Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “İsgəndər Həmidov ona dedi ki, kollegiyadasan, deputat kimi yox, rəis kimi danış…”

“İsgəndər Həmidov ona dedi ki, kollegiyadasan, deputat kimi yox, rəis kimi danış…”

“DİN-in qəzetində “Polis ya xidməti vəsiqəsini, ya da deputat mandatını təhvil verməlidir…” başlıqlı yazı verdik…” “Hesab edirəm ki, bu gün Azərbaycan polisi bütün siyasi təsirlərdən kənarda dayanmağa çalışır… Və bu, həmişə də belə olmalıdır…” 

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərdən sonra bir sıra seçki dairə və məntəqələrində qanun pozuntularına etirazların olduğu, müxalif qüvvələrin bununla bağlı icazəli, yaxud icazəsiz piket və mitinqlərə hazırlaşdığı  bir vaxtda polis-vətəndaş, polis-xalq, polis-siyasi dairələr münasibətləri yenidən gündəmə gəlir. Ancaq ölkəmizdə elə dönəmlər də olub ki, polis nəinki siyasi proseslərə müdaxilə edib, Daxili İşlər naziri, rayon polis rəisləri və s. vəzifələrini icra etməklə yanaşı, həm də deputat olublar…

Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik  Mehman Mehmanov Moderator.az əməkdaşı ilə söhbətində 1990-cı illərin əvvəllərində Azərbaycandakı polis-deputatlarla bağlı xatırladığı ibrətamiz olaylardan bəhs edib. 
“İsgəndər Həmidov butulkanı necə atdısa, Cahangir Hüseynov başını əyməsə idi, ağır zədə alacaqdı…”
“1990-cı illərdə, müstəqilliyimizin ilk illərində hələ də parlamentdə polis əməkdaşı olmaqla yanaşı, deputat olanlar da vardı. Yadımdadı ki, 1992-ci ildə o vaxtkı Daxili İşlər naziri  İsgəndər Həmidov kollegiyalardan birində,  səhv etmirəmsə, Ağdaşın polis rəisi olan Cahangir Hüseynov fəaliyyəti ilə bağlı tribunadan çıxış edərkən tez-tez “ mən bir millət vəkili kimi, mən bir deputat kimi filan işi gördüm və görəcəm” kimi ifadələr işlətməyə başlayıb. Nazir onun sözünü kəsib  Daxili İşlər Nazirliyinin kollegiyasında olduğunu xatırladıraq  konkret  olaraq xidməti işi barədə polis rəisi kimi danışmasını tələb edib. Lakin həmin Cahangir Hüseynov yenə də çaşaraq “mən bir deputat” kimi kəlməsini işlədib. İsgəndər Həmidovun səbir kasası daşıb və  masadakı su dolu şüşə butulkanı həmin deputat-rəisə tərəf necə atıbsa, şahidlərin dediyinə görə, başını çəkməsə, ağır zədə alacaqmış. Butulka divara dəyərək cilik-cilik olub, bu polis rəisi isə bayıra qaçıb…
Və onu deyim ki, artıq həmin vaxtlar bu cür həm polis, həm deputat olan şəxslərin varlığı cəmiyyətdə, xalqda da müəyyən narazılıqlar yaratmağa başlamışdı… Az-çox savadı, dünyagörüşü olanlar anlayırdı ki, polisin deputat olaraq və ya digər vasitələrlə siyasi məsələlərə qarışması heç də ölkəmiz üçün yaxşı nəticələr verə blməz…
1993-cü ilin ortaları olardı… Vaqif Novruzov DİN rəhbəri, mən isə Nazirliyin orqanı olan “Mübariz keşikdə” qəzetinin baş redaktoru idim.  Bir gün çox qeyrətli və istedadlı əməkdaşlarımızdan olan rəhmətlik Mahir Nəbili belə başlıqlı bir məqalə yazıb gətirdi: “Polis ya xidməti vəsiqəsini, ya da deputat mandatını təhvil verməlidir…” Mən də riskə gedərək həmin yazının qəzetdə dərc olunmasına icazə verdim. Məqalə nazirlikdə, mətbuatda bir sensasiya kimi qarşılandı və bomba kimi partladı… Çünki həmin vaxt Daxili İşlər naziri Vaqif Novruzovun özü eyni zamanda Milli Məclisin üzvü, yəni deputat idi… Aləm bir-birinə dəydi… Dedilər, nazir səni çağırır. Otaqdan çıxanda qəzet əməkdaşlarına söylədim ki, uşaqlar, hazırlaşın, yəqin, nazir məni bu yazıya görə axtarır…  
Nazirin kabunetinə daxil olanda o, əvvəlcə  gözaltı məni bir süzdü. Ancaq az sonra Vaqif müəllim mənimlə xoş hal-əhval tutduqdan sonra soruşdu ki, Mehman müəllim, o yazının başlığı ilə mənə işarə vurmusan.  Cavab verdim ki, cənab nazir, xeyr, bu, konkret olaraq sizə aid deyil və bizim ümumi fikrimizdir.  Belə düşüncədəyik ki, gələcəkdə, ümumiyyətlə, polis siyasətlə məşğul olmaqdan tamamilə uzaq durmalıdır. Nazir cavab verdi ki, siz düz fikirdəsiniz, lakin mənim də deputat mandatımızn da vaxtının müddətinə az qalıb… Məmnunluqla sağollaşıb Vaqif Novruzovun kabinetindən çıxdım. Redaksiya otağına gəldim ki, həm yazının müəllifi Mahir Nəbili özü, həm də məsul katib Ramiz Məhərrəmov mən gələnədək orqandan  xaric olunmaq barədə raportlarını yazıb məni gözləyirlər.  Onlarına təlaşına son qoyaraq dedim, narahat olmayın, cənab nazir də bizim fikrimizi dəstəklədi ki, polis siyasətlə nəşğul olmamalıdır… O vaxt nazir Vaqif Növruzovdan, bəhs etdiyim Cahangir Hüseynovdan savayı,  Naxçıvan DİN rəhbəri də, Cavanşir Babayev adlı bir rəis də və başqaları parlament üzvü idi. Həmin olaydan sonra artıq DİN, polis əməkdaşlarının deputat seçilmək ənənəsinə son qoyuldu…
Hesab edirəm ki, bu gün Azərbaycan polisi bütün siyasi təsirlərdən kənarda qalmağa çalışır. Və daim qanunların aliliyinə əməl etmək üçün səy göstərir. Heç bir siyasi prosesdə, o cümlədən bəzi dairələrin deputat oyunlarında iştirak etmir və  ölkədə xalqın  asayişini, daxili əmin-amanlığı qorumağı özünün vacib və ümdə vəzifəsi sayır. Bu, həmişə də belə olmalıdır…”- deyə təcrübəli DİN əməkdaşı söhbətini yekunlaşdırıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …