enerji həcmləri 90 faizin üzərindədir. Gələn ilin büdcəsinin də neftdən asılılığı bu ilə nisbətən artacaq. Büdcənin neftdən asılılığı birbaşa 65 faiz olacaq. İslahatlar əməli olaraq həyata keçirilməli, qanunvericilikdə dəyişikliklər edilməli, son nəticə makroiqtisadi göstəricilərdə özünü göstərməlidir”.

Həmçinin oxuyun

Nazirdən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı – Açıqlama

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin …